Məmmədağa Sultanov — azərbaycanlı tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı.[1]
Məmmədağa Sultanov | |
---|---|
Məmmədağa Sultan oğlu Sultanov | |
| |
Doğum tarixi | |
Doğum yeri | İranın Ərdəbil şəhəri |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Atası | Sultanməhəmmməd Sultanov |
Anası | Səkinə Sultanova |
Mükafatları |
Məmmədağa Sultanov 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində dəmirçi ailəsində anadan olub. Atası Sultanməhəmmməd Məmmədtağı oğlu mədənlərdə fəhlə kimi çalışıb. Anası Səkinə Xəlil qızı isə evdar qadın olub. Məmmədağa Sultanov uşaq ikən ailə Bakıya köçüb.[1] O, ilk təhsilini 1916-1919-cu illərdə Molla Kazımın mədrəsəsində alıb. Sovet hakimiyyəti bərqərar olduğundan Məmmədağa Sultanov yalnız bir il fasilədən sonra təhsilini davam etdirib.[2]
O, 1921-1926-cı illərdə Bakının Sabunçu qəsəbəsində "Təməddüni-İraniyan" məktəbində təhsil alıb. Alim öz tərcümeyi-halında fars dilini bu məktəbdə öyrəndiyini qeyd edib. Orta məktəb illəri 1926-1929-cu illərə təsadüf edən Məmmədağa Sultanov Balaxanıdakı "Gənc mədənçilər" fabrik-zavod məktəbində təhsil alıb.[2]
Məmmədağa Sultanov ixtisaslı neftçi olmaq məqsədilə təhsilini davam etdirib və 1929-cu ildə Sabunçu qəsəbəsindəki Lassal adına Neft Texnikumuna daxil olub. 1931-ci ildə texnikumu bitirən Sultanov neft istehsalçısı ixtisasına yiyələnib.[2]
Məmmədağa Sultanov öz tərcümeyi-halında göstərir ki, 1926-cı ildə atası zavodda baş verən bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirib. Bunda sonra 16 yaşlı Məmmədağa Sultanov "Gənc mədənçilər" adlanan fabrik-zavodda çilingər şagirdi vəzifəsində çalışmağa məcbur olub və eyni zamanda həmin təşkilatın nəzdindəki məktəbdə təhsilini davam etdirib.[2]
Texnikumu bitirəndən sonra Məmmədağa Sultanov jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, "Kommunist" qəzetinin Qazma şöbəsində ədəbi işçi vəzifəsində çalışıb. Daha sonra 1932-ci ildə "Hücum" jurnalına məsul katib təyin olunub və 1933-cü ilə qədər bu mətbu orqanda çalışıb.[2]
O, 1933-cü ildə Kürdəmir rayon MTS-in siyasi orqanı olan "Bolşevik" qəzetinin redaktoru, 1934-1936-cı illərdə "Gənc işçi" qəzetində məsul katib, 1937-1938-ci illərdə "Kommunist" qəzetinin Elm və mədəniyyət şöbəsinin müdiri vəzifələrində jurnalistlik fəaliyyətini davam etdirib.[2]
Məmmədağa Sultanov İkinci Dünya müharibəsi dövründə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin tərcüməçisi və siyasi təlimatçısı kimi Sovet Ordusu tərkibində Təbrizdə (1941–1942) və Qafqazda olub (1942–1945). 1945–1950-ci illərdə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutu əlyazmaları şöbəsinin müdiri vəzifəsini icra edib.
1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəzdində Respublika Əlyazmalar Fondu yaradılıb və Məmmədağa Sultanov fondun ilk direktoru təyin olunub. Alim bu vəzifədə 1972-ci ilə qədər fəaliyyət göstərib və Azərbaycanda elmi əlyazmaşünaslığın ilk patriarxı olub.[2]
Məmmədağa Sultanov 1964-cü ildə SSRİ Elmlər Akademiyası Nəşriyyatının "Şərqin yazılı abidələri" seriyasından olan nəşrlərin redaksiyası heyətinin üzvü seçilib.[2]
Alim 1972-1976-cı illərdə Respublika Əlyazmalar Fondunun Ərəb və farsdilli əlyazmaların tədqiqi və nəşri şöbəsinin müdiri olub. Məmmədağa Sultanov 1976-1981-ci illərdə Azərbaycan SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Azərbaycanın Şərq ölkələri ilə əlaqələri şöbəsinin müdiri vəzifəsini icra edib.[1]
Məmmədağa Sultanov 1982-ci ildən ömrünün sonuna kimi Əlyazmalar Fondunun Ərəb və farsdilli əlyazmaların tədqiqi və nəşri şöbəsinə rəhbərlik edib.[1][2]
Orta məktəbdə oxuduğu illərdə bədii ədəbiyyata həvəs göstərən Məmmədağa Sultanov 1926-cı ildə Sabunçu kənd klubunun nəzdindəki "Ədəbiyyat dərnəyi"nə üzv olub. O, ədəbi fəaliyyətə 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Sənət məktəbi" adlı ilk şeirlə başlayıb.[3]
