Məhbus və ya dustaq — öz istəyi əleyhinə azadlığından məhrum olunmuş şəxs. Məhbusluq həbs, azadlığın məhdudlaşdırılması, əsirlik və digər yollarla formalaşa bilər. Bu termin həbsxanada azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində işlədilir[1] və məhkəmə prosesi zamanı cavabdeh qismində çıxış edən təqsirlədirilən şəxsə münasibətdə istifadə edilmir.
"Məhbus" həbsdə saxlanılan şəxsi bildirən hüquqi termindir.[2]
1992-ci il Məhbusların təhlükəsizliyi haqqında Aktın 1-ci maddəsində verilən anlayışa görə, "məhbus" məhkəmə qərarının icrası nəticəsində həbsxanada saxlanılan şəxsdir.[3]
"Məhbus" sözü feloniyaya görə təqsirləndirilən şəxsləri bildirən hüquqi termin olmuşdur və misdiminor (ing. misdemeanour) törətmiş şəxslərə şamil edilmirdi.[4] 1967-ci il Cinayət Hüququ haqqında Aktın 1-ci maddəsinə əsasən misdiminor ilə feloniya arasında fərqin aradan qalxması ilə o da öz əhəmiyyətini itirmiş oldu.
Qlanvil Vilyams məhkum olunmamış şəxslərə "məhbus" deyilməsi praktikasının "haqsızlıq" olduğunu qeyd etmişdir.[5]
Məhbusların mövcudluğuna dair ən qədim tapıntılar bizim eradan 8,000 il əvvələ qədər gedib çıxır və Aşağı Misirdə aşkar edilmiş ibtidai qəbirlərlə sübut edilmişdir. Bu sübut Liviyalıların Buşmenləri köləyə çevirdiyini nümayiş etdirirdi.[6][7]
Məhbuslara mənfi təsir edən başlıca səbəblər sırasında onların uzun müddət məhkumluqda təkbaşına qalması qeyd edilir. Onların cəmiyətdən, sosial əlaqələrdən təcrid olunması məhbusların əqli durumuna ciddi mənfi təsir edir.
Uzunmüddətli məhkumluq depressiyaya səbəb ola və beynin fiziologiyasını dəyişə bilər. Cəmiyyətdən təcrid olunma nəticəsində məhbuslar artıq dərəcədə həssas olur və ona nəzarət edənlərin təsirinə qarşı zəiflik göstərirlər. Sosiallıq və cəmiyyətlə qarşılıqlı əlaqələr nəticəsində təmin edilən dəstək məhbusların uzunmüddətli məhkumluğa davam gətirməsi üçün ilkin şərtlərdir.
Məhbuslar uzun müddət təkbaşına kamerada qaldıqdan sonra cəmiyyətdən uzaqlaşmanın paradoksal təsirini nümayiş etdirirlər. Və zaman keçdikcə cəmiyyət içərisində olmaq istəyi öz yerini qorxuya verir. Eləcə də, halsız və keyimiş olmaq ehtimalları çox olduğundan azadlığa çıxdıqdan sonra uzun müddət davranışlarına nəzarət edə bilmirlər. Həmçinin, nəzarət edilmək və davranışlarına məhdudiyyət qoyulması üçün həbsxana rejiminə ehtiyac duya və ondan asılı vəziyyətə düşə bilərlər.
Uzunmüddətli məhkumluqda qalmaq məhbuslarda kliniki depressiyanın və uzun müddət nəzarət zəifliyinə səbəb olan pozuntuların inkişafına səbəb ola bilər. Əvvəldən psixi xəstəliyi olanlar isə psixiatrik simptomların inkişafı baxımından daha yüksək riskdədirlər. Bu zaman onlarda özünü yaralama, intihar meylləri və psixoz müşahidə olunur.
Stokholm sindromu kimi tanınan psixoloji sindrom, paradoksal bir fenomen olub, zaman keçdikcə girovların onları girov götürən şəxslərə qarşı müsbət duyğularının inkişaf etdiyini göstərir.
Həm federal, həm də ştatlar səviyyəsində məhbusların hüquqları qanunla tənzimlənir. ABŞ-da məhbuslar Konstitusiya çərçivəsində tam hüquqlu hesab edilməsələr də, qəddar və qeyri-adi cəzaları qadağan edən Səkkizinci düzəlişlə müdafiə olunurlar.[8]
Artan araşdırmalar məhbuslar, idarələr və cəmiyyət üçün müsbət formada səciyyələnən nəticələri təhsillə əlaqələndirir. Müxtəlif tədqiqatlar bunu göstərməyə kömək edir. Məsələn, 1997-ci ildə Merilend, Minnesota və Ohayo ştatında 3,200 məhbusa yönəldilmiş bir tədqiqat göstərirdi ki, yenidən təhsil almaq təkrar həbs olunma ehtimalını 29 faiz azaltmışdı. 2000-ci ildə Texas Təhsil Nazirliyi azadlıqdan məhrum edilərkən universitet diplomu olan 883 qadın və kişinin uzunmüddətli tədqiqatını aparmış və bütövlükdə residivizmin dərəcəsinin 40–43 faiz arasında dəyişməsi ilə müqayisədə tədqiqata cəlb edilmiş şəxslər arasında residivizmin 27,2 (AA dərəcəsini bitirənlər) və 7,8 faiz (BA dərəcəsini bitirənlər) arasında dəyişdiyini aşkar etmişdir. Beləliklə də, tədqiqatlar onu göstərir ki, təhsil residivizmin azalmasına əhəmiyyətli dərəcədə təsir edir.[9]
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində məhbusların əsas hüquqları qeyd olunub. Buna əsasən, cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:[10]