Məşğulluğun tənzimlənməsi sub-indeksi iş sahibi ilə muzdlu işçi arasında əmək prosesinin təşkili ilə bağlı münasibətlərə dövlətin nə dərəcədə müdaxilə etməsini ölçür. Ənənəvi sosial proqramlardan fərqli olaraq, bu müdaxilə birbaşa sosial müdafiə məqsədləri güdür. İşçinin birbaşa sosial müdafiəsinin gücləndirilməsi, bir qayda olaraq, iş sahibinin sərbəstliyini məhdudlaşdırmaq hesabına başa gəlir.[1]
İki alt-indeks – Məşğulluğun tənzimlənməsinin sərtliyi alt-indeksi və İşdənçıxarma xərcləri alt-indeksi əsasında hesablanmışdır. Bunların birincisi, öz növbəsində, üç göstərici – işəgötürmənin asanlığı (çətinliyi), iş vaxtının tənzimlənməsinin sərtliyi və işdənçıxarmanın asanlığı (çətinliyi) əsasında sayılır. Birinci alt-indeksin 3 komponentdən ibarət olduğu və məşğulluğun tənzimlənməsində bunların toplam rolunun daha yüksək olduğu nəzərə alınaraq, ona 0,75, ikinci alt-indeksə isə 0,25 çəkiləri verilmişdir. Statistik mənbə Dünya İqtisadi Forumunun 2015-ci il üçün məlumat bazasıdır.*[2]
Dünya Bankı biznes mühitini qiymətləndirərkən ölkələri bir növ “yaxşıdan pisə” doğru, iş adamlarına daha rahat şərait yaradanlardan onun işini tənzimləyici qaydalarla çətinləşdirənlərə doğru sıralayır. İqtisadiyyatın sağlığı-solluğu üzrə təhlillərdə “pis” və “yaxşı” ölkələr yoxdur, sağçı və solçu iqtisadiyyata malik olan ölkələr var. Birincilər üçün şirkətlərin operativ sərbəstliyi, ikincilər üçünsə işçilərin sosial müdafiəsi daha yüksək prioritetdir.
Hər iki alt-indeks üçün Vmin = 0, Vmax = 100 götürülmüşdür.
Sahibkarla muzdlu işçi arasındakı əmək münasibətlərinin tənzimlənməsində ən liberal ölkələr ifrat sağ nöqtəyə yaxın yerləşən İsveçrə və Danimarkadır (0,025). Bu sub-indeks üzrə ən solçu ölkə isə İndoneziyadır (0,525). Lüksemburq (0,448), Fransa (0,446) və Meksika da (0,430) işçilərin sosial haqlarının qorunmasına ən çox önəm verən və qarşılığında şirkətlərin sərbəstliyini ən çox məhdudlaşdıran ölkələr sırasındadır. ABŞ (0,050), Çex Respublikası (0,051), İrlandiya (0,083), Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan isə (hər biri – 0,086), əksinə, iş sahiblərinə bu sahədə geniş hüquqlar verir, amma əvəzində işçilərin hüquqlarını məhdudlaşdırır. Azərbaycan (0,179) bu sub-indeks üzrə liberal dövlətlər sırasındadır və nisbi mərkəzdən də, mediandan da xeyli sağdadır.
İnkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların stoxastik sıralanması təsdiq edir ki, iş vaxtının, işəgötürmə və işdənçıxarma qaydalarının liberallığı və ya dövlət tərəfindən, müəyyən həddlər daxilində, sərt tənzimlənməsi iqtisadi inkişafı şərtləndirmir və onunla şərtlənmir.