Müəssisənin quruluşu

Müəssisəmülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və mənfəət əldə edilməsi məqsədilə məhsul istehsal edən, satan, müvafiq iş və xidmətlər yerinə yetirən hüquqi şəxs olan müstəqil təsərrüfat subyektidir.[1]

Müəssisə termini aşağıdakı üç termini özündə əks etdirir:

  • Maşın və bu kimi istehsal ünsürlərini çalışdırmaq, yəni, onlara iş gördürmək üçün bir vasitədir;
  • Müxtəlif iş və fəaliyyətlərin yerinə yetirildiyi yer, iş yeri;
  • Maddi və fəal elementlərdən (texnika, sərmayəvə işçilər) əmələ gələn bir istehsal vahididir.

Müəssisə anlayışının hər üç tərifində fəal, yəni istehsaledici bir hərəkətdə və fəaliyyətdə olma görünür. Ancaq birinci yalnız texniki, ikinci və üçüncüsü kütləyə (xalqa) və texnikaya aid xüsusiyyətlərə malikdir.

Birinci mənada alət və maşın kimi texniki vasitələrdən istifadə, onlara iş gördürmə anlaşıldığı kimi, bir dükan, mağaza, fabrik və s. kimi də iş yerlərini fəaliyyətdə olub-olmadığı da düşünülür. Müəssisə sözünün bu anlamı dinamik bir xüsusiyyətə malikdir.

İkinci mənada fabrik, büro, dəftərxana, ticarətxana və bu kimi terminlərin ifadə etdiyi işlərin göründüyü kimi yerlər müəyyənləşir ki, bu da, müəssisənin statik bir məna daşıdığını göstərir.

Üçüncü mənada isə elmi hərəkətlərin olduğu yer deyil, bu hərəkətləri görmək üçün müəyyənləşdirilmiş təşkilat başa düşülür.

Müəssisənin quruluşu

[redaktə | mənbəni redaktə et]

Müəssisə — ölkə iqtisadiyyatının ilkin halqası olub, müəyyən mülkiyətə və kollektiv əməyə əsaslanan ictimai tələbatı ödəmək və mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş və xidmətlər göstərən, istehsal-texniki, təşkilati və iqtisadi vəhdətə malik olan hüquqi şəxs statuslu istehsal təsərüfat vahididir.

Müəssisənin quruluşu və onu müəyyən edən amillər

[redaktə | mənbəni redaktə et]

Elmi-texniki tərəqqinin yüksək surəti və geniş ictimai əmək bölgüsü şəraitində sənaye müəssisələrinin inkişaf səviyyəsi, onun istehsal quruluşu, ictimai istehsalın artımının sürətləndirilməsi və iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün son dərəcə mühüm əhəmiyyətə malikdir. Məlumdur ki, müəssisə bir-biri ilə qarşılıqlı surətdə bağlı olan müxtəlif vəsilələrdən: sexlərdən, istehsal sahələrindən, briqadalardan və ayrı-ayrı iş yerlərindən ibarətdir. Müəssisənin quruluşu onun tərkibinə daxil olan vəsilələr arasındakı kəmiyyət nisbətini ifadə edir. Ümumiyyətlə, müəssisənin iki növ quruluşunu: ümumi və istehsal quruluşunu fərqləndirirlər.

Müəssisənin ümumi quruluşu dedikdə – onun tərkibinə daxil olan həm istehsal, həm də qeyri – istehsal sahələri arasındakı kəmiyyət nisbətləri nəzərdə tutulur. Müəssisənin istehsal quruluşu dedikdə isə yalnız istehsal bölmələri arasındakı kəmiyyət nisbəti başa düşülür. Müəssisənin quruluşu onun tabe olduğu yuxarı dövlət orqanı tərəfindən (əgər özəl müəssisədirsə, onda həmin müəssisənin quruluşu təsisçilər tərəfindən), müəssisədaxili bölmələrin (məsələn, sexlərin) quruluşu isə müəssisənin özü tərəfindən müəyyən edilir. Müəssisənin istehsal quruluşu ictimai əmək bölgüsünün, əsas istehsalların diferensiallaşdırılması və ixtisaslaşdırılmasının dərəcəsini əks etdirir. O, istehsal bölmələri arasındakı nisbətlər və qarşılıqlı əlaqələr, sexlər və istehsal sahələri arasında ictimai əmək bölgüsü, müəssisənin məhsul buraxmasında onların rolu haqqında mühakimə yürütməyə imkan verir.

