Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məmməd Əmin Adil oğlu Qazıyev (12 noyabr 1914, İrəvan – 14 iyun 1982, Bakı) Azərbaycanın əməkdar elm xadimi, tarix elmləri doktoru, ADU-nun professoru. Azərbaycan Tarix Muzeyinin keçmiş direktoru.
Məmməd Əmin Qazıyev | |
---|---|
Doğum tarixi | 12 noyabr 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyun 1982 (67 yaşında) |
Vəfat yeri | |
Elmi dərəcəsi |
Məmməd Əmin Adil oğlu Qazıyev 1914-cü il noyabrın 12-də İrəvan quberniyasının İrəvan şəhərində Qazıyevlar nəslinin iki qolunu özündə birləşdirmiş savadlı zadəgan ailəsində doğulmuşdur.19 30-cu ildə Bakıda orta məktəbi bitirdikdən sonra Bakı şəhər arxiv idarəsində arxiv müdiri vəzifəsində işləməyə başlamışdır. Anası, Tacı xanım Bağırbəyova ana tərəfdən əmək fəaliyyətini dəftərxana işçisi qismində başlayıb İrəvan Quberniya İdarəsinin vitse-qubernatoru mənsəbinə çataraq həqiqi dövlət müşaviri rütbəsini alan İsmayıl bəy Qazıyevin nəvəsi idi. Çoxillik qüsursuz dövlət xidmətinə görə o, IV dərəcəli Müqəddəs Vladimir, II və III dərəcəli Müqəddəs Stanislav ordenlərinə, 40 illik qüsursuz qulluğa görə Fərqlənmə Nişanına, III Aleksandrın şərəfinə kəsilmiş gümüş medala və İranın "Şire-Xurşid" ordeninə layiq görülmüşdür. M. Qazıyevin ata tərəfdən ulu babası bir neçə il İrəvan Şəhər Dumasının üzvü idi. Dövrünün savadlı adamı olan oğlu, M. Qazıyevin babası Hüseyn bəy Qazıyev də İrəvan Şəhər Dumasına üzv seçilmiş, burada notarius vəzifəsində çalışırdı. M. Qazıyevin atası Adil bəy Qazıyev İrəvan gimnaziyasını bitirərək təhsilini Moskva Universitetinin hüquq fakültəsində davam etdirmiş, sonra isə valideynin yolunu tutub notariat sahəsində fəaliyyət göstərmişdi.[1]
1933–1934-cü illərdə M. N. Pokrovski adına Moskva Tarix-Arxiv İnstitutunda oxumuşdur. 1939-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra onu Azərbaycan tarixi kafedrasında müəllim vəzifəsində saxlamışlar.
1937-ci ildən M. Qazıyev KP MK yanında Marksizm-Leninizm İnstitutunun Azərbaycan filialı –Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda elmi işçi işləməyə başlayır. Bununla yanaşı olaraq o, Azərbaycan bolşevik təşkilatları tarixi muzeyinin yaradılması işində fəal iştirak etmiş və buna görə 1940-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir.
1937-ci ildən gənc alimlərin ümumrespublika müsabiqəsində "1905–1907-ci il I rus inqilabı ərəfəsində Bakı proletariatının vəziyyəti " mövzusunda Y. A. Tokarjevski ilə birgə hazırladıqları iş ikinci mükafata layiq görülmüşdür.
Bu illər M. Qazıyev mərkəzi və yerli mətbuat orqanlarında Azərbaycan xalqı və yerli partiya təşkilatları tarixinə dair bir sıra məqalələrlə çıxış edir. Belə ki, 1937–1940-cı illər ərzində onun "Bolşevik mətbuatı tarixindən", "1905-ci il Azərbaycanda", "1918-ci il mart döyüşləri ərəfəsində sinfi qüvvələrin yerləşdirilməsi", "1904-cü il Bakı dekabr tətilinin 35-illiyi", "Azərbaycan vətəndaş müharibəsi dövründə", "I rus inqilabı dövründə Bakı tətilləri", "Əksinqilabçı müsavat ordusu" və başqa məqalələrini göstərmək olar.
Bu məsələlər mətbuatda ilk dəfə işıqlandırılırdı və buna görə də Azərbaycan tarixinin müxtəlif problemlərinin öyrənilməsində böyük əhəmiyyəti olmuşdu. SSRİ xalqlarının dostluğu mövzusunda Y. A. Tokarjevski ilə birgə hazırladıqları kitabçada bu illərdə çapdan çıxır. Üç dildə (Azərbaycan, erməni və rus) nəşr olunmuş bu əsər ölkəmizin xalqları arasında tarixi dostluğun möhkəmlənməsini öyrənməkdə mühüm rol oynamışdır.
