Məmməd Ağdamski

Məmməd Ağdamski Əhməd oğlu — Azərbaycan Respublikasının Əməkdar Geoloqu (1982), Azərbaycan Neftçi Geoloqlar Assosiasiyasının üzvü (1993), ADNA Geoloji Kəşfiyyat fakültəsinin Dövlət Attestasiya Komissiyasının sədri (2007), beş ixtiranın, on səmərələşdirici təklifin, iyirmidən çox elmi məqalənin müəllifi.

Məmməd Ağdamski
Məmməd Ağdamski Əhməd oğlu
Doğum tarixi
Doğum yeri Ağdaş, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Baki
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Elmira Ağdamskaya
Atası Əhməd Ağdamski
Elm sahəsi Geologiya
Mükafatları "Azərbaycan SSR əməkdar geoloqu" fəxri adı — 1982
Məmməd Ağdamski ailəsi ilə, 1935 il

Məmməd Ağdamski Əhməd oğlu 20 oktyabr 1934-cü ildə Ağdaş şəhərində, ziyalı ailəsində anadan olmuşdur.

O, tanınmış və qədim şəcərəyə malik, xüsusən mədəni — maarif və incəsənət sahəsində görkəmli şəxsiyyətlər yetirmiş Bədəlbəylilər — Qacarlar nəslindəndir.

Məmməd Ağdamskinin atası Əhməd (Bədəlbəyli) Ağdamski (1884–1954) Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (1943), Azərbaycanın tanınmış opera artisti (lirik tenor) olmuş, qadın artistlərinin olmaması üzündən qadın rollarını ifa etmiş, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

M.Ağdamski hələ məktəb yaşlarından mühəndis — neftçi olmaq arzusunda olmuş, 1951-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyasının) geoloji – kəşfiyyat fakültəsinə daxil olmuşdur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1956-cı ildə M.Ağdamski institutu bitirib, təyinatla "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinə göndərilmiş, qırx ilə yaxın fasiləsiz olaraq burada baş geoloq — geologiya üzrə rəis müavini vəzifəsində çalışmışdır. M.Ağdamski ilk əmək fəaliyyətinə Balaxanı sahəsində 2№-li mədəndə quyuların tədqiqatı üzrə operator vəzifəsindən başlamış, qısa müddət ərzində usta köməkçisi, neftçıxarma ustası vəzifəsinə təyin edilmiş, sonradan bilavasitə öz peşə ixtisası üzrə geoloq işləmişdir. Sonrakı dövrlərdə idarənin geoloji şöbəsində geoloq vəzifəsinə təyin edilmiş, 1958-ci ildə İdarənin neft mədəninə böyük geoloq vəzifəsinə göndərilmişdir. Əvvəlcə 9№-li mədəndə, sonra tanınmış neftçi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun rəhbərlik etdiyi 8№-li mədəndə böyük geoloq vəzifəsində çalışmışdır. Yüksək təşkilatçılıq, bilik və bacarıqları nəzərə alınaraq İdarənin geoloji şöbəsinin rəisi (1963), İdarənin baş geoloqu (1970), geologiya üzrə rəis müavini vəzifələrinə irəli çəkilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
Məmməd Ağdamski və həyat yoldaşı Elmira Ağdamskaya

M.Ə.Ağdamski praktiki fəaliyyətlə yanaşı elmi araşdırmalarla da məşğul olmuş, elmin nailiyyətlərinin istehsalata tətbiqi sahəsində fəal iştirak etmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə BalaxanıSabunçuRamana neft yatağının geoloji quruluşunun dəqiqləşdirilməsi, neft ehtiyatlarının yenidən hesablanması istiqamətində böyük işlər aparılmış və maraqlı yeni məlumatlar əldə edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası, "Azneft" İB və "Balaxanıneft" NQÇİ tərəfindən birgə görülmüş işlər nəticəsində adıçəkilən yatağın neft ehtiyatları dəqiqləşdirilmiş, 1975-ci ildə SSRİ Mərkəzi Ehtiyatlar Komissiyası bu ehtiyatları təsdiq etmişdir. Beləliklə, Balaxanı-Sabunçu-Ramana neft yatağının sənaye üsulu ilə işlənməsindən (1871-ci il) yüz il keçdikdən sonra onun geoloji quruluşu haqqında yeni məlumatlar əldə edilmiş və yatağın "asılı" (visyçiy) yox, sərbəst, normal bloklardan ibarət olması müəyyənləşdirilmişdir. Bu da öz növbəsində yatağın səmərəli başa çatdırmaq, qalıq neft ehtiyatlarından tam istifadə etmək istiqamətində düzgün işlər aparmağa imkan yaratmışdır. Xüsusilə Qırmakialtı lay dəstəsi üzrə diqqətə layiq əlavə məlumatlar əldə edilmişdir. Yatağın şimal-şərq və şərq hissəsində V və VII bloklar arasında tektonik pozğunluğun müəyyən edilməsi bu bloklarda qalıq neft ehtiyatı çox olan sahələri aşkar etməyə imkan vermişdir. Nəticədə qalıq neft ehtiyatından səmərəli istifadə etmək məqsədilə bu sahədə yeni quyular qazılmış və bu quyuların neft hasilatı yüksək olmuşdur. Balaxanı-Sabunçu-Ramanı yatağının qərb hissəsində lay enerjisinin tükəndiyi, quyuların qravitasiya rejimində işlədiyi yüksək özlülüklü nefti olan Balaxanı sahəsində laydaxili yanma, istilik üsulu həyata keçirilmiş (1973), prosesin geoloji əsaslandırılması verilmiş, nəticədə yüz minlərlə ton əlavə neft çıxarılmışdır.

Ağdamski M. Sabunçu rayon "Bilik" Cəmiyyətinin sədri (1970–1979) olmuş, SSRİ neft sənayesi əlaçısı (1974), SSRİ ixtiraçısı döş nişanları, 1980) almış, neft hasilatının artırılmasına həsr olunmuş işləri 1981-ci il ümumittifaq müsabiqəsində birinci yeri tutmuş və Mendeleyev adına diplomla təltif edilmiş, dəfələrlə Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı və qalibi (gümüş medal) olmuşdur.

1982-ci ildə Azərbaycan Respublikasının əməkdar geoloqu fəxri adı ilk dəfə təsis ediləndə Azərbaycan Respublikası Ali Soveti Rəyasəti Heyətinin 3 dekabr 1982-ci il tarixli fərmanı ilə ona "Azərbaycan Respublikasının Əməkdar Geoloqu" fəxri adı verilmişdir. M.Ə. Ağdamski Respublikasının neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə ARDNŞ-nin Fəxri Fərmanı (2001), "XX əsrin tanınmış neftçisi" Beynəlxalq Diplomu (2003) ilə təltif olunmuşdur, (2009) ildə 53 il neft geologiyasında uğurlu xidmətlərinə görə "Fəxri Fərman". Hal-hazırda ARDNŞ-ə daxil olan neftçıxarma müəssisəsində geoloq vəzifəsində çalışır.

Evlidir. İki qızı, dörd nəvəsi var.

  • Ənvər Çingizoğlu, Bədəlbəylilər (Miriyevlər), "Soy" еlmi-kütləvi dərgi, 2009, №5, səh.34–48.