Müəssisənin istehsal quruluşunun və onun dəyişməsinin xarakteristikası üçün aşağıdakı göstəricilərdən istifadə olunur:

  • müəssisənin ümumi məhsul buraxılışı həcmində ayrı-ayrı istehsal bölmələrinin (o cümlədən əsas sexlərin), məhsul buraxılışının xüsusi çəkisi;
  • müəssisədə çalışan işçilərin tərkibində bu və ya digər istehsal bölməsində, o cümlədən əsas sexində çalışan işçilərin payı;
  • müəssisəni əsas istehsal fondlarının ümumi dəyərində ayrı-ayrı istehsal bölmələrinin, o cümlədən əsas sexin əsas istehsal fondlarının xüsusi çəkisi.

Məhsul buraxılışı göstəricisi müəssisənin istehsal quruluşunu daha dəqiq xarakterizə edir. Çünki işçilərin sayının və əsas fondların həcminin artırılması hələ məhsul buraxılışının çoxaldılması demək deyildir. Müəssisənin məhsul buraxma qabiliyyətinin artırılmasında istehsal bölmələrinin həqiqi rolu təkcə mövcud işçilərin sayından və əsas fondların dəyərindən deyil, eyni zamanda onlardan istifadə səviyyəsindən də xeyli dərəcədə asılıdır. Beləliklə, göstəricilər sistemindən istifadə edilməsi müəssisənin istehsal quruluşunda baş verən dəyişiklikləri müxtəlif cəhətlərdən qiymətləndirməyə imkan verir.

Müəssisənin istehsal quruluşunun formalaşması mürəkkəb prosesdir və o, çoxsaylı iqtisadi, təşkilati və texniki amillərin təsiri altında baş verir. Müəssisənin istehsal quruluşuna təsir edən mühüm amillər aşağıdakılardır:

  1. istehsalın həcmi artdıqca müəssisənin tərkibindəki həm əsas istehsal, həm qeyri-istehsal bölmələrin sayı, tərkibi, ölçüsü və onlarda çalışan işçilərin miqdarı da artır ki, bütün bunlar da mürəkkəb istehsal quruluşunun olmasını tələb edir. Məsələn, maşınqayırma zavodlarında istehsalın həcminin artması əlavə hazırlıq, emaletmə və yığma sex və istehsalat sahələrinin yaradılmasını tələb edir;
  2. istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsi dərəcəsi. Məlumdur ki, yüksək ixtisaslaşdırılmış və kooperativləşdirilmiş müəssisələrdə istehsal quruluşu universal müəssisələrdə olduğundan çox sadə olur. Bu onunla izah edilir ki, ixtisaslaşdırılmış müəssisələrdə bir çox hissə və qovşaqlar, həmçinin yarımfabrikatlar və komplektləşdirici məmulatlar kənardan – xüsusi ixtisaslaşdırılmış zavodlardan alındığına görə onların müəssisədə hazırlanmasına ehtiyac qalmır və bu da müəssisənin bölmələrinin sayını azaltmağa imkan verir.
  3. məhsulun nomenklaturu az olduqda müəssisənin istehsal quruluşu sadə, çox olduqda isə mürəkkəb olur. Belə ki, məhsulun nomenklaturu çox olduqda əlavə sex və istehsal sahələrinin yaradılması zərurəti meydana çıxır;
  4. istehlak olunan xammal və materialın növü, çeşidi müəssisənin istehsal quruluşuna dolayı yolla təsir edir. Məsələn, xammal və materialın ölçüsü və forması anbar təsərrüfatının sayına və tərkibinə, nəqliyyat vasitələrinin növlərinə təsir göstərir;
  5. maşın və avadanlıqların sayı, tərkibi və yaşı. Təcrübə göstərir ki, müəssisənin avadanlıq parkında iş maşın və avadanlıqların xüsusi çəkisi artdıqca təmir işlərinin sayının artmasına, deməli müəssisənin ümumi quruluşunun mürəkkəbləşməsinə səbəb olur;
  6. istehsala texniki xidmətin təşkili səviyyəsi yüksək olarsa, yəni istehsala texniki xidmət ixtisaslaşdırılmış müəssisələr, sexlər və briqadalar tərəfindən həyata keçirilərsə, onda müəssisədə köməkçi və xidmətedici sex və təsərrüfatların sayı azalır;
  7. məhsulun xarakteri və onun hazırlanması texnologiyası nə qədər mürəkkəb olarsa və onun hazırlanması çətin olarsa, onda müəssisədə əlavə bölmələrin yaradılması zərurəti yaranır.