1941–1945-ci il sovet xalqlarının faşist işğalçılarına qarşı Böyük vətən müharibəsi illərində M. Qazıyev geniş elmi və təbliğat işləri aparır. Bu illərdə o, Azərbaycan xalqının tarixi qəhrəmanlıq göstərmiş ən yaxşı oğullarına həsr etdiyi kitab və kitabçalarını nəşr etdirir. "Xalq qəhrəmanı Qatır Məmməd", "Azərbaycanda vətəndaş müharibəsi qəhrəmanları", "Azərbaycan xalqının xarici işğalçılara qarşı " və b. 1943–1944-cü illərdə M. Qazıyev KP MK yanında Partiya Tarixi İnstitutunun Böyük Vətən müharibəsi şöbəsinə rəhbərlik edir. Şöbə Azərbaycan xalqının Böyük Vətən müharibəsində iştirakına dair sənədləri yığıb sistemə salmaqla məşğul olurdu.
Şöbə Böyük Vətən müharibəsi tarixinə, Azərbaycan xalqının müharibədə iştirakına dair kitab, məcmuə və məqalələr çap etdirmişdi. M. Qazıyev material toplamaq məqsədilə 2 dəfə Azərbaycan diviziyiyalarının on cəbhədəki hissələrinə — 77, 402 və 416-cı diviziyaya getmiş, müharibə cəbhələrində qəhrəmancasına iştirak edən azərbaycanlı döyüşçülər haqqında bir sıra məqalələr yazmışdı. Hərbi hissələrdə fəal təbliğatına görə, o, Qafqaz cəbhəsi komandanlığı tərəfindən dəfələrlə Fəxri fərmanla təltif edilmişdir. 1944-cü ildə M. Qazıyev Moskvaya, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığı nəzdindəki diplomatiya işçiləri kursuna göndərilir. Kursu bitirdikdən sonra Azərbaycan SSRİ Xarici İşlər nazirinin köməkçisi vəzifəsinə təyin olunur.
1945-ci ildə M. Qazıyev Kommunist Partiyası sıralarına qəbul edilir. 1945-ci ildə M. Qazıyev "Bakı proletariatı Stolıpin irticası dövründə" mövzusunda namizədlik dissertasiyası müdafiə edir.
1946-cı ildə ona dosent adı verilir.
1947-ci ildə respublika siyasi və elmi bilikləri yayan cəmiyyətin təşkilat komitəsinin məsul katibi olan M. Qazıyev bu təşkilatın təsis edici qurultayında cəmiyyətin rəyasət və idarə heyətinə seçilir, onun məsul katibi təyin olunur.
1950-ci ilin oktyabrında M. Qazıyev, H. B. Zərdabi adına Pedaqoji İnstitutda kafedra müdiri vəzifəsində işləyib.
1953-cü ilin sentyabrında M. Qazıyev Azərbaycan SSR EA Tarix və Fəlsəfə institutunun müdir müavini vəzifəsinə dəvət olunur və eyni zamanda S. M. Kirov adına ADU-da pedaqoji iş aparır.
1954-cü ilin sentyabr ayında M. Qazıyev Azərbaycan SSR EA Tarixi Muzeyinin müdiri vəzifəsinə təyin olunur. Muzeydə işlədiyi müddətdə, onun rəhbərliyi ilə Azərbycan Tarixinin qədim, orta əsrlər, yeni və ən yeni dövrləri üzrə ekspozisiya təşkil olunur. Onun səyi nəticəsində Azərbaycan tarixi muzeyi ölkənin ən yaxşı muzeylərindən birinə çevrilir. Dünyanın bir çox ölkələrindən muzeyə gələn qonaqlar təəssürat kitabında çox qiymətli rəylər yazıllar.
Azərbaycan Tarixi Muzeyinin taleyi və ümumiyyətlə respublikada ilk Muzey Quruculuğu D. Şərifov, İ. Meşşaninov, Y. Paxomov, İ. Cəfərzadə, M. Salamov, Ə. Ələskərov, S. Qazıyev, V. Leviatov, M. Qazıyev, Yaplovski kimi görkəmli alimlərin adları ilə bağlıdır. Muzeylər üçün zəruri olan ilk materialın toplanması, eksponatların əldə edilməsi, muzey fondlarının formalaşması ilk ekspozisiya və sərgilərin təşkili, muzeydə fəaliyyət göstərə biləcək kadrların yetişdirilməsi sahəsində onların əməyi və xidməti böyükdür. Muzeydə yaşına görə ən "gənc" şöbələrdən biri ilk ekspozisiyası 1958-ci ildə təşkil edilmiş ən yeni tarix şöbəsidir. Uzun illər "Sovet dövrü" şöbəsi adı ilə fəaliyyət göstərən bu şöbənin ilk yaradıcıları o dövrdə Muzeyin direktoru olan tarix elmləri doktoru Məmməd Qazıyev və sonralar həmin vəzifəni tutan, o zaman isə şöbəyə rəhbərlik edən akademik Püstə xanım Əzizbəyova idilər.[2]
M. Qazıyevin rəhbərliyi altında muzeydə geniş nəşriyyat işi aparılır. Onun redaktorluğu ilə Azərbaycan tarixinin müxtəlif məsələlərinə həsr olunmuş elmi əsərlər çap olunur.
