Bakı Şəhər İcra Hakimiyyətinin binası — Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati bina. Bina 1900–1904-cü illərdə memar İosif Qoslavskinin layihəsi əsasında barokko stilində inşa edilmişdir. Bina memar Qoslavskinin son əsəridir. 1904-cü ildə Qoslavskinin ölümündən sonra layihənin tamamlanması işinə əvvəlcə Kazimir Skureviç, daha sonra isə İosif Ploşko rəhbərlik etmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin binası | |
---|---|
40°19′ şm. e. 49°52′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | İstiqlaliyyət küçəsi, 4 |
Aidiyyatı | Bakı Şəhər İcra Hakimiyyəti |
Memar | Yuzef Qoslavski[1] |
Sifarişçi | Bakı Şəhər Duması |
Tikilmə tarixi | 1900 - 1904[2] |
Üslubu | Barokko |
Zəngləri | 1 |
Qüllələri | 1 |
İstinad nöm. | 144 |
Kateqoriya | Bina |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bakı şəhər Dumasının sifarişi ilə inşa edilmiş bina hazırda Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən istifadə edilir. Həmçinin bina, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə ölkə əhəmiyyətli memarlıq abidəsi kimi qeydiyyata alınmışdır.
1864-cü ildə şəhər idarəsi qaydalarının hazırlanmasından sonra, 1866-cı ilin martına kimi həmin qaydalar təkmilləşdirildi. Bundan sonra qanun baxılması üçün Dövlət Dumasına təqdim edildi. 16 iyul 1870-ci ildə Şəhər Nizamnaməsi qəbul edildi.
Yeni qanunun Azərbaycanda tətbiq edilməsi "yerli xüsusiyyətlər"in nəzərə alınması üçün yubadıldı. 1873-cü ildə Bakı şəhərinin əhalisi artıq 86601 nəfərə çatmışdı. 1877-ci ildə Bakıda Dumaya seçkilər başladı. İlk Dumaya 72 nəfər, sonralar 75 nəfər üzv seçilmişdi. 1878-ci ildən Bakı şəhər Duması fəaliyyətə başladı.[3]
Dumaya yaşı 25-dən yuxarı olan, daşınmaz əmlak sahibləri və ya 1500 manatlıq məbləğdə ticarət və sənaye müəssisələrinə malik şəxslər seçilə bilərdilər. Bələdiyyə idarələri icraçı, Duma isə qanunverici orqan hesab edilirdi. Şəhər təsərrüfatının qurulması üçün Duma qərar verir, bələdiyyə idarəsi isə bu qərarı yerinə yetirirdi.
Bakı şəhər Duması 1878-ci ildə fəaliyyətə başladıqdan sonra uzun müddət külli miqdarda icarə haqqı ödəyərək, tamamilə inzibati təyinata cavab verməyən zərgər Aşumovun şəxsi evində yerləşirdi. Aşumovun evinin icarə müddəti bitəndə, 1894-cü ildə şəxsi tikili haqqında məsələ qaldırıldı. Duma Upravaya sahə tapmağı, plan və smetanı hazırlamağı tapşırdı. Bu dövrdə şəhərin mərkəzi məhəllələrinin tikintisi artıq yekunlaşmışdı, mərkəz ərazilərdə hətta şəhər evi üçün belə sahə tapmaq mürəkkəb məsələ idi. 1880–1890-cı illərdə Bakı qalası divarlarının birinci sırasının sökülməsi və şəhərin inzibati-ictimai binalarına sahələr ayırılan Nikolayevski (daha sonra Kommunistiçeskaya, hazırda İstiqlal) küçəsinin nizamlanması Duma binası üçün də yer nişanlamağa imkan verdi. Lakin, bu sahə azad deyildi, orda mühəndislik idarəsinin mağazaları yerləşirdi və onların şəhərə təhvil verilməsi 1899-cu ilə kimi uzandı.[4] Hələ, 1897-ci ildə sahənin ərzaq mağazalarından azad olmasını gözləməyərək, mərkəzi rayonun memarlıq əhəmiyyətinin cavabdehliyinin formalaşmasında böyük rol oynamış şəhər evinin layihəsinin hazırlığına başlanıldı. Nikolayevski küçəsində ictimai və yaşayış təyinatlı əsaslı binaların tikilməsi, bu magistralda şəhər Duma binasının inşası ilə müəyyən edilirdi. Baxmayaraq ki, o dövrün memarlığında konkret stilistik istiqamət yox idi, yenə də Bakı memarları şəhərin tikilməsində estetik tərzdə parlaq səhifələr yazırdılar. Bakı memarlarının memarlıq məsələsinə birtərəfli yanaşmaları şəhər mərkəzində keçmişin qotika, barokko, intibah və s. kimi tarixi üslublarının dirçəlməsinə gətirib çıxardı.[4]
Duma binasının layihəsinin müəllifi, mülki mühəndis İ. Qoslavski (1865–1904) onun inşa etdiyi binaların çoxunda əks olunmuş İtaliya intibahına bağlılığına baxmayaraq, şəhər Duması binası üçün barokko memarlıq motivlərindən ustalıqla istifadə edərək, dəyərli memarlıq əsəri yaratmışdır. 1898-ci ildə İ. Qoslavskinin yaradıcılığında böyük dönüş ili hesab edilir, belə ki, o, eyni zamanda böyük ictimai binaların inşasına sifariş alır: H.Z.Tağıyevin müsəlman Qızlar məktəbi (1898–1901, İstiqlal küç. 8), Bakı şəhər Dumasının binası (1900–1904, İstiqlal küç. 4), Bakı Texniki Cəmiyyətinin binası (1898–1899, Nizami küçəsi 15), Bakı orta-texniki peşə məktəbinin binası (1898–1900, Azadlıq prospekti və Ç. Mustafayev küçəsinin kəsişməsi).[5] 1898-ci ildən 1902-ci ilədək, ölümündən iki il öncə (1904) vərəm xəstəsi olan Qoslavski, xəstəliyinə fikir verməyərək, dayanmadan işləyirdi. Məhz həmin dövrlərdə o, Bakıda Qafqazın ən böyük pravoslav kilsəsi olmuş Aleksandr Nevski kafedralının inşasında iştirak etmiş, həmçinin çoxsaylı digər memarlıq layihələri üzərində çalışmışdır.[6]
Yeni duma binası sanki Bakının əfsanəvi zənginliklər şəhəri olması haqqında yayılmış fikri təsdiqləməli idi.[7]. Memarın daşda ifadə olunan parlaq düşünülmüş memarlıq fikri bu binanı yalnız Bakıda deyil, kapitalizm dövründə Qafqazın sərhədlərini keçərək ən yaxşı tikililərin sırasına qoyur. O zaman Qafqazın əsas qəzeti ola "Qafqaz" qəzeti Qoslavskini "Qafqaz Pensilvaniyasının paytaxtının krezləri üçün saray yaradan bakılı Rastrelli" adlandırırdı.[8] Həqiqi memarlıq əzəməti ilə dolu paytaxt növlü və miqyaslı Bakı şəhər Dumasının binası Qoslavskinin son əsəri olmuşdur.[9] Bu tikintinin meydana gəlməsindən öncə, tez templərlə inkişaf edən şəhərə memari cəhətdən möhtəşəm və maraqlı tikili təqdim etmək üçün böyük memarlıq işləri aparılmışdır.
1898-ci ildə şəhər Dumasının, memarlar İ. Qoslavski, İ. Ploşko, K. Skureviç və A. Eyxler daxil olan tikinti komissiyasının tapşırığı ilə, əvvəlcədən mülki mühəndis K. Skureviç tərəfindən Duma binasının detallı eskiz layihəsi hazırlanmışdır. 18 iyul 1898-ci ildə komissiya Skureviçin eskiz proyektini qiymətləndirdikdən sonra, plan, fasad və smetanın bundan sonrakı hazırlanması işinin İ. Qoslavskiyə tapşırılması qərara alınmışdır. Qoslavskinin Skureviçin ideyasından nə qədər istifadə etdiyini və ya öz həmkarının təklifini tamamilə rədd etdiyini müəyyən etmək üçün arxivdə Skureviçin hazırladığı Dumanın eskizi qalmamışdır.[9] "Memar" jurnalında Skureviçin İ. Qoslavskiyə həsr olunmuş nekroloqundan məlumdur ki, o, bu tikilini çox yüksək qiymətləndirirdi və bununla Qoslavskinin Duma üçün hazırladığı layihənin müstəqil həllini qeyd etmiş olur.[10]
Qoslavski şəhər Dumasının layihə və smetasını hazırlayıb 7 may 1889-cu ildə inşaat komissiyasının iclasında öz işi haqqında məruzə ilə çıxış etdi. Onun hesablamalarına görə, yalnız binanın tikintisinə 183.294 rubl, mexaniki ventilyasiya və buxarla isitmə sisteminə 28.475 rubl, ümumilikdə 230.523 rubl tələb olunurdu. Əvvəlki 100.000 rubl məbləğində tərtib edilmiş smetaya nisbətən tikilinin dəyəri xeyli artmışdı.[9] Qoslavskinin layihəsi əsasında, bina Duma tələb etdiyi kimi ikimərtəbəli, yarızirzəmi mərtəbəli nəzərdə tutulmuşdur. Yarızirzəmi mərtəbədə texniki otaqlar, buxar isitmə sistemi və ventilyasiya, birinci və ikinci mərtəbələrdə Uprava üçün otaqlar və Duma üçün dəftərxana nəzərdə tutulmuşdu.[9] Layihə, binanın gələcəkdə genişlənməsini, yan fligellərin və üçüncü mərtəbənin tikilməsi nəzərə alınaraq hazırlanmışdır. İnşaat komissiyası baxdıqdan sonra şəhər Dumasının layihəsi təsdiqlənmiş və Uprava baş işlərinə hərrac təşkil edərək işi 77.000 rubla təhvil vermişdir. Lakin, Dumanın iclasında, şəhər Dumasının layihəsi müzakirə olunanada qeyd edilmişdir ki, binanın həcminə kitabxana, şəhər lombardı, plis və s. üçün otaqların daxil edilməsi də yaxşı olardı. Dumanın qlasnısı (Qlasnı – inqlabdan əvvəl şəhər Dumasının üzvü) olan H.Z.Tağıyev bu fikri dəstəkləyərək, məsələyə geniş baxmağı təklif edir və "birincisi, belə qiymətli ərazidən daha səmərəli istifadə etmək üçün, ikincisi, şəhər üçün lazım olan bütün tikililəri əldə etmək üçün" binanı birdəfəyə üçmərtəbəli, yan fliqelli layihələşdirməyi təklif edir. Tağıyevin əsaslı dəlilləri Dumanı qane edir və üçüncü mərtəbə, həmçinin yan fliqellərin layihələşdirilməsinə qərar verilir.[9] Dumanın bu qərarı Qoslavskidən binanın memarlıq kompozisiyasına dəyişiklik etməyi və yeni həcmi həlli tapmağı tələb edirdi. Əsas ideyanı və fasadın traktovkasında qəbul edilmiş stilistik istiqaməti saxlayan memar, binanın mərkəzi hissəsini təzə şəkildə ifadə edir. Binanın əsas kompozisiyasına qüllə əlavə edərək şəhər Dumasının memarlıq ifadəliyini zənginləşdirir və öz memarlığının ustalıqlı ifası ilə daha çox nəticə əldə edir. Binanın planlaşdırılmış strukturu planda əvvəl düzbucaqlıdır, yan fliqellərin əlavə olunmasından sonra isə binanın planı П şəkilli forma alır. Prinsipcə, sahənin ərazisi fliqellərin qala divarları ilə qurtarmasına görə bağlı şəkil alır. Şəhər Dumasının daxili planlaşdırılmasında mərkəzi yeri, iki tərəfində otaqlar yerləşmiş koridora aparan baş mərmər pilləkənli vestibül tutur. İki yuxarı mərtəbənin planlaşdırılması, iki cərgə pəncərəsi olan Duma zalı yerləşən mərkəzi hissə istisna olmaqla demək olar ki, birinci mərtəbənin sxemini təkrar edir.[11]
Baxmayaraq ki, bina yan fliqellərlə layihələşdirilmişdir, tikinti işlərinə əsas həcmdən başlanılır, belə iri tikintinin dəyəri şəhər xəzinəsi üçün çox ağır idi. 18 may 1900-cü ildə şəhərin şəxsi xidmətləri üçün inzibati təyinatlı ilk binası, şəhər dumasının təntənəli təməlqoyma mərasimi həyata keçirildi. Binanın tikintisinin yubanmadan, iti templərlə getməsi şəhər müdiriyyəti üçün mühüm əhəmiyyət kəsb edirdi. Tikinti işlərinin gedişi və keyfiyyət prosesini tikinti komissiyası diqqətlə izləyirdi. Şəhər binasının tikintisinə düşməzdən əvvəl, birinci mərtəbənin örtülməsi üçün taxta tirlərinin hazırlanması, ornament işləri üçün tək-tək daşlar, divarların üzlənməsi üçün daşların seçilməsi və s. tikinti komissiyasının iclaslarında müzakirə olunurdu. Xüsusi diqqət fasad divarlarının üzlənməsi üçün seçilən daşın keyfiyyətinə verilirdi, çünki, bu, yalnız möhkəmliyə deyil, ümumi təəssüratı da korlamağa təsir göstərə bilərdi.[11]
İnşaat işlərinin gedişində birinci mərtəbənin inşasının başa çatması ərəfəsində Bakı qubernatoru şəhər başçısından ona baxılıb təsdiqləmək üçün layihənin göndərilməsini tələb edir. O, camaat üçün zalları olan ictimai və inzaibati binaların tikintisinin quberniyanın başçısının təsdiqləməsinin zəruriliyinə istinad edirdi. Duma uzun məktublaşmadan sonra şəhər evinin orijinal çertyojlarını qubernatorluğun dəftərxanasının saxlanacağı tikinti şöbəsinə göndərdi, özlərinə isə çox zaman və vəsait xərcləyərək çertyojların surətlərini çıxartdılar. Eyni zamanda bəzi qlasnıların bəyanatlarına əsasən, Qoslavski zal üçün nəzərdə tutulan binanın xüsusi hissəsindən "xüsusi olaraq Duma iclasları üçün ayrılmış və parlament zalı üslubunda amfitatr şəklində düzəldilmiş"[12] əlavə layihə hazırladı. Bu əlavə tikilinin dəyəri 51.000 rubl təşkil edirdi, bütün tikilinin dəyəri isə 441.174 rubla çatmışdı. Bu zal tikiləsi olsa, baş pilləkənə həyət tərəfdən birləşərək yerləşdiriləcəkdi. İclas zalının belə yerləşdirilməsində, pilləkənin pəncərələri bağlanaraq, birinci mərtəbənin vestibülü və böyük zalın qarşısındakı foye təbii işıqlandırmadan məhrum olurdu, bunu isə uğurlu planlaşdırma həlli kimi qəbul etmək olmazdı. Sonradan bu ideya əhəmiyyətini itirdi və iclas zalının əlavə tikilməsinə bir də qayıdılmadı.[12]
Binanın fasadının baş tərəfində tikintisinin əsas işlərinin və tikinti zibilinin təmizlənməsinin bitməsindən sonra, baş şəhər bağçısı binanın qarşısında "memarlığın gözəlliyinin tamamlanmasına xidmət etmək üçün" bağ salmağı təklif etdi. Duma binasının mərkəzi hissəsinin yanlarından qırmızı xəttindən çıxıldığından azad sahələr alınmışdı və bu sahələrdə binanın həcmi-məkan strukturunda yaşıl memarlıq elementinin mövcud olması üçün həmişəyaşıl bitkilər əkmək qərara alındı. Baş şəhər bağçısı A.V.Vasilyev bağın layihəsini hazırladı və 1904-cü ildə bu layihə həyata keçirildi.
15 yanvar 1904-cü ildə Qoslavskinin ölümündən sonra, binanın tikintisini idarə etmək üçün təyin olunan Skureviç, memarlıq ideyasının tamamilə saxlanması, Uprava və Duma tərəfindən interyerlərin əlavələrlə yüklənməməsi üçün böyük səy göstərdi. Binanın tamamlanmış işlərini qəbul edən tikinti komissiyasının fəaliyyətinin zəifləməsi, görüləcək işlərin dayanmasına gətirdi, komissiyanın qərarı olmadan çalışa bilməyən Skureviç, təkidlə komissiyadan tamamlanmış işlərin təhvil alınmasını tələb edirdi, çünki, şəhər evinin inşasının uğurlu tamamlanması bundan asılı idi.[13]
İosif Ploşkonun rəhbərliyi altında Qoslavskinin layihəsi əsasında Upravanın su kəməri şöbəsi üçün otağı yerləşən yan fliqelin birini tikib qurtarırlar. 1911-ci ilin yayında başlanan tikinti 27 sentyabr 1912-ci ildə tamamlanır və bina təhvil verilir.[14]
Binanın üzlənməsi və şəhərin belə əhəmiyyətli tikilisi üçün istifadə olunan, fasadlara gözəl bədii struktur verən yerli əhəngdaşı son dərəcə yüksək səviyyədə idi. Binanın fasadlarının işlənməsi üçün istifadə edilmiş daşlar Bakıda Atayev qardaşları (ustalar Salman, Aslan, İskəndər, Abuzər, Eyyub) tərəfindən yonulmuş və hazırlanmışdır.[15] Barokko üslubunda tikilən fasadın memarlığına Qoslavski kompozisiyanın bədii elementi kimi üzlük kərpicdən istifadə edərək, çox müvəffəqiyyətlə yuxarı iki mərtəbənin rəng həllini tapmışdır. Həmin dövrdə yeni modern üslublu üzlük materialları tikililərin strukturuna daxil olmağa başlayırdı. Fasadın divarında gözəl üzlük kərpici pəncərə çərçivələrin arasında, əhəngdaşı ilə işləmədə, memarlığın bütövlüyünü pozmadan, maraqlı rəng qamması əmələ gətirmişdir. XIX–XX əsrlərdə memarın yaradıcılığının məhsulu olan şəhər Dumasının binası həcmi-məkani xüsusiyyəti bu üzlük materialının gözəl faktoru sayəsində qazanc əldə etmişdir. Bu üzlük materialı çox bahalı olduğundan və fasadların üzlənməsində işlənən gözəl yerli əhəngdaşı istifadə edildiyindən Bakı tikililərində geniş yayılmamışdır. Lakin, şəhər Duması binasının fasadının memarlığında bu rəng elementi binanın tarixi stili və müasirliyi arasında effektiv hissə təşkil etdi. Qoslavski layihəsində ikinci və üçüncü mərtəbələr üçün üzlük material kimi qırmızı kərpici nəzərdə tutaraq, onu da tikilinin ümumi smetasına daxil etmişdir. Tikinti müvəffəqiyyətlə gedirdi və Qoslavskinin tikinti komissiyasına məruzə etdiyi kimi, tikintini ləngitməmək üçün üzlük kərpic sifariş etmək lazım idi. Şəhər Dumasının tikinti prosesinin tarixi nəzərdən keçirilərkən aydın olur ki, Qoslavski şəhərin baş memarı və binanın layihəsinin müəllifi olmasına baxmayaraq, sərbəst hərəkət etməyə haqqı yox idi, hər məsələnin həllində tikinti komissiyasının sanksiyası lazım idi. Qoslavskinin memarlıq-inşaat bacarığını qiymətləndirən, ümumi iş xatirinə, yeni şəhərin memarlıq səviyyəsinin qaldırılmasında memara həmişə kömək edən komissiya şəhər üçün xüsusi əhəmiyyətə malik bu binanın inşaatının hər mərhələsinə həssaslıqla yanaşırdı. Buna görə üzlük kərpic sifarişi məsələsi ilə bağlı komissiya dərhal qərara aldı: "Linderin Peterburq zavodundan 10.000 rüblük və o qədər də yarım ölüçdə təbii qırmızı rəngdə üzlük kərpic sifariş olunsun".[16]
Fasadın qırmızı kərpiclə üzlənməsi zamanı məlum olur ki, kərpicin üzərində təmizlənməsi mümkün olmayan ağ ərp əmələ gəlir. Qoslavski baş memar kimi tikintinin ümumi rəhbərliyini icra edirdi. Bu zaman çətin vəziyyətə düşən və ərpi necə aradan qaldıracağını bilməyən Qoslavski Sankt-Peterburqda dərc olunan "Mülki mühəndislər cəmiyyətinin xəbərləri" jurnalına müraciət edir. Öz sualında ərpin aradan qaldırılması üçün istifadə etdiyi sulfat turşusu məhlulu bütün fasadın üzlənməsində istifadə olunan əhəng daşına mənfi təsir göstərdiyini izah edən Qoslavski, yazırdı ki, "onu istifadə etmək mümkün deyil, mən isə başqa vasitə bilmirəm."[17] Kərpicin kimyəvi tərkibi, istifadə olunan məhlulun tərkibi kimi məlum olduğundan jurnalda bu məsələni həll edəcək dəqiq məlumat yox idi. Eyni zamanda, "Kərpic üzərində ərp və onun təmizlənməsi" jurnalında bəzi məqalələrlə tanış olmağı tövsiyə etdilər. Memarın bu məsləhətlərdən istifadə etməsi və ya bu ciddi məsələni özünün həll etməsi haqqında məlumat yoxdur.[17]
Binanı önündə qüllənin birbaşa səkinin üstündə tikilməsi Qafqazda mülki hissənin baş komandanına 3 may 1901-ci il tarixində xəbər verən Bakı qubernatoru və şəhər Duması arasında çətinliklər ortaya çıxır. Çünki, planda hər-hansı bir dəyişikliyə yuxarı hakimiyyətin icazəsi tələb olunurdu. Bu yalnız nəzəri qayda idi, təcrübədə isə qırmızı xəttlər həmişə sahə sahibləri tərəfindən pozulurdu. Qoslavskinin layihəsi əsasında səkidə yerləşən qüllə tağların dayaqlarında durduğundan səkinin enini azaldırdı. Qüllənin altında ekipajların qəbulu üçün piyadalara daha çox narahatlıq törədə biləcək apparel tikilmişdi.
Baxmayaraq ki, qüllənin altında apparel və dayaqların arasında 4 arşın (2.85 m) keçid, qüllənin çöl tərəfində isə 1.5 arşın (1.05 m) səki qalırdı, bu da ki, ümumiyyətlə tətbiq edilən normativlərə görə kifayət idi, lakin, yenə də belə həll plan nəzərindən özünü doğrultmurdu. Əgər camaatın hərəkəti üçün yetərincə geniş sahəsi olan apparelləri teatr və ya digər ictimai tikililərin portiklərinin altında quraşdırırdılarsa, burada qüllə altında şəhər evinin memarlıq-planlaşdırma məntiqinə açıqcasına zidd idi. Şəhər Duması Müqəddəs Nina idarəsinin qarşısında sütun üzərində sipər altındakı apparelə istinad edirdisə, eyni zamanda "qeyd edilmiş iki dayaq şəhər Duma-qülləsinin binasına səciyyəli olan özül qismində çıxış etdiyini və bütün tikiliyə əzəmətli görüş verdiyini" qeyd edirdi.[16]
Binanı sahənin içəri hissəsinə, qülləni qırmızı xəttə, yəni 3 sajin (6.4 m) çəkərək şəhər iki dayağa görə 100 sajindən (213.36 m²) artıq qiymətli yer itirirdi ki, bu da məntiqə uyğun deyildi. Eyni zamanda, Duma şəhərin əsas planının pozulmasını tapmırdı, çünki binaların sütun, kolonna, pilyastr və ya çətir kimi səkiyə çıxıntıları planda işarə olunmurdu, onların buraxılıb-buraxılmamasına isə mütləq Dumanın qərarı tələb olunurdu. 16 sajin (34.19 m) hündürlüyündə gözəl memarlıq xüsusiyyətlərinə malik olan dördyaruslu qüllə Bakı qubernatorunun sözlərinə görə "bütün səkini kəsərək küçəni daraldır, onun ümumi görünüşünü pozur və səkidə daimi belə tikilinin olması Nikolayevski küçəsinə olan nəzarəti çətinləşdirir."[12]
Lakin, effektiv qüllənin sahənin içində deyil, məhz səkidə inşası küçənin ümumi görünüşünü pozmadan, çox ifadəli və dinamik kompozisiya yaratmış oldu.[18] Bu məsələnin baxılmasına ayrılan Qafqazın yuxarı müdiriyyəti müvafiq dəyişikliklər etməyə — qüllənin altında ekipaj üçün keçidin olmaması, yalnız piyadaların istifadəsi üçün, səkinin altındakı məkan çıxıntı və aşırımsız qalmaq şərti ilə — qüllənin dayaqlarını səkidə qurmağa icazə verdi. Qüllənin təsdiq edilməsindən sonra binanın qiyməti 400.000 rubla çatmışdı.[12]
1902-ci ilin əvvəlində bina təqribən hazır idi, daxili işlərsiz şəhər evinin tikintisini 1903-cü ilin yanvarına kimi bitirmək üçün dülgərlik və xarratlıq işlərinə və damın örtülməsinə başlanılmışdı. İmperiyanın bir çox şəhərləri arasında onun mövqesinə cavab verən bir neçə mərtəbəli, mərmər pilləkənli, qırmızı kərpic üzlüklü fasadlı, tikinti smetası 400.000 rubl təşkil edən şəhər Dumasının binasına, şəhər vəsaitini, memar isə yaradıcılıq qabiliyyətini əsirgəməmişdi. Artıq 1903-cü ildə Nikolayevski küçəsində effektiv işlənmiş hündür damı ilə, şəhər evinin qülləsinin həcmli və ifadəli silueti seçilirdi. Dam örtüyünün həlli barəsində, niyə belə sima aldığını Bakının keçmiş şəhər başçısı A. Novikov belə ifadə edirdi:
"Şəhərə gəlişimdən sonra, mən bir tikinti komissiyasının iclasında iştirak etdim. Söhbət damdan gedirdi. Smetaya uyğun dəmir olmalı idi. Yadımda deyil – rənglənmiş ya sinklənmiş; komissiyadakı memar bütün damı sinklənmiş etməyi təklif edirdi. Fərq qiymətdə idi. Dediyinə görə cüzi, cəmi bir neçə min rubl fərq edirdi. Mən puların israfçılığına qarşı çıxırdım və yaxşı dəmirin, əgər yaxşı rənglənərsə əsrlərlə qalacağını sübut edirdim. Əfsus! Mən tək qaldım. Sinklənmiş dam edilməsi qərara alındı. Sonra memar fasad tərəfdən xırda hissələrlə pullu olsa daha gözəl görsəndiyini söylədi. Fərq bir neçə yüz manat təşkil edəcəkdir”.[12] |
Şəhər başçısının qəti etirazına baxmayaraq, tikinti komissiyası onun fikri ilə hesablaşmayaraq, memara şəhər evinin ümumi memarlıq görünüşünə daha yaxın olan seçimi eləməyə icazə verdilər. 1902-ci ilin sonlarına kimi, evin tikintisi daxili işlənməsiz tamamlandı, Qoslavski xəstəliyi ilə bağlı məvacibinin saxlanması ilə məzuniyyət istədi. Duma şəhər memarının xidmətlərini nəzərə alaraq, onun xahişini yerinə yetirdi, işinin davamçısı kimi isə Skureviç təyin edildi.[12]
Kompozisiyanın ciddi klassik sxemini saxlayan Qoslavski Duma binasının fasadına simmetrik həll verərək əsas həcmin üfüqi bölünmələrinə qarşı oxu şaquli olaraq qüllə ilə ifadə etmişdir. Binanın həcmi ilə orqanik bağlanan qülləni binanın önündə yerləşdirməsi bütün kompozisiyanı gözəl həcmi həll ilə zənginləşdirdi, eyni zamanda küçənin uzaq məsafələrindən şaqulinin mənimsənilməsini əldə etdi. Qərbi səmtləşmədə binanın güclü plastikliyi, işıq və çıxan səthlərin kölgələrinin oynaması onun həcmi-məkani qabarıqlığını daha da gücləndirir. Həm kompozisiya cəhətdən, həm detalları üfüqi bölünmələrin proporsionallığı, heykəltəraşlıq həddində bütün elementlərin daşla bədii işlənməsi Dumanın gözəl binasının yaranması ilə nəticələndi. Əgər Qoslavski qülləni bilavasitə səkidə qoymasaydı və dinamik səslənmə verməsəydi şəhər Dumasının əsas həcmi memarlığının müsbət xüsusiyyətlərinə baxmayaraq, Nikolayevski (indiki İstiqlal) küçəsinin cərgəli tikintisində lokal hissə kimi qalardı. Qüllə ifadəli silueti, iri formaları, detalların incə və həcmli işlənməsi ilə ümumi kompozisiyaya əsl memarlığı müəyyən edən canlılığı oyatdı.[19]
İ.Qoslavski yerli təfəkkürü, bakılı milyonçuların və neft baronlarının şəhər məhəllələrinin tikintisində iştirakını incəliklə hiss edirdi, öz əsərlərinin yaradıcısı və həqiqi yaşayış memarlığının təbliğatçısı idi. Memar İ. Qoslavski öz layihələrini hazırlayarkən şəhər tikililəri üçün memarlıq gözlənilməzliyi pozisiyasından çıxış edirdi. Bakılı memarların işlərinə, kompozisiya üsullarına, proporsional bölmələrə, həcmli kütlələrin traktovkasına, element və detalların çəkilməsinə, memarlıq formalarına diqqət yetirir və öz nəticələrini çıxarırdı.[20]
Dumanın üçmərtəbəli binası, barokko motivlərindən orijinal interpretasiyada istifadəsi ilə, kompozisiyanın klassik üsullarının cizgiləri ilə şəhərin tarixi mərkəzində hakim tutur. Memar, əsas oxu qüllə ilə ifadə edərək onu əsas həcmin üfüqi bölünmələri ilə tutuşdurmuşdur. Baş fasadın mərkəzində qülləni qoyaraq, onu orqanik olaraq əsas həcmlə birləşdirmişdir və bütün kompozisiyaya, o dövrdə mərkəzi şəhər magistralı — Nikolayevski küçəsinə çatışmayan bədiilik cizgiləri vermişdir. Aydın çəkilmiş fasadlar həm ümumilikdə, həm də ayrı-ayrı detallarda, bölünmələrin proporsionallığı, daş detalların heykəltəraşlığı Duma binasının ifadəli fasadının yaranmasına səbəb olmuşdur. Qoslavski fasadın memarlığına iki yuxarı mərtəbəsinin rəng həllini kompozisiyanın üzlük materialı elementi ilə uğurla həll etmişdir. Gözəl üzlük kərpici fasadın üzərində, əhəngdaşı ilə işlənmiş pəncərə çərçivələrinin arasında, memarlığın vahidliyini pozmadan maraqlı rəng qamması təşkil etmişdir.[21]
Fasadın mərkəzini Bakı şəhərinin gerbi bəzəyir. Bugünədək qorunub saxlanılan gerbin ortasında mavi dalğaların üstündə Azərbaycanı odlar yurdu kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub[22].