Ədib "Hücum" mətbu orqanında çalışdığı illərdə ilk bədii tərcüməsi çap olunub. Əsər tacik mühərriri, məşhur "Həblül-mətin" məcmuəsinin naşiri Əbülqasın Lahutinin "Kreml" poeması idi.[3]
Məmmədağa Sultanov 1952-ci ildə ÜİKP MK yanında Marks-Engels-Lenin İnstitutunda təhsil aldığı illərdə bədii yaradıcılıqla məşğul olub, şeirlərini, bədii tərcümələrini "M.Soltan" imzası ilə dərc etdirib. O, 1959-cu ildə SSRİ Yazıçılar İttifaqı üzvlüyünə qəbul olub.[2]
Ədib 1982-ci ildə A.A.Bakıxanov irsinin tədqiqi, tərcüməsi və nəşr hazırlanması işi ilə məşğul olub. 1982-ci ildə A.A.Bakıxanovun "Nəsihətləri"ni, 1984-cü ildə "Seçilmiş əsərləri"ni, 1985-ci ildə "Qurd və ilbiz" təmsilini ayrıca kitab halında çap etdirib. Mirzə İsmayıl Qasirin farsca şeirləri 1988-ci ildə alimin tərcüməsində işıq üzü görüb. Habelə Mirzə Fəqir Ordubadinin qəzəl, qəsidə və mürəbbeləri onun tərtibatı ilə 1989-cu ildə "Ağlar qələm əlimdə" adı altında ayrıca kitab halında nəşr olunub. Alim fars dilinin tədrisi sahəsində təcrübəsini bölüşərək 1983-cü ildə R.Axundova ilə birlikdə 2-ci sinif üçün "Fars dili" dərsliyini hazırlayıb.[2]
Klassik ədəbiyyatdan etdiyi poetik tərcümələr onun yaradıcılığında başlıca yer tutur. "Kəlilə və Dimnə" (1980) kitabındakı şeirləri Füzulinin, Nəsiminin və digər klassiklərin fars dilində yazdığı şeirləri poetik tərcümə etmişdir. Hərr də külli miqdarda kitabları bir mətnşünas kim tərcümə, tərtib edib müqəddimə, şərh və elmi-tədqiqi məqalələr yazmışdır. Rudəki, Cami, Əbu Əli Si na, Sədrəddin Ayni kimi sənətkarların yubileyinds məruzələrlə çıxış etmişdir. Daşkənddə ümumittifaq Şərqşünaslar konfransında (1954), Moskvada Beynəlxalq Şərqşünaslar konqresində (1960), Düşənbədə Ümumittifaq konfransında (1982) nümayəndə idi. Fəal ictimai iş aparmışdır: işlədiyi elmi-tədqiqat institutlarında yerli həmkarlar ittifaqının sədri, ilk partiya təşkilatının katibi olmuşdur. Xidmətlərinə görə 7 medalla təltif edilmişdir.
Məmmədağa Sultanov 1933-cü ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunub. O, intibah dövrü Azərbaycan klassik ədəbiyyatı üzərində araşdırma aparıb.[2]
Məmmədağa Sultanov ordu sıralarından tərxis olunduqdan sonra elmi fəaliyyətini davam etdirib. Belə ki, o, 1945-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına bərpa edilib və Azərbaycan SSR EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Eyni zamanda pedaqoji fəaliyyətini də davam etdirib. O, Bakı Dövlət Universitetində fars dili və İran ədəbiyyatını tədris edib.[2]
Məmmədağa Sultanov 1946-cı ildə aspiranturanı bitirsə də, ali savad diplomu olmadığı üçün müdafiəyə buraxılmayıb. Bu zaman onun elmi-ədəbi fəaliyyəti, dissertasiya işinin müdafiəyə hazır olması nəzərə alınaraq SSRİ Ali Təhsil Nazirliyinə müraciət olunub və Ali Attestasiya Komissiyası BDU rəhbərliyinə Məmmədağa Sultanovdan həmin universitetin Filologiya fakültəsinin eksternaturasında müvafiq imtahanları qəbul edib, ali təhsil haqqında sənədi təqdim etmədən onu müdafiəyə buraxmağı tövsiyə edir. № F-3/09 saylı, 15 may 1954-cü il tarixli arayışda Məmmədağa Sultanovun 25 noyabr 1947-ci il tarixində ekstern imtahanlarını verdiyini və müdafiəyə buraxılması üçün heç bir maneənin qalmadığını təsdiqləyib.[2]
Məmmədağa Sultanov 12 fevral 1948-ci il tarixində Xaqani Şirvaninin həyat və yaradıcılığının tədqiqinə həsr olunmuş ""Əfzələddin Xaqani Şirvani" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1949-cu ildə elmlər namizədi diplomunu alan alim sonralar öz tədqiqat işi üzərində işləyərək onu 1954-cü ildə "Xaqani Şirvani (həyatı və yaradıclığı haqqında)" adı altında monoqrafiya şəklində çap etdirib.[2]
Məmmədağa Sultanov ali siyasi təhsil almaq üçün 1952-ci ildə ÜİKP MK yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının axşam şöbəsinə daxil olub.[2]