1958–1961-ci illərdə M. Qazıyevin redaktorluğu altında Azərbaycan, rus və xarici dillərdə muzey üzrə bələdçilər tərtib olunur.
Muzeydəki fəaliyyətinə görə M. Qazıyev Azərbaycan SSR Ali Sovetinin ikinci Fəxri fərmanı ilə təltif edilmişdi. Bundan başqa, o, mədəniyyət nazirliyi, həmkarlar ittifaqının, SSRİ Müdafiə Nazirliyinin, Teatr cəmiyyətinin və b. müəssisələrin bir sıra Fəxri fərmanları ilə təltif olunmuşdu. 1960-cı ildə M. Qazıyev Tiflis Dövlət Universitetində "Bakı proletariatının inqilabı hərəkatı (1905–1910)" mövzusunda doktorluq dissertasiyası müdafiə edir və 1961-ci ildə ona professor adı verilir.
M. Qazıyev elmi fəaliyyət illərində monoqrafiyalar çap etdirir, böyük elmi nəşriyyat işlərində iştirak edir. Belə ki, 1956-cı ildə onun "Bakı proletariatının inqilabi mübarizə tarixindən (1905–1910)" monoqrafiyası çapdan çıxır. Əsərdə faktiki materiallar əsasında Birinci rus inqilabı və Stolıpin icraçısı dövründə Bakı proletariatının mübarizəsinə bolşeviklərin rəhbərliyi məsələsi geniş şərh olunur.
1958-ci ildə M. Qazıyev bir qrup alimlə geniş dokumental sənədlər əsasında 26 Bakı komissarlarına həsr olunmuş fundomental kitab nəşr etdirir. Bu kitab, Bakı kommunası və onun rəhbərləri haqda ilk böyük əsərlərdəndi. Həmin il M. Qazıyev Azərbaycanda KP MK-nın qərarı ilə yaradılan Azərbaycan Kommunist partiyası tarixi kitabının I hissəsinin müəlliflərindən və redaktorlarından biri olmuşdu. 1961-ci ilin aprelində 1962-ci ilin may ayına qədər M. Qazıyev Azərbaycan KP MK təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsində işləyir. Azərbaycan Kommunist partiyası XXV qurultayında o, Azərbaycan KP MK üzvü və Azərbaycan SSP Ali Sovetinin 5-ci çağırışının deputatı seçilir.[3]
1969-cu ildə M. Qazıyev N. Nərimanovun inqilabi fəaliyyətinə dair rus dilində yeni monoqrafiya hazırlayıb, nəşr etdirir. Bu işdə, mqəllif V.İ.Leninin görkəmli silahdaşlının həyat və fəaliyyəti haqda qiymətli materiallar toplayıb, elmi cəhətdən əsaslandırılmış nəticələr verir. Elmi və pedaqoji fəaliyyəti illərində M. Qazıyev elmi kadrların hazırlanma işinə böyük zəhmət sərf etmişdir. Onun yüzlərlə şagirdi elmi-pedaqoji və ictimai-siyasi təşkilatlarda çalışırlar. O, 50-dən artıq namizədlik və doktorluq dissertasiyasına rəhbərlik etmiş, opponenti olmuşdur. Onun tələbələri işərisindəgörkəmli elmi işçilər az deyildi. Həm respublika hökuməti, həm də Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti Tarix Muzeyində sovet dövrü daxil olmaqla dolğun ekspozisiyanın yaradılmasının zəruriliyinə diqqət yetirirdi.
Məmməd Əmin Qazıyevi yaxından tanıyanlar onun Azərbaycan Tarixi Muzeyi işindən daha çox məmnun qaldığını bildirirdilər. Məmməd Əmin Qazıyev Azərbaycanda tarix elminin inkişafına böyük töhfə vermişdir. 40 illik elmi-pedaqoji fəaliyyəti ərzində o, 65-dən çox monoqrafiya, kitab, dərs vəsaiti ərsəyə gətirdi, 300-dən artıq məqalə yazmış, respublikamızda elmi kadırların yetişdirilməsi sahəsində xeyli səy göstərmişdir.[4]
M. Qazıyevin çoxillik elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən mükafatlandırılmışdır: "Qafqazın müdafiəsi uğrunda", "Böyük Vətən müharibəsində fədakar əməyinə görə", "Əməkdə fərqlənməyə görə" medalları və 2 dəfə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanları ilə təltif edilmişdir. M. Qazıyev "Bilik" cəmiyyəti Bakı şöbəsinin idarə və rəyasət heyətinin üzvüdür.
M. Qazıyev Azərbaycan tarixinin müxtəlif məsələlərinə, Azərbaycan bolşevik təşkilatları tarixinə, partiya və dövlətin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinə dair 300-dən artıq elmi məqalə, kitabça, kitab və monoqrafiyanın müəllifidir.
Qazıyev Məmməd Əmin Adil oğlu 1982-ci il iyunun 14-də Bakıda vəfat etmişdir.