Türk Ədəmi-Mərkəziyyət Firqəsi – Qeyrət Partiyasının xələfi olaraq qurulmuş Rusiya imperiyası ərazisində yaşayan türk xalqları üçün federativ dövlət prinsipini dəstəkləmiş siyasi partiya.
Türk Ədəmi-Mərkəziyyət Firqəsi | |
---|---|
Sədri | Nəsib bəy Yusifbəyli |
Qurucu | Nəsib bəy Yusifbəyli |
Quruluş tarixi | Mart 1917 |
Qeydiyyat tarixi | 17 iyun 1917 |
Dağılma tarixi | 20 iyun 1918 |
Birləşən | Müsəlman Demokrat Partiyası - Müsavat (1917) |
Sələfi | Qeyrət Partiyası |
Xələfi | Müsavat Partiyası |
Baş qərargah | Gəncə |
İdeologiya | Türkçülük |
1905-ci ilin yayında Gəncədə Türk Sosial-Federativ İnqilabi Komitəsinin əsasında "Qeyrət" adlı qrup yaradıldı.[1] Partiya sıralarında Gəncənin tanınmış hüquqşünasları və ictimai xadimləri Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov[2], bəzi mənbələrə görə, Türk Ədəmi-Mərkəziyyət Firqəsinin başçısı Nəsib bəy Yusifbəyli də var idi.[3].
Qeyrət Partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.
Qeyrət yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni Türk Ədəmi-Mərkəziyyət Firqəsi adı və yeni proqramı ilə fəaliyyətə başladı.
1917-ci ilin mart ayının sonunda Nəsib bəy Yusifbəyli, Şəfi bəy Rüstəmbəyli, Həsən bəy Ağayev və digərləri ilə Gəncədə Milli Federalistlərin Türk Partiyasını yaratmışdır. Yeni yaradılan partiyanın əsas tələbi Rusiyanın milli ərazi muxtariyyətləri əsasında təşkili idi.
Partiyanın əsas dayağını kəndlilər və fəhlələr təşkil edirdilər. Öndərləri içərisində torpaq sahibləri də var idi. Partiyanın ideoloji təməli türkçülük idi. Partiya 1917 il aprelin 2-də Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Gəncədə Şah Abbas məscidinin həyətində mitinq təşkil etmişdir. Mitinqdə üzərində "Yaşasın demokratik respublika", "Yaşasın Azərbaycan muxtariyyəti" və "Yaşasın türk ədəmi-mərkəziyyət partiyası!" sözləri yazılan qırmızı bayraqlar dalğalanırılmışdır. "Kaspi" qəzetinin yazdığına görə, natiqlər gurultulu alqışlarla qarşılandılar. Qısa müddət ərzində partiyaya 500-dən çox şəxs üzv oldu. Partiya fonduna böyük məbləğdə ianə toplandı.[4]
Qafqaz müsəlmanlarının qurultayında eyni mövqedən çıxış etmiş Türk Ədəmi-Mərkəziyyət Firqəsi və Müsəlman Demokrat Müsavat Partiyası 1917 il 17 iyun tarixində vahid ad — Türk Ədəmi-Mərkəziyyət Firqəsi "Müsavat" adı altında birləşdi. Daha sonralar vahid partiya qısaca "Müsavat" adlandırıldı. Birləşmiş partiyanın proqramlarında millətçi federalistlərin əsas tələbi – Rusiyanın milli ərazi muxtariyyətləri əsasında qurulması saxlanılmışdır. Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra partiya öz nizamnaməsində dəyişiklik edərək Azərbaycanın tam müstəqilliyini tələb etməyə başlamışdır.
Vahid partiyanın Bakı və Gəncə bürolarını əhatə edən 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradıldı. Bakı bürosuna Məhəmməd Əmin Rəsulzadə, Məmmədhəsən Hacınski, Musa Rəfiyev, Mustafa Vəkilov, Gəncə bürosuna isə Nəsib bəy Yusifbəyli, Həsən Ağayev, Şəfi bəy Rüstəmbəyli və Mirzə Məhəmməd Axundov seçildilər.
Partiyanın proqramı 19, 20, 24 may tarixli "Kaspi" qəzetində dərc olunmuşdu. Proqramda deyilirdi ki, Türk Ədəmi-Mərkəziyyət Firqəsi demokratik partiya kimi zəhmətkeş xalq kütlələrinə arxalanır və Rusiyanın islama etiqad edən bütün türk zəhmətkeş kütlələrinin iqtisadi-sinfi və milli-mədəni mənafelərini müdafiə etməyə çalışır.
Nəsib bəy Yusifbəyli |