Məmmədağa Sultanov XX əsrin 50-60-cı illərində Moskva, Bakı, Sankt-Peterburq, Tiflis, Daşkənd, Düşənbə şəhərlərində keçirilən bir çox konfrans, konqres və elmi sipoziumlarda əlyazmaçünaslığın əsas problemlərindən məruzələr edib. Onun "Azərbaycan RƏF-də qorunan ərəbdilli əlyazmalar", "Əlyazmaların izahlı kataloqunun tərtib prinsipləri" (1959), "Qədim əlyazmalrın arxeoqrafiyası və tədqiqi məsələləri" (1969) məruzələri istinad olunan mənbələr sırasındadır.[2]
Alim Ərəb və farsdilli əlyazmaların tədqiqi və nəşri şöbəsinin müdiri olduğu illərdə "Maddeyi-tarix və onun tərtibi haqqında" (1972), "Azərbaycan əlyazlarlar xəzinəsində Caminin əsərləri (tacik dilində)" (1973), "Bir daha Nizami "Divan"ı haqqında" (1974), "Nəyi və necə tərcümə etmək lazımdır?" (1975), "Füzuli ədəbi məktəbinin davamçıları" (1976) kimi elmi məqalələr çap etdirib.[2]
Məmmədağa Sultanovun pedaqoji fəaliyyəti ali tədris müəssisələri ilə bağlı olub. Belə ki, o, 1938-ci ildə mühəndis və təsərrüfatçıların ixtisasını artıran institutda Azərbaycan dili kafedrasının müdiri, 1939-1941-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ilk fars dili müəllimi kimi çalışıb.[2]
Məmmədağa Sultanov İkinci Dünya müharibəsi illərində elmi-pedaqoji fəaliyyətini yarımçıq qoymağa məcbur olub və 1941-ci ildə cəbhəyə yola düşüb. O, 1941-ci ildə Tiflisdə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin VII şöbəsində fars dili mütərcimi kimi çalışarkən həm də jurnalist kimi fəaliyyətini davam etdirib. "Şöbə" qəzeti ilə əməkdaşlıq edib. 1942-ci ildə Təbrizdə 47-ci döyüşən ordunun siyasi şöbəsində baş təlimatçı vəzifəsini icra edib.[2]
Məmmədağa Sultanov 1943-cü ildə Tiflisdə Zaqafqaziya cəbhəsi siyasi idarəsinin VII şöbəsində xidmət edərkən "Şimali İranda siyasi partiyalar və qruplaşmalar" (rus dilində) adlı ilk kitabını nəşr etdirib. Daha sonra Bakıya qayıdaraq keçmiş Lenin rayon hərbi Komissarlığında 1-ci şöbənin rəis müavini təyin olunub. 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif olunub. Məmmədağa Sultanov 1945-ci ildə ordu sıralarından baş leytenant rütbəsində tərxis olunub.[2]
Məmmədağa Sultanov 1947-ci ildə bəy nəslindən olan Badisəbah Sultanova ilə ailə həyatı qurmuşdu. Badisəbah Sultanovanın atası Mircavad bəy Talışxanov Rusiyada ali təhsil almış və bir neçə dil bilən ziyalılardan idi. Lakin 1937-ci ildə "xalq düşməni" kimi güllələnmişdi.[3]
Alimlər Rəhim Sultanov və Qədir Sultanovun qardaşı idi.
Məmmədağa Sultanov 22 yanvar 1991-ci ildə Bakıda vəfat edib.[1] "Kommunist" qəzetində alim haqqında nekroloq dərc olunub.[2]
Məmmədağa Sultanov 1946-cı ildə faşizm üzərində qələbənin ildönümü münasibətilə SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olunub.[2]
Alim 1952-ci ildə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin müvafiq qərarı ilə "Əməkdə rəşadətə görə" medalı ilə təltif olunub.[2]
Məmmədağa Sultanov 1966-cı ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub. 1967-ci ildə isə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. 1970-ci ildə anadan olmasının 60 illiyi münasibətilə Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, V.İ.Leninin 100 illiyi ilə əlaqədar "Rəşadətli əməyə görə" medalı ilə təltif olunub.[2]
Məmmədağa Sultanov 1977-ci ildə Böyük Vətən müharibəsində qələbənin 30 illiyi münasibətilə yubiley medalı, 1980-ci ildə isə "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı ilə təltif olunub və 1981-ci ildə alimə xidmətlərinə görə fərdi təqaüd təyin edilib.[2]
Məmmədağa Sultanov 1985-ci ildə Böyük Vətən müharibəsində qələbənin 40 illiyi münasibətilə yubiley medalı və II dərəcəli ordenlə, 1986-cı ildə Sovet Müharibə Veteranları Komitəsinin döş nişanı, 1987-ci ildə Azərbaycan LKGİ-nin fərmanı və Azərbaycan Milli Elmlər Akademiyasının "Müharibə və əmək veteranı" xatirə nişanı, 1988-ci ildə "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" ordeni ilə təltif olunub.[2]