Müəssisənin istehsal quruluşu müxtəlif amillərin təsiri altında formalaşır. Odur ki, çalışmaq lazımdır ki, müəssisənin istehsal quruluşu imkan daxilində optimal, səmərəli olsun. Müəssisənin istehsal quruluşu o halda səmərəli və optimal hesab edilir ki, onun bölmələri arasında düzgün mütənasiblik yaradılsın və bu, ən az xərclə daha yüksək son nəticələr əldə edilməsini təmin etsin. İstehsalın son nəticələri – onun səmərəliliyini, ictimai tələblərə və ehtiyatlara uyğun gəlməsini ifadə edir. Adətən, xalq təsərrüfatı, iqtisadi rayon, sahə və müəssisə səviyyələrində istehsalın son nəticələri fərqləndirilir.

Sex və istehsal sahələri, onların növləri, quruluşu, prinsipləri

[redaktə | mənbəni redaktə et]

Müəssisədaxili quruluşunda əsas məhsul istehsaledici bölmə sexdir. Sexin müəssisədə rolu böyükdür, o, əsas istehsal – inzibati vahididir. Adətən, sexdə eynicinsli və təyinatlı məhsullar istehsal edilir və ona görə də bir qayda olaraq, sexlər texnoloji proseslərin vəhdətliyi, ərazi bütövlüyü və ixtisaslaşdırılması ilə xarakterizə olunur. Sənaye müəssisələrində müxtəlif təyinatlı və xarakterli sexlər yaradılır. Məhsulun hazırlanmasındakı iştirakına görə müəssisənin tərkibinə daxil olan sexlər aşağıdakı dörd qrupa bölünürlər:

  1. əsas sexlər – bilavasitə maddi nemətlər istehsalı ilə məşğul olurlar. Odur ki, müəssisənin tərkibində əsas sexlərin xüsusi çəkisi nə qədər çox olarsa, bir o qədər də həmin müəssisənin məhsul buraxma qabiliyyəti yüksək olar. Əsas sexlərə misal olaraq, maşınqayırma zavodlarında hazırlıq, emaletmə və yığma sexlərini; metallurgiya kombinatlarında – domna, marten, prokat və koks sexlərini; toxuculuq fabriklərində – əyirici, toxucu və bəzəkvurma sexlərini göstərmək olar;
  2. köməkçi sexlər – bilavasitə məhsul istehsalı ilə məşğul olmur, lakin onlar əsas sexlərin normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Köməkçi sexlərə misal olaraq, alət, təmir, model və qeyri-standart avadanlıqlar hazırlayan sexləri göstərmək olar;
  3. xidmətedici sexlər – də köməkçi sexlər kimi bilavasitə məhsulun hazırlanmasında iştirak etmir, lakin onlar həm əsas, həm də köməkçi sex və təsərrüfatların normal fəaliyyət göstərmələri üçün bütün zəruri şəraiti yaradırlar. Xidmətedici sex və təsərrüfatlara misal olaraq, nəqliyyat və enerji sexlərini, anbar təsərrüfatını, eksperimental sexləri, su təchizatını və s. göstərmək olar;
  4. əlaltı sexlər – əsas sexlərin istehsal tullantılarından təkrarən istifadə edilməsi məqsədilə yaradılır və onlar müəssisədə hazırlanan məhsulların maya dəyərinin aşağı salınmasında mühüm rol oynayırlar. Belə sex təsərrüfatlara misal olaraq, tara hazırlayan sexləri, karxanaları, işlənmiş yağların regenerasiyası ilə məşğul olan sexləri göstərmək olar.

Elmi-texniki tərəqqinin təsiri altında müəssisə miq-yasında əmək bölgüsü daha da dərinləşir ki, bu da öz əksini sexlərin quruluşunun təkmilləşdirilməsində və onların qurulması prinsiplərində tapır. Əsas istehsalın ixtisaslaşdırılması səviyyəsindən asılı olaraq, müəssisənin sexləri aşağıdakı üç prinsip üzrə qurulur:

Texnoloji prinsip üzrə qurulmuş sexlər

[redaktə | mənbəni redaktə et]

Əsasən, fərdi və kiçik seriyalı istehsal şəraitində geniş tətbiq edilir, çünki bu zaman hazırlanan məhsulların nomenklaturu çox geniş olur və onlar əksər hallarda təkrarlanmır. Texnoloji prinsip üzrə qurulmuş sexlərin bir sıra üstün cəhətləri vardır:

  • istehsalın ixtisaslaşdırılmasının daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaranır;
  • istehsala rəhbərlik və texnoloji proseslərin gedişatına operativ nəzarət asanlaşır (sadələşir);
  • mövcud maşın və avadanlıqlardan, texnoloji alət və tərtibatlardan, həmçinin maddi-enerji və əmək ehtiyatlarından səmərəli istifadə olunur;
  • texnoloji istehsal tullantılarının həcmi minimuma endirilir;
  • boşdayanma halları aradan qaldırılır və s.

