Feodorit

Feodorit (təq. 393[1], Antioxiya457 və ya ən tezi 458ən geci 466[2]) — Erkən dövr xristian dini ilahiyyatçısı və din xadimi.

Feodorit
Doğum tarixi təq. 393[1]
Doğum yeri
Vəfat tarixi 457 və ya ən tezi 458ən geci 466[2]
Fəaliyyəti keşiş, kilsə tarixçisi[d], tarixçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məşhur xristian ilahiyyatçısı Feodorit təxminən 386 və yaxud 393-cü ildə Antioxiya (indiki Antakya) şəhərində doğulmuşdur. Onun həyatının ilk illəri haqqında çox az məlumat vardır. Əldə olan məlumatlarda, varlı ailədə dünyaya gəldiyi, anasının dindar qadın olduğu bildirilmişdir. Doğma şəhərində öz dövrünə görə yaxşı təhsil aldıqdan sonra, kilsəyə qatılmış, dyakon vəzifəsinədək yüksəlmişdir. Tarixçilər onun hələ bu dövrdən tərki-dünyalığa meyl göstərdiyini bildirirdilər.

Dini fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

423-cü ildə Antakyanın yaxınlığındakı kiçik Kir şəhərində İsidorun yerinə yepiskop olmuşdur. Bu şəhərdəki ilk illəri çətin keçmişdir, belə ki, şəhər əhalisinin xeyli hissəsi qeyri-xristianlardan (yəhudibütpərəstlərdən) ibarət idi. Əhali arasında onun nüfuzu xeyriyyəçəliyinə görə yüksək idi, çünki, o hələ Antakyada yaşayarkən, əmlakının mühüm hissəsini fəqirlərə vermişdi, Kirə gəldikdən sonra isə qalan bütün əmlakını şəhərin abadlaşdırılmasına sərf etmişdir. Feodorit bu şəhərdə körpü, forum, kilsə inşa etdirmişdir. O, öz dostuna yazırdı:

"Mənim heç nəyim yoxdur, nə evim, nə məzarım. Üstümdəki paltar mənim yeganə mülkiyyətimdir".

O şəhərdəki bidətçi hərəkatları rəsmi kilsə ilə uzlaşdırmaq üçün xeyli əmək sərf etmişdir. Həmçinin, bütün şəhər əhalisi arasında hörmət qazanmış, nəticədə də, rəsmi kilsənin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.

Dini mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Bu dövrdə həm də İsgəndəriyyəli Kirill ilə patriarx Nestori arasında dini mövzuda mübarizə gedirdi. Mübarizənin əsas səbəbi İsa Məsihin ilahi, yoxsa, insani simaya malik olması haqqında idi. 431-ci ildə baş tutmuş Efes Kilsə Məclisi bölünmə ilə nəticələndi. Kirillin və Nestorinin tərəfdarları ayrı-ayrı kilsə təşkil etmişdilər. Feodorit əvvəlcə Nestorinin yanında idi və onun görüşlərini qəbul edirdi. Lakin 433-cü ildə hər iki qrup Nestorini təkzib edən bildiriş yayınlayaraq birləşdiklərini elan etdilər. Bu bildirişin müəllifi Feodorit olmuşdur.

Daha sonra isə Konstantinopol arximandriti Evtixi öz dini görüşlərini ortaya sürmüş, bu görüşlərin tərəfdarları və əleyhdarları öz aralarında ciddi mübarizəyə başlamışdılar. Kirlli İsgəndəriyyə yepiskopluğunda əvəz etmiş Dioskor Evtixinin tərəfini tutsa da, Feodorit onun əleyhdarlarından olmuşdur. məhz onun təlqini ilə, Antakya yepiskopu Domn, Evtixinin bidətçi görüşləri haqqında imperatora donos yazmışdır.

Onların arasında mübarizə son dərəcə çılğınlıqla gedirdi. Feodoritin əleyhinə bir sıra mühüm təzyiq vasitələrindən istifadə olunmuşdu. Nəticədə imperator Feodosi ona Kir şəhərini tərk etməyi qadağan etdi. Lakin bununla kifayətlənməyən Dioskor 449-cu ildə baş tutmuş Efes Kilsə Məclisində onun yepiskop vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildi. Feodorit də öz növbəsində Apameya monastırına yollandı və orada Roma papası II Levə apelyasiya ərizəsi yazdı. İmperator Feodosinin ölümündən sonra taxta keçən Markian, Fedoriti yepiskop vəzifəsinə qaytardı və 451-ci ildəki Xalkidon Kilsə Məclisi, Feodorit Nestorini anafema (kilsədən uzaqlaşdırma) etdikdən sonra, onu öz sıralarına qəbul etməyə razılaşdı. Feodorit 457-ci ildə vəfat etdi. Lakin bir əsr sonra baş tutmuş II Konstantinopol Kilsə Məclisi onun əsərlərindən bir qismini bidətçi elan edərək yasaqladı.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Feodorit dini mövzuda bir sıra əsərlərin müəllifi olmuşdur. Onun ən mühüm əsəri "Eranist" adlanır və qəhrəmanla pravoslav əqidəli insanın mükaliməsindən bəhs edir. Bu kitabda bir sıra dini mövzular açıqlanmışdır. Bundan başqa "İran sehrbazları əleyhinə", "Yəhudilər əleyhinə", "Yunan xəstəlikləri müalicəsi" adlı apoplogetik əsərlərinin də müəllifidir. Feodorit "Kilsə tarixi" adlı beş cildlik kitabın da müəllifi olmuşdur. Bu əsərdə xristian kilsəsində 324-cü ildən 449-cu ilədək baş vermiş hadisələr işıqlandırılmışdır. Bunlardan başqa o bidətçilərdən bəhs edən "Bidətçi nağılları" əsərini də yazmışdır.

  1. 1 2 Schäfer J. Theodoret von Kyrrhos // Ökumenisches Heiligenlexikon. 1998.
  2. 1 2 Bell A. Theodoret Of Cyrrhus // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.