Telman Əhməd oğlu Ağdamski (6 avqust 1936, Ağdaş – 19 fevral 2024) — azərbaycanlı kimyaçı, kimya elmləri doktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi (2012).
Telman Ağdamski | |
---|---|
Telman Əhməd oğlu Ağdamski | |
Doğum tarixi | 6 avqust 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 19 fevral 2024 (87 yaşında) |
Atası | Əhməd Ağdamski |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Təhsili | ADU |
Mükafatları |
Telman Ağdamski (Bədəlbəyli) 6 avqust 1936-cı ildə Ağdaşda anadan olmuşdur. Azərbaycanın opera müğənnisi, əməkdar incəsənət xadimi Əhməd Ağdamskinin oğludur. Ağdaş orta məktəbini bitirmiş (1943–1953), ADU-nun Kimya fakültəsində təhsil almışdır (1953–1958). Tələbə olarkən Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Qeyri-Üzvi və Fiziki Kimya İnstitutunda lobarant kimi əmək fəaliyyətinə başlamışdır (1957). Həmin institutun aspiranturasına daxil olub (1958), "Dehidrogenləşmə və polimerləşmə reaksiyalarında xrom-alüminium katalizatorunda nadir torpaq elementlərinin və əlaqələndiricilərin tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). İnstitutun kiçik elmi işçisi olmuş, sonralar APİ-nin Analitik və fiziki kimya kafedrasında dosent (1967), Kimya fakültəsinin dekanı (1972–1981 illər) vəzifələrində işləmişdir. "İkivalentli nadir — torpaq elementlərinin tsiklopentadienil (arenil) metalkarbonilte-trahidrofuranat komplekslərinin sintezi, quruluşu və katalitik xassələri" mövzusunda dissertasiyasına görə kimya elmləri doktoru alimlik dərəcəsi almışdır (1992). "Fiziki kimya" ixtisası üzrə professordur (1995). Hazırda Analitik və fiziki kimya kafedrasının professorudur. 18 aprel 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
19 fevral 2024-cü ildə vəfat etmişdir.[1]
Telman Ağdamskinin əsas elmi-tədqiqatları katalitik və koordinasion kimyaya aiddir. O, xromalüminium katalizatorlarının sintez şəraitini müəyyənləşdirərək, onları dehidrogenləşmə və polimerləşmə reaksiyalarında tədqiq etmişdir. Onun tərəfindən butanın dehidrogenləşmə reaksiyasında nadir və nadir torpaq elementlərinin promotorluq xassəsi öyrənilmiş və indiyə qədər bu məqsədlə istifadə edilən K-5 katalizatorunun yerli xammal əsasında sintez edilmiş yüksək aktivliyə malik katalizatorla əvəz edilməsini təklif etmişdir. O, tərkibində d və f elementləri p və s rabitəsi olan iki və üçvalentli samarium, yevropium və itterbiumun tsiklopentadienil, arenil törəmələrini sintez etmiş, onların xassələrini və quruluşlarını tədqiq etmişdir. Aparılan tədqiqatlardan məlum olmuşdur ki, lantanoid ilə karbon atomu arasındakı rabitə S rabitədir. Onun tərəfindən həmçinin tərkibində kobalt və manqan olan lantanoidlərin-intermetallidlərin alınma üsulu işlənib hazırlanmış və onları seolitlər üzərinə çökdürməklə yeni növ katalizatorlar sintez edilmişdir. Həmin katalizatorların köməyi ilə kiçik molekullar aktivləşdirilir və doymamış birləşmələr yüksək seçiciliklə hidrogenləşmə və karbonilləşmə reaksiyalarına məruz edilir.
Telman Ağdamskinin elmi-pedaqoji fəaliyyəti 11 dərs vəsaitində, 100-ə qədər elmi əsərdə, 3 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.
Telman Ağdamski 1985–2001-ci illərdə koordinasion kimyası üzrə 1985–2001-ci illərdə İsveçrə, Yunanıstan, Avstraliya, Portuqaliya, Almaniya, Yaponiya, Kanada və b. ölkələrdə keçirilmiş XXIII–XXXI konqres və simpoziumlara, karbon qazının işlənilməsinə həsr olunmuş I, II, III, V, VI Beynəlxalq konfranslara (İtaliya, 1993; Yaponiya, 1994, 1997; Almaniya, 1999; Kolorado, ABŞ, 2001) dəvət edilmişdişdir.