Bununla belə, texnoloji prinsip üzrə qurulmuş sexlərin bəzi qüsur cəhətləri də vardır:

  • hər bir sexdə müxtəlif nomenklaturalı və çeşidli məhsullar istehsal edildiyindən maşın və avadanlıqları tez-tez yenidən sazlamaq lazım gəlir ki, bu da çoxlu vaxt itkisinə səbəb olur;
  • sexlərdə maşın və avadanlıqlar məhsulların hazırlanmasının texnoloji ardıcıllığı üzrə yerləşdirildiyindən (quraşdırıldığından) müxtəlif növ məhsullar istehsal edildiyi hallarda əməliyyatların tərkibi və ardıcıllığının dəyişdirilməsi zərurəti meydana çıxır ki, bu da sexdaxili yükdaşımaların həcmini çoxaldır, istehsal tsiklinin uzunluğunu artırır və vaxt itkisinə yol verir. Hər bir sex yalnız özünün icra etdiyi əməliyyata (işə, xidmətə) cavabdeh olduğu üçün həmin sexin işçilərinin məsuliyyətini azaldır və texnoloji intizama riayət edilməsi pozulur və s.

Əşya prinsipi üzrə qurulmuş sexlər

[redaktə | mənbəni redaktə et]

Bu sexlər bütöv bir məmulatın hər hansı bir hissəsini, məsələn, avtomobilin mühərrikini, porşenini və s. hazırlamaq məqsədilə yaradılır. Bu, sexin işçilərinin konkret məmulat növünün hazırlanmasında məsuliyyətini artırır.

Qarışıq prinsip üzrə qurulmuş sexlər

[redaktə | mənbəni redaktə et]

Əsasən, kütləvi və iri seriyalı istehsal şəraitində daha geniş tətbiq edilir, çünki bu zaman çoxlu sayda eynicinsli məhsullar istehsal edilir və onların hazırlanması daima təkrarlanır.

Müəssisənin sexləri ayrı-ayrı istehsalat sahələrindən ibarətdir. İstehsal sahəsi – texnoloji cəhətdən eynicinsli əməliyyatlar (işlər, xidmətlər) yerinə yetirən və ya məhsulun hər hansı bir hissəsini hazırlayan iş yerlərinin məcmusundan ibarətdir.

Məhsulun hazırlanmasında iştirakına görə istehsalat sahələri üç qrupa bölünürlər:

  1. əsas
  2. köməkçi
  3. xidmətedici

Əsas, köməkçi və xidmətedici istehsalat sahələrinin iqtisadi məzmunu əsas, köməkçi və xidmətedici sexlərdə olduğu kimidir. İstehsalat sahələri iki prinsip üzrə qurulur:

  1. əşya prinspipi
  2. texnoloji prinsip

Bu zaman həmin bölmələrin ixtisaslaşdırılması səviyyəsi nəzərə alınır. İxtisaslaşdırılması səviyyəsinə görə bütün istehsalat sahələri üç qrupa bölünür: kütləvi və ya xüsusi istehsalat sahələri; iri seriyalı və ya ixtisaslaşdırılmış istehsalat sahələri; kiçik seriyalı və ya fərdi istehsalat sahələri.

Müəssisənin səmərəli fəaliyyətinin təşkili iş göstəricilərinin düzgün müəyyənləşdirilməsini tələb edir, həmin göstəricilərə əsasən istehsalat bölmələri üçün plan tapşırığı müəyyən edilir və bu göstəricilərin uçotu vasitəsilə onların fəaliyyət nəticələri aşkara çıxarılır. Bu göstəricilər istehsal bölmələrdən (sex, şöbə, sahə, briqada), texnoloji prosesin təşkili və məzmunundan və həmin bölmələrin müəssisənin başqa hissələri ilə əlaqəsinin xüsusiyyətindən asılıdır.

  • Kemal Tosun, İşletme Yönetimi, İşletme İktisadı Enstitüsü, Yay № 120, İstanbul, 1990, s. 5.
  • Məcid Axundov, Müəssisə İqtisadı, Bakı-2002, ss.119.
  • İ. M. Hüseynova, Müəssisənin İqtisadiyyatı, Bakı Biznes Universiteti , Bakı 2013, s. 21–27

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]