Müqəddəs Nina qız gimnaziyası (Bakı)

Gimnaziyanın binası

Müqəddəs Nina qız gimnaziyası — Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi.

1846-cı ildən başlayaraq Rusiyada “Müqəddəs Nina” adı ilə fəaliyyət göstərən qadın xeyriyyə cəmiyyəti aztəminatlı ailələr üçün işlər görürdü. Azərbaycanda isə ilk dəfə 1848-ci ildə Şamaxıda Müqəddəs Nina təhsil müəssisəsi fəaliyyətə başladı. 1859-cu ildə güclü zəlzələ nəticəsində Şamaxı dağıldı və quberniya mərkəzi bütün idarələri ilə birlikdə Bakıya köçürüldü.

1861-ci ilin oktyabrında hərbi qubernator Tarxan Mouravovun təşəbbüsü və himayəsi ilə o dövrün imperator xanımı Mariya Aleksandrovnanın himayəsi altında fəaliyyət göstərən “Müqəddəs Nina” cəmiyyətinin Bakıda ilk dəfə bölməsi açıldı.

1862-ci ildə bu cəmiyyətin nəzdində Bakıda ilk dəfə qızlar üçün təlim-tərbiyə müəssisəsinin (ilk qızlar məktəbi) əsası qoyuldu. Bu müəssisəyə qubernatorun həyat yoldaşı Baronessa rəhbərlik edirdi. O dövrdə məktəb şəhər ətrafında keçmiş Tatarskaya (indiki Topçubaşov) küçəsində, Bakı limanının komandiri K.V.Freyganqın evində, geniş bağ sahəsi olan bir ərazidə yerləşirdi.[1]

1874-cü ildə “Müqəddəs Nina” xeyriyyə cəmiyyətinin nəzdində fəaliyyət göstərən məktəb gimnaziya statusu aldı və Bakı qızlar gimnaziyası kimi fəaliyyətə başladı.

1886-cı ildə “Müqəddəs Nina” qızlar gimnaziyası İçərişəhərin qala divarlarına yaxın yerdə, əvvəllər xırman yeri olmuş bir sahədə məktəb binası üçün tikintinin əsası qoyuldu. 1888-ci il oktyabr ayının 15-dən isə cəmiyyət öz fəaliyyətini, geniş, hündür otaqları olan məktəb binasında davam etdirdi. Bu məktəb binasının tikintisinin başa çatması üçün xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə, eyni zamanda bir neçə Bakı milyonçusu onunla bərabər böyük vəsait sərf etmişdilər.

1888-ci il oktyabrın 8-də Rusiya Çarı III Aleksandr öz ailəsi ilə birlikdə Bakıya, şəhərin mərkəzində duma binası ilə üzbəüz yerləşən “Müqəddəs Nina” qızlar gimnaziyasına gəlir. Gimnaziyanın qızları öz tikdikləri bəzəkli süfrəni III Aleksandra hədiyyə edirlər. Həmin dövrdə gimnaziyada 150 qız təlim-tərbiyə alırdı. Qızlar üçün xüsusilə xarici dillərin tədrisi əsas istiqamət sayılırdı. Burada onlara rus, fransız və alman dilləri öyrədilirdi.[2]

1898-ci ilin Bakı təqvimində Müqəddəs Nina təhsil müəssisəsinin öz binası, akt və istirahət zalları, ev kilsəsi olduğu göstərilir.[3]

1919-cu ildə AXC-nin təhsil və maarif nazirliyinin qərarı ilə Müqəddəs Nina qadın təhsil müəssisəsi Azərbaycan Birinci Milli Qadın Gimnaziyası adlandırılıb. 1919-cu ilin oktyabrından bu binada uşaq bağçası, sonra isə uşaq bağçasına rəhbər hazırlanması kursları fəaliyyət göstərib.

  1. "Тайны Баку: Бакинское женское учебное заведение Св. Нины". Ens.az (rus). 2019-07-20. İstifadə tarixi: 2024-01-20.
  2. "Arxivlənmiş surət". 2016-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  3. Бакинский справочный календарь на 1898 г. Баку-1897

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]