Müsəlman Şərqini öyrənən Cəmiyyət

Müsəlman Şərqini öyrənən CəmiyyətAzərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət elm təşkilatı.

1919-cu il dekabrın 29-da Bakı Universitetinin nəzdində yaradılmışdı. Əsas məqsədi islam dininə etiqad edən xalqların, onların yaşadıqları ölkələrin tarixini, həmçinin müsəlman mədəniyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərmiş tarixi və mədəni amillərin öyrənilməsi idi. L.A.Zimin cəmiyyətin sədri, Y.A.Belyayev sədrin müavini, Seydiyev katib, Abdulla bəy Sübhanverdixanov (Divanbəyoğlu) xəzinədar seçilmişdilər. Cavad bəy Rəfibəyli, general-leytenant Məmməd bəy Sulkeviç də cəmiyyətin üzvləri arasında idilər.

Cəmiyyət müsəlman şərqinin, xüsusən də Azərbaycan, Türkiyə, İranTürküstanın tarix, dil, arxeoloji və etnoqrafik baxımından öyrənilməsinə xüsusi önəm verirdi. Əldə olunan əlyazmalar və materiallar cəmiyyətin muzeyinə toplanmalı, yaxud mühafizə və sistemləşdirilmək üçün "İstiqlal" milli muzeyinə verilməli, onların nəşri və tədqiq olunması ilə Bakı Universiteti məşğul olmalı idi. Qədim sikkələrin toplanmasına, salamat qalmış köhnə binaların və qədim şəhər qalıqlarının dəqiq və ətraflı qeydiyyata alınmasına xüsusi diqqət yetirilirdi.

Müsəlman şərqinin öyrənilməsi ilə maraqlanan azərbaycanlıların işə cəlb olunmasını və onların lazımi elmi hazırlıq keçməsini cəmiyyət özünün əsas vəzifələrindən hesab edirdi. Cəmiyyətin nizamnaməsi 1920-ci il fevralın 2-də təsdiq edilmişdi (mətni hələlik tapılmamışdır). Cəmiyyət 1920-ci ilin əvvəllərində Bakıdakı Şirvanşahlar Sarayının bərpası ilə məşğul olmuşdur. Bu abidənin mühafizəsi üçün M.Sulkeviç, V.A.Belyayev və Nəbioğludan ibarət komissiya yaradılmışdı. Cəmiyyət müsəlman incəsənətinə və mədəniyyətinə həsr olunmuş sərgi hazırlanması ilə məşğul olmuş, sərgini 1920-ci ilin sentyabrında açmaq, Azərbaycanın hər yerindən eksponatlar toplamaq nəzərdə tutulmuşdu. Cəmiyyət Tiflisdə Azərbaycana və müsəlman şərqinə aid ərəb, fars və türkdilli əlyazmaları ilə tanışlığa; Zaqatalanın arxeoloji baxımdan tədqiqinə; yerli kurqan arxeoloji abidələrinin planlarmın çəkilməsinə; qədim Azərbaycanın (Qafqaz Albaniyasının) paytaxtı Bərdənin öyrənilməsinə; Quba qəzasındakı Şabran şəhərinin yerinin müəyyənləşdirilməsinə; Nizami Gəncəvinin qəbirüstü abidəsinin, Gəncədə Şah Abbas dövrü abidələrinin, Suraxanıda Xilə məscidinin, Bülbülə kəndində İmamzadə qəbrinin, Mərdəkan qalalarının tədqiqinə dair elmi tədqiqat planları hazırlanmışdı.

Fəaliyyətinin dayandırılması

[redaktə | mənbəni redaktə et]

Cəmiyyətin iclaslarında tarix, numizmatika, şərqşünaslıqincəsənətə dair silsilə mühazirələr oxunmuşdur. Aprel işğalından (1920) sonra Müsəlman Şərqini öyrənən Cəmiyyətin fəaliyyəti dayandırılmışdır.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 234-235. ISBN 9952-417-44-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]