Məşədi Əli Rəfiyev və ya Əli Rəfioğlu (11 mart 1889, Yelizavetpol – 9 sentyabr 1948, İstanbul) — Gəncə Şəhər Dumasının qlasnısı (1910–1913), Gəncə Dövlət Bankının sədri, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin (1917), daha sonra Müsavat Partiyasının üzvü, Müsavat Partiyasının Gəncə təşkilatının sədri, Müsavat Partiyasının xarici bürosunun üzvü və xeyriyyəçi.
Məşədi Əli Rəfiyev | |
---|---|
Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin sədri | |
1918 – 1920 | |
1910 – 1913 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1948 (59 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Atası | Hacı Məmmədhüseyn Rəfiyev |
Vikianbarda əlaqəli mediafayllar |
Aprel işğalına qarşı baş tutmuş Gəncə üsyanının iştirakçısı olub, üsyan məğlub olduqdan sonra mühacirət edib.
Məşədi Əli Hacı Məmmədhüseyn oğlu Rəfiyev 11 mart 1889-cu ildə[1] Gəncədə anadan olub.[2][3] İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib.[4] Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub.[2][4]
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü kimi xeyriyyəçilik fəaliyyəti göstərib.[5] Gəncə general-qubernatorunun fərmanı ilə atası Hacı Məmmədhüseyn və qardaşı Abbasla birlikdə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü seçilib.[2][4] 1906-cı ildə qurulmuş "Difai" partiyasının Gəncə Komitəsinin üzvü olub.[3] 1910-cu ildəki seçkilərdə "Nəşri-Maarif" cəmiyyətinin Gəncə şöbəsinin idarə heyətinə, 1909–1913-cü illər arasında isə Gəncə Şəhər Dumasına üzv seçilib.[2] 1917-ci ildə yaradılmış Türk Ədəmi-Mərkəziyyət Firqəsinin, firqə "Müsavat" partiyası ilə birləşdikdən sonra isə Müsavat partiyasının fəal üzvlərindən olub.[4]
Nəsib bəy Yusifbəylidən sonra Müsavat Partiyasının Gəncə təşkilatına rəhbərlik edib.[4][6][7] Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk milli Azərbaycan Dövlət Bankının Gəncə şöbəsinin müdiri olub.[2][6][7] 1919-cu il 2–11 dekabr arasında Bakıda keçirilmiş Müsavat Partiyasının ikinci qurultayında rəyasət heyətinə seçilib.[8]
Aprel işğalından sonra qardaşları ilə birlikdə sovet-bolşevik rejiminə qarşı Gəncə üsyanının təşkilində iştirak edib.[4] Üsyan yatırıldıqdan sonra təqiblərdən qurtularaq Türkiyəyə mühacirət edib. Mühacirətdə Müsavat Partiyasının xarici bürosunda fəaliyyət göstərib.[9][10]
Məşədi Əli bəy 1948-ci il sentyabrın 7-də İstanbulda dünyasını dəyişib.[11] Fəriköy qəbiristanlığında dəfn edilib.[1]
Atası Hacı Məmmədhüseyn Rəfiyev ticarətçi və sənayeçi olub.[9] Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, Difai Partiyasının Gəncə təşkilatının üzvü,[9] Gəncə Şəhər Dumasının qlasnısı olub.[12]
Qardaşı Abbas Rəfiyev sənayeçi və tacir olub. İlk təhsilini Gəncənin "Şah Abbas" məscidinin yanındakı mədrəsədə alıb. Sonra isə, Gəncə Kişi Gimnaziyasını bitirib. Təhsilini bitirdikdən sonra ticarətlə məşğul olub. Xalçaçılıq üzrə ixtisaslaşıb. 1920-ci ildə Azərbaycanda sovet işğalına qarşı baş tutmuş Gəncə üsyanında iştirak etdiyinə görə güllələnib.[13]
Qardaşı Musa bəy Rəfiyev Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının və Azərbaycan Cümhuriyyəti Milli Şurasının üzvü olub.[14] Azərbaycan Cümhuriyyətinin ikinci və beşinci hökumətlərində nazir vəzifəsini daşıyıb.[15][16] Azərbaycan Cümhuriyyəti Parlamentinə Müsavat partiyasından seçilərək Maliyyə-büdcə komissiyasında fəaliyyət göstərib.[17][18] Gəncə üsyanının təşkilatçılarından biri olub. Üsyan məğlub olduqdan sonra əvvəlcə İstanbula daha sonra isə Təbrizə mühacirət edib.[19][20]
Məşədi Əli Rəfiyev 1899-cu ildə Xədicə Rzayeva ilə ailə qurub. Bu evlilikdən 4 oğuları (Məhəmməd, Hüseyn, Səlim, İslam) və 3 qızları (Validə, Cəmilə, Şəfiqə) olub.[1] Gəncə Kişi Gimnaziyasının 10-cu sinfində oxuyan böyük oğlu Məhəmməd Rəfiyev Şamxor döyüşündə dünyasını dəyişib.[1][21] Gəncə üsyanından sonra Türkiyəyə mühacirət edən Məşədi Əli bəy bura oğulları Səlim və İslamı da gətirib.[22] Daha sonra burada ikinci dəfə İsmayıl bəy Qaspıralının qızı Nigar xanımla ailə qurub.[9][1]