Müseyib Müseyibov

Müseyib Ağababa oğlu Müseyibov (5 may 1927, Qaraxanlı, Tovuz rayonu4 sentyabr 2011, Bakı) — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi.[1]

Müseyib Müseyibov
Müseyib Ağababa oğlu Müseyibov
Doğum tarixi 5 may 1927(1927-05-05)
Doğum yeri
Vəfat tarixi 4 sentyabr 2011(2011-09-04) (84 yaşında)
Vəfat yeri
Elm sahələri coğrafiya, geologiya, geomorfologiya
Elmi dərəcəsi Coğrafiya elmləri doktoru
Elmi adı
İş yeri

Müseyib Müseyibov 1927-ci il may ayının 5-də Tovuz rayonunun Qaraxanlı kəndində anadan olmuşdur. Orta və ali məktəbi İkinci dünya müharibəsi illərində bitirmişdir. 1949-cu ildə Azərbaycan Dövlət Universitetində (indiki BDU) aspiranturaya daxil olmuş, 1954-cü ildə "Ceyrançölün geomorfologiyası" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, 27 yaşında coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1954-cü ildən ADU-nun Fiziki coğrafiya kafedrasında çalışmış, 1955-ci ildə dosent vəzifəsinə seçilmiş və 1960-cı ildən həmin kafedraya rəhbərlik etməyə başlamışdır. Müəllimləri Heydər Əfəndiyev, Məmmədəmin Salayev, Hadı Əliyev, Abdulla Şahbazov və başqalarının əhatəsində elmi fəaliyyətini davam etdirərək, 1963-cü ildə "Orta Kür əyilməsinin geomorfologiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1964-cü ildə professor elmi adı almışdır. Ötən əsrin 70-ci illərindən keçmiş SSRİ Ali Təhsil Nazirliyinin Ali Coğrafiya Təhsili elmi-metodik şurasının (hazırda Rusiya Federasiyasında) üzvü, Azərbaycan SSR Ali Təhsil, sonralar Təhsil Nazirliyi elmi-metodik şurasının sədri kimi fəaliyyət göstərmişdir. 1990-cı ildən BDU-nun Coğrafiya fakültəsinin dekanıdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Yer elmləri üzrə ekspert şurasının üzvüdür. Onun rəhbərliyi ilə 20-dən artıq elmlər doktoru və elmlər namizədi yetişmişdir.

Coğrafiya elmi və onun aparıcı sahələrindən olan landşaftşünaslıq, geomorfologiya və neotektonik hərəkətlərin tədqiqi sahəsində apardığı araşdırmalar təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-nin bir çox respublikalarında, həmçinin Almaniya, Fransa və s. ölkələrdə öyrənilmişdir. 400-dən artıq məqalənin, 9 monoqrafiyanın, 25 kitabın müəllifidir.[1]

Beynəlxalq konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]

Dəfələrlə beynəlxalq simpozium, konqres və konfranslarda iştirak etmişdir. 1972-ci ildə Kanadada, 1976-cı ildə isə Moskvada keçirilən Beynəlxalq Coğrafiya Konqresinin, 1980-ci ildə "Palecoğrafiyaya aid sovet" Amerika simpoziumunun, SSRİ Coğrafiya Cəmiyyətinin Qurultaylarının (Lvov, Tbilisi, Bişkek, Leninqrad, Moskva və s.) iştirakçısı olmuşdur. Beynəlxalq məzmunlu elmi-tədqiqatlarını davam etdirmiş, Almaniya, Fransa, Rusiya, Gürcüstan alimlər ilə birgə "Qafqazın geosiyasi xəritəsi" üzərində işləmişdir.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Altıağac Təcrübə Bazasında tələbələrin çöl tədris təcrübəsinin təşkili.
  • География (учебное пособие для фбитуриентов, учашихя старших классов и предподавателей) Аbiturient, Dtqk, 2008
  • Антропогенное трансформация природной среды Южного Кавказа (Tbilisi, Sovstor),
  • Türk dünyasının coğrafiyası. XI sinif. Bakı: Təhsil, 2008
  • Coğrafiya (abiturientlər üçün proqram toplusu)

Professor 2011-ci il 4 sentyabr tarixində vəfat etmişdir.

  1. 1 2 "Müseyib Müseyibov". 23 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-28.