Mərkəzi Asiya üstəgəl Yaponiya dialoqu – Yaponiya ilə Mərkəzi Asiyada yerləşən dövlətlər (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) arasında yeni əməkdaşlıqlar yaratmaq məqsədilə irəli sürülən siyasi təşəbbüs. Məqsəd Yaponiya ilə Mərkəzi Asiya arasında əlaqələri yeni səviyyəyə qaldırmaqdır.[1][2] Neytrallığını qoruyan Türkmənistan sadəcə müşahidəçi qismindədir.
Dialoq 28 avqust 2004-cü ildə Qazaxıstanın Astana şəhərində Yaponiya və Mərkəzi Asiya ölkələrinin nazirlərinin görