Hacı Məmmədhüseyn Əlirza oğlu Rəfiyev 1846-cı ildə Gəncədə anadan olub.[1] İlk təhsilini Gəncədə Şah Abbas məscidində yerləşən mədrəsədə alıb. Ərəb, fars və rus dillərini öyrənib.[1] Sonradan ticarətçi və sənayeçi olan o, 1-ci gildiya taciri olub.[2][3] Xalça toxuculuğu və satışı sahəsində tanınıb.[4]Təbriz, Nijni Novqorod, İstanbul, Tehran və Parisdə xalça mağazaları olub.[4][5] Rəssamlıq qabiliyyəti olduğu üçün çəkdiyi milli naxışlarla da xalçalar toxutdurub. 1900-cü ildə Parisdə keçirilən Beynəxalq Sərgisidə çəkdiyi naxışlar əsasında toxunmuş gəbələrə görə sərginin “Grand Prix” yüksək mükafatı və medalı ilə təltif olunub.[4]
Hacı Məmmədhüseyn Rəfiyev Nizaminin qəbirüstü məqbərəsinin bərpasının təşəbbüskarlarından biri olub və onun maliyyələşdirilməsində iştirak edeib.[2][4] 1902-ci ildə Gəncədə Azərbaycan məktəbinin açılmasında rolu olub.[2] Ədəbiyyatşünas və tənqidçi Abdulla Surun İstanbulda ali təhsil almasını maliyyələşdirib.[6]
Maarifçilik fəaliyyətinə görə rus çarı tərəfindən “Çalışqanlığa görə” (“За усердие”) medalı ilə təltif edilib.[7] Gəncə general-qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Hacı Məmmədhüseyn Rəfiyev və onun oğulları Məşədi Əli və Abbas Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin fəxri üzvü kimi təsdiq ediliblər.[8] Hacı Məmmədhüseyn və oğlu Məşədi Əli 1909–1913-cü illərdə Gəncə Şəhər Dumasının qlasnısı kimi fəaliyyət göstəriblər.[9][10] 1906-cı ildə yaradılan Difai Partiyasının Gəncə təşkilatının fəal üzvlərindən biri olub.[2][11]
1918-ci il yanvarın 7-də ruslara qarşı baş vermiş Şamxor hadisəsində şəhid olan azərbaycanlıların Gəncədə dəfn mərasiminin təşkilatçıları Hacı Məmmədhüseyn Rəfiyev və Həsən bəy Ağayev olub.[12]
Hacı Məmmədhüseyn Rəfiyev 3 dəfə ailə qurub. Bu evliliklərdən 6 oğlu və 5 qızı olub.[11] Məmmədhüseyn bəy ilk dəfə Xəlil bəy Xasməmmədovun bacısı Xeyrənsə xanım ilə ailə qurub. Bu evlilikdən Məşədi Əli, Musa, Abbas, Muxtar və Bilqeyis xanım dünyaya gəlib.[13] Xeyrənsə xanım 1896-cı ildə vəfat etdikdən sonra Məmmədhüseyn bəy 1899-cu ildə Abuzər bəy İrzayevin bacısı Sitarə xanımla ailə qurub. Bu evlilikdən Xanım, Həmidə, Yusuf, Mirzə, Şəfiqə adlı övladları dünyaya gəlib.[14] 1910-cu ildə Sitarə xanım dünyasını dəyişdikdən sonra Məmmədhüseyn bəy 1912-ci ildə Böyükxanım Hacıyeva ilə ailə qurub. Bu evlilikdən Fəridə adlı qızları dünyaya gəlib.[15]