Cavad bəy Hadı bəy oğlu Rəfibəyli (22 may 1890, Yelizavetpol – 28 yanvar 1956, Kirovabad) — azərbaycanlı maarif xadimi.[1]
Cavad bəy Rəfibəyli | |
---|---|
Cavad bəy Hadı bəy oğlu Rəfibəyli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 may 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 28 yanvar 1956 (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | Kiyev Universiteti |
Fəaliyyəti | pedaqoq |
Atası | Hadı bəy Rəfibəyli |
Cavad bəy Rəfibəyli 1890-cı ildə Gəncə şəhərində anadan olmuşdur.
İlk təhsilini Yelizavetpol (Gəncə) rus gimnaziyasında almış (1898–1908), əmisi Ələkbər bəyi Rəfibəylinin məsləhəti ilə 1911-ci ildə Kiyev İmperator Universitetinin tarix-genologiya fakültəsinə daxil olmuşdur.[2] Alman, fransız, latın, ərəb və fars dillərini bilirdi.[3]
1916-cı ildə Universiteti bitirdikdən sonra vaxtilə oxuduğu Gəncə oğlan rus gimnazi yasına latın dili müəllimi təyin edilmişdir. O, bu gimnaziyada latın dilini tədris edən ilk türk müəllim idi. Pedaqoji sahədəki uğurlarına görə tezliklə Temirxan-Şura müəllimlər seminariyasına direktor təyin edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti qurulandan sonra 1918-ci il dekabrın 31-də xalq maarif naziri Nəsib bəy Yusifbəylinin əmri ilə o, Gəncə Gimnaziyasının müfəttişi, 1919-cu il oktyabrın 1-dən isə gimnaziyanın direktoru təyin edildi. Direktor olduğu dövrdə təhsil sahəsində mühüm islahatlar apardı. Nəticədə, 2 il ərzində gimnaziyada təhsil alan azərbaycanlıların sayı bir neçə dəfə artdı.
Gəncə Şəhər Dumasının 15 aprel 1920-ci tarixli iclasında səs çoxluğu Ağalar bəy Səfikürdski Dumanın sədri, Cavad bəy Rəfibəyli isə onun müavini, Həsən bəy Fəttahov şəhər başçısı, Məşədi Musa Verdiyev və Qafar bəy Rəfibəyov isə bələdiyyə üzvləri seçildilər.
Cavad bəy Rəfıbəyli gimnaziyada yeritdiyi türkçülük və millətçilik xəttinə gorə 1927-ci ildə Gəncədən uzaqlaşdırıldı. Həmin il Bakı Dövlət Universitetində "Şərq incəsənəti tarixi" kafedrasına müəllim göndərildi və "İncəsənətşünaslıq" fənninin tədrisinə başladı. 1930-cu ildə ona universitetin dosenti adı verildi. Cavad bəy 1941-ci ilədək həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Şurası kinoekskursiyası bürosunda mühazirəçi, Bakı Tikiş Tresti təlimatçılar kurslarının müdiri, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda lektor, Azərbaycan Dövlət Rəssamlıq və Azərbaycan Dövlət Teatrı məktəblərində incəsənət tarixi müəllimi, Azərbaycan Qiyabi Texniki Təhsil İnstitutunun rus şöbələrində Azərbaycan dili müəllimi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan şöbəsində elmi əməkdaş, Elmlər Akademiyasının aspiranturasında müəllim, Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda rus və Azərbaycan dilləri kafedrasında müəllim vəzifələrində işləmişdir. Azərbaycanın mədəniyyətinə aid sanballı əsərlərin müəllifidir. 1941-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi məsləhətçisi və muzeyin Bədii Şurasınm üzvü seçilmiş, 1941-ci il sentyabrın 1-də ailəsi ilə (3 qızı, 2 oğlu) birlikdə Qazaxıstana sürgün edilmişdir. 1947-ci ildə sürgündən azad edilərək Bakıya qayıtmış, yenə də universitetdə və İncəsənət İnstitutunda fəaliyyətə başlamışdır. Lakin ona Bakıda işləməyə imkan verilməmiş, Gəncədə rus dili müəllimi kimi pedaqoji fəaliyyət göstərmişdir.[3]