Mərkəzi çıxıntının qabartması | |||
---|---|---|---|
Pəncərə portiklərinin qabartmaları | |||
İnteryerlərin memarlığı məkani-həlli ciddilik və ağırlıqla qurulub. Öz stilistik sistemini əks etdirən binanın fasadında olduğu kimi, memarın gözəl xətti eklektikasız daxili məkanda da hiss olunur. Vüsətlə tikilən Dumanın binasının interyerləri həmin prinsiplə, lakin, təvazölü formada ifadə olunub. Eyni zamanda order sisteminin pilyastr və profilləşdirilmiş yarımdairəvi tağların aralıqları vasitəsiylə ifadə olunan memarlıq kompozisiyasındakı incə plastika, klassikanın incə lirikası mövcud olan birinci mərtəbənin geniş dəhlizinə orijinallıq verir.[21]
Korinf orderinin pilyastrlarının ritmi, aralıqların haşiyələrinin işlənməsi və karnizin üfüqi bölünməsi İ.V.Qoslavskinin yaradıcı xəttini açıqlayır. O, binaların interyerlərinə, xüsusilə bir qədər qapalı səciyyəyə malik olan mərkəzi pilləkən qəfəsində, yarımdairəvi tağları aparıcı kompozisiya elementi kimi daxil edir. Yan marşlar bütöv divarlarla, aralıq meydançasında iri rustovka ilə, ikinci mərtəbənin səviyyəsində isə korinf pilyastrları ilə dövrələnib. Marşların yanında sürahinin əvəzinə pillə səciyyəli qabarıq işlənmiş klassik elementlərlə iri mərmər blokları təqdim olunub. Sürahilərin bu kimi forması ciddi görsənir, lakin öz funksiyalarını aydın surətdə ifa edərək, pyedestalda qırmızı rəngli mərmər sütunlarla tamamlanır. Sütunlar arasında orijinal naxışlı sürahilər qoyulub. Üç marşlı pilləkən qəfəsində uğurlu kompozisiya üsulu fəal effektiv rol oynamışdır.[23]
Pilləkənin interyerində müəllif inzibati binanın təntənəli üsullarına cavab verən memarlıq forma və elementləri ilə ağır traktovkasını göstərmişdir. İkinci mərtəbədəki pilləkən marşları təntənəli ifadə olunmuş, iki tərəfdən işıqlanan iclas zalı olan geniş avanzala baxır.[21]
Baxmayaraq ki, Duma tikinti prosesində ortaya çıxan istər texniki səciyyəli əlavə xərclərə vəsait ayırırdı, evin interyerinin işlənməsi işi ləng gedirdi. Binanın layihəsinin müəllifi Qoslavskinin ölümü də tamamlanma işlərinin tempinin azalmasına təsir göstərmişdi. İşin gedişinin sürətləndirilməsi üçün, interyerlərin işlənməsi prosesində tikntiya cavabdeh memarın dəyişdirilməsinə qərar verildi. Bu kürsüdə Skureviçi sonradan İsmailiyyə sarayının memarı kimi məşhurlaşacaq İosif Ploşko əvəz etdi. Bu memarların hər ikisi Qoslavskinin planından kənara çıxmamaq və ya dəyişiklik etməmək üçün böyük takta malik idilər. Bununla belə, bu memarların hər biri individual yaradıcılıq xəttinə malik idilər, binanın tikinti prosesinə özləri bildiyi kimi baxırdılar və bu da binanın daxili fəzasında və tikilinin tamamlanıb qurtarmasına təsir göstərirdi.[14]
Memarlıq üsul və formaları İ.Qoslavskiyə məxsus olan parlaqlıq və istedadla istifadə edildikdə, zalın geniş sahəsi vizual olaraq dolğun həcmi-məkani kompozisiya alır. O, ilk dəfə Duma iclas zalında interyerin tərtibatında klassik order sistemindən tam həcmdə istifadə etmişdir.[17] Divarların kürsülərini oxlar üzrə üç seksiyaya bölərək, onların imkanlarının memarlıq formalarının gözəl strukturunu ikinci yarusda inkişafına şərait yaratmışdır. Mərkəzi oxlar künclərdə yumru kəsikli korinf sütunları-yarımsütunlarla bərkidilib. Yan seksiya oxlarında incə profilləşdirilmiş və zərif dekor edilmiş ağır qapı haşiyələri yerləşmişdir. Şəhərin mərkəzi magistralına (İstiqlaliyyət küçəsi) tərəf olan divarında yarımdairəvi pəncərə çərçivələri, aralıqlarında korinf orderinin pilyastrları istifadə edilibdir.
Zalın interyerinin ikinci yarusu, birincisinin davamı olaraq perimetr boyunca başqa interpretasiyada, sakit üfüqi və şaquli bölünmələrdə, yeni memarlıq üsullarında göz qabağına gəlir. Tağların yarımdairəvi formaları, plafonu daşıyan konstruktiv çatma tağlar istifadə olunub. Yuxarı yarus gözəl işlənmiş formaların plastikliyi ilə bərabər, memarlıq kütlələrinin əks üsullarında, incə dekorativ elementlərdən qurulan dinamik itimövzulu elementləri nümayiş edir. Zalın plafonu, iclas zalının interyerin ümumi memarlığını tamamlayaraq, zərif yapma işi ilə işlənib.[23]
Binanın interyerində istifadə olunacaq incə yapma işləri böyük ustalıq tələb edirdi. Bunun üçün müsabiqə elan edilmiş, üç şirkətin işləri təqdim olunmuş, onların arasından fransız təbəəsi Franzinin usta Pojiltsov tərəfindən inşa edilmiş firmanın "rəsm düzgünlüyü və zərifliyi ilə tələblərə cavab verdiyi" elan edilmişdir. Rəngsazlıq işləri "Florensia" şirkətinə həvalə edilmişdi. Bu şirkət Dumanın otaqlarında tavanın yapışqanlı boya və divar panellərinin yağlı boyanmasından ibarət olan rəngsazlıq işlərini görmüşdür.[17]
Mərkəzi küçədə Duma binasının tikintisi, küçədə müxtəlif tarixi stillərdə ifa olunmuş, memarlığın yüksək keyfiyyəti ilə fərqlənən iri və monumental binaların tikilməsinə mühüm amil oldu. Franzinin firması tərəfindən 17.825 rublluq yapma işləri görülmüşdür. Şirkətdən "rasional və rənglənmənin davamlığı və gözəlliyini təmin edən metodlar"dan istifadə etmək tələb olunurdu, bu da şəhərdə öz işləri ilə məşhur olan şirkət tərəfindən uğurla həyata keçirilmişdir.[17]
Binanın memarlıq-planlaşdırma mərkəzi olan baş giriş, vestibül və iclas zalının işlənməsi 1906-cı ilin iyununda hələ bitməmişdi. 1906-cı ilin avqustunda camaat üçün nəzərdə tutulan eyvanlı iclas zalı tamamilə işlənib qurtarmış, yalnız mebel təminatı qalmışdı. Zalı 2000 rubl dəyərində, pəncərə və qapının güzgülü şüşələri və hər biri 1000 rubl olan çilçıraqlar bəzəyirdi.[17]
İclas zalının müsbət memarlıq keyfiyyətinə baxmayaraq, istismar zamanı akustikanın zəif olması məlum oldu. Qoslavski xəstə olduğundan, zalın bu cür təyinatlı məkanlar üçün mühüm olan akustikasını həll edə bilməmişdi.[14] İclas zalının akustikasının yaxşılaşdırılması məsələsi ortaya çıxanda, bununla 1911-ci ildə Mayılov qardaşlarının sifarişi ilə möhtəşəm akustikalı teatr tikən mülki mühəndis Nikolay Bayevin məşğul olması qərara alındı. Onun təklifi ilə zalda tavanın altında, sahəsi bir neçə onluq sajin olan iki dartılmış parça asıldı. Lakin, bu üsul işə yaramamaqla bərabər, həm də zalın görkəmini pozur.[14]
Bayev anlayanda ki, bu vəziyyətdən çıxış yolu deyil, zalın akustikasını yaxşılaşdırmaq üçün tapdığı yeni varianta əsasən, Sankt-Peterburq konservatoriyasının konsert zalında edildiyi kimi, zalın bütün divarlarını mantar ilə örtüb, kişlə bağlamaq və rəngləməyi təklif edir. Tezliklə zaldan kətan örtükləri, döşəmənin xalçalarını və pəncərələrin ağır pərdələrini çıxarırlar, lakin, maliyyə çatışmazlığı üzündən Bayevin layihəsi həyata keçirilmir.[14]
Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısındakı ağacların çoxu yapon eriobotriyasıdır[24].