Müqəddəs Pantaleon

Müqəddəs Pantaleon (yun. Παντελεήμων, rus. Пантелеи́мон), Qərbdə son orta əsrlərin On Dörd Müqəddəs Köməkçidən, Şərqdə isə Müqəddəs Tamahsız Şəfaçılardan biri hesab olunan müqəddəs.

Müqəddəs Pantaleon (Panteleymon)
q.yun. Παντελεήμων
Rütbə Böyük Şəhid və Tamahsız Şəfaçı
Doğum tarixi ~275 və ya 284
Doğum yeri Nikomediya, Vifiniya
Vəfat tarixi
Vəfat yeri Nikomediya
Qeyd edilir Anqlikan Kilsəsi
Şərqi Ortodoks Kilsəsi
Antixalkidon kilsələri
Roma-Katolik kilsəsi
Əsas məbədi İordaniya səhrasındakı Pantaleon monastırı
6-cı əsrdə imperator Yustinian tərəfindən tikilmiş Pantaleon kilsəsi, Konstantinopol
Xatirə günü 27 iyul
Himayədar Həkimlər, apteklər, mamalar, mal-qara, lotereya, lotereya qalibləri və qələbələri, lotereya biletləri; baş ağrısı, istehlak, çəyirtkə, cadu, qəza və təklik; ağlayan uşaqlar
Rəmzləri Uzun saplı spatula və ya qaşıq, bölməli dərman qutusu; şəhid xaçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ənənəvi olaraq təxminən 275-ci ildə və ya 284-cü ildə[1] Vifiniyanın Nikomediya şəhərində doğulduğu qəbul olunur. Martiroloji (şəhid tərcümeyi-halları) ənənəyə görə, Pantaleon varlı bir bütpərəst olan Nikomediyalı Eustorgiusun oğlu idi. Xristianlığı anası Müqəddəs Evvuladan öyrənmişdi; lakin 303-cü ildə onun ölümündən sonra o, tanınmış həkim Evfrosinosdan tibb təhsili alaraq xristian kilsəsindən uzaqlaşır və Evfrosinosun köməyi ilə imperator Qaleriusun şəxsi həkimliyinə qədər yüksəlir.[2] Sonradan imperator Maksimianın da həkimi olmuşdu.[3] Lakin sonradan Müqəddəs Yermolayın təbliği ilə xristianlığa qayıtmışdı.

Əfsanəyə görə Pantaleon, İsanın adını çəkərək bir kor adamı möcüzəvi şəkildə sağaltmaqla, ölümündən sonra böyük bir sərvətə sahib olan atasını xristianlığa çevirdi. Atası da öz növbəsində qullarını azad etdi və var-dövlətini yoxsullar arasında bölüşdürərək Nikomediyada böyük nüfuz qazandı. Paxıl həmkarları xristianlığa qarşı Diokletian təqibləri zamanı onu imperatora şikayət etdilər. İmperator isə onu dindən dönməyə razı salmağa çalışdı. Lakin əfsanəyə Pantaleon öz imanını açıq şəkildə etiraf edir və bir iflici İsanın Məsihliyinə sübut kimi sağaldır. İmperator isə bunun möcüzə yox, illüziya olduğunu deyərək Pantaleonu ölümə məhkum edir.[4]

Rəvayətə görə, Pantaleonun əti əvvəlcə məşəllərlə yandırılsa da İsa Pantaleonu gücləndirmək və sağaltmaq üçün Yermolayın qiyafəsində gəlir, məşəllər söndürülür. Daha sonra imperatorun cəlladları ərimiş qurğuşun vannası hazırlayır; amma İsa bir daha zühur edərək onunla birlikdə qazana girəndə alov sönür və qurğuşun soyuyur. Pantaleon bu dəfə böyük bir daşla yüklənmiş dənizə atılır amma yenə sağ qalaraq üzür. O, vəhşi heyvanların yanına atılır, lakin bu heyvanlar onun üstünə gəlirlər və Pantaleon onlara xeyir-dua verənə qədər onları oradan qovmaq mümkün olmur. O, təkərin üstünə bağlanır, amma kəndirlər qopur və təkər qırılır. Onun başını kəsməyə cəhd edirlər, lakin qılınc əyilir və nəhayət Pantealeonu öldürə bilməyən cəlladlar xristianlığı qəbul edirlər.[4]

Pantaleon onları bağışlaması üçün Allaha yalvarır, buna görə də o, Panteleimon (yun. Παντελεήμων - Hamıya mərhəmətli) adını alır. Nəhayət o özü başının kəsilməsinə razı olur və ondan qanla yanaşı süd kimi ağ maye çıxır. Pantaleon adlı bir şəhidin mövcud olduğuna dair sübutlar olsa da, bəziləri onun həyat və ölüm hekayələrini sırf əfsanəvi hesab edirlər.[2]

Müqəddəs kimi qəbul edilməsi

[redaktə | mənbəni redaktə et]

Erkən ənənə

[redaktə | mənbəni redaktə et]

Möcüzəvi xüsusiyyətlərdən bəhs edən martirologiyalar Katolik Ensiklopediyasına görə gec tarixə malikdir və "dəyərsizdir".[4] Bununla belə, onun şəhid olması faktının özü, 5-ci əsrdə Feodoritin xütbələrində[5], Prokoponin yazılarında (müəllif I Yustinianın Nikomediyada Pantaleon kilsəsi tikdirdiyini qeyd edir[6]), eləcə də 4-cü əsrə aid Martyrologium Hieronymianum kitabında qeyd edilir[7].

Şərq ənənəsi

[redaktə | mənbəni redaktə et]

Pantaleonla bağlı Şərq ənənəsi az-çox orta əsr Qərb hagioqrafiyasına uyğundur. Müqəddəs ənənəvi olaraq buruq saçlı, saqqalsız bir gənc kimi təsvir edilir. Çoxsaylı kilsələr, ziyarətgahlar və monastırlar onun adı ilə adlandırılmışdır; Qərbdə ən çox Müqəddəs Pantaleon, Şərqdə isə Müqəddəs Panteleimon kimi tanınır. Afon dağındakı Müqəddəs Panteleimon monastırı, Kritdəki Aya Panteleimon monastırı, Şimali Kiprdəki Çamlıbel qəsəbəsindəki Müqəddəs Panteleimon monastırı və Şimali Makedoniyanın Qorno Nerezi şəhərində 12-ci əsrə aid Müqəddəs Panteleimon kilsəsi bunlara nümunə gətirə bilər.

Qafqaz Albaniyası ənənəsi

[redaktə | mənbəni redaktə et]

Movses KalankatlıyaMxitar Qoşa əsasən Müqəddəs Pantaleon Qafqaz Albaniyasında xüsusi tanınırdı. Alban salnaməsində göstərilir ki, Katolikos Lazar Beqamej adlanan bir yerdə (Kirakos Qandzaketsinin məlumatına görə, BərdəBeyləqanın arasında, müasir Ağcabədidə[8]) Ğazarabadı və Müqəddəs Pantaleon kilsəsini tikdirmişdir.[9] Müqəddəs Qriqoris özü ilə Müqəddəs Pantaleonun qalıqlarını Albaniyaya gətirmişdi.[10] Ənənəyə görə Albaniya hökmdarı III Mömin Vaçaqan həmin qalıqları Amaras monastırında basdırmış, oğlunun adını da müqəddəsə ithafən Pantaleon qoymuşdur.[11] Ermənilər indi də hesab edirlər ki, Amaras monastırında Müqəddəs Pantaleonun qalıqları var.

Qərb ənənəsi

[redaktə | mənbəni redaktə et]

Qərbi Avropada XIV əsrin ortalarında Qara Ölümdən sonra, həkimlərin və mamaların himayədarı olaraq, o, on dörd himayədar şəhiddən biri kimi On Dörd Müqəddəs Köməkçilərin arasına qəbul edildi. Bu ənənəyə görə müqəddəsin qalıqları Parisdəki Sen-Deni bazilikasındadır; onun başı isə Lion şəhərində saxlanılır. Fransa, İtaliya, Portuqaliya və Almaniyada Pantaleona həsr edilən kilsələr mövcuddur.

  1. "St. Euboula, the Mother of St. Panteleimon". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  2. 1 2 Butler, Alban. Butler's Lives of the Saints. Continuum International Publishing Group. 2000. səh. 217. ISBN 9780860122562. 2020-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  3. Liguori, Alphonsus. SS. Hermolaus, Priest; and Pantaleon, Physician // Victories of the Martyrs. London: Benziger Brothers. 1888. 308–311.
  4. 1 2 3 Löffler, Klemens. St. Pantaleon // Katolik Ensiklopediyası. 11. Robert Appleton Company. 1911. 2021-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 İyul 2010.
  5. Graecarum affectionum curatio, Sermo VIII, "De martyribus", Jak Paul Migne, Patrologia Graeca, cild LXXXIII, səh 1033
  6. De aedificiis Justiniani (I, ix; V, ix)
  7. Bollandist, Acta Sanctorum, Noyabr, II, 1, 97
  8. Kirakos Qandzaketsi - Ermənilərin tarixi, fəsil 10 Arxivləşdirilib 2019-09-17 at the Wayback Machine (tərcüməçi Roberd Bedrosian)
  9. Mxitar Qoş - Alban xronikası Arxivləşdirilib 2021-01-06 at the Wayback Machine (tərcüməçi Robert Bedrosian)
  10. Nikonorov, Andrei. "ГРИГОРИС АЛБАНСКИЙ" [Albaniyalı Qriqoris]. Pravoslav Ensiklopediyası (rus). 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-15.
  11. Moisey Kalankatuklu, "Albaniya tarixi", Mxitar Qoş, "Alban salnaməsi"; (Tərcüməçi: Ziya Bünyadov), Bakı, Avrasiya Press, 2006, səh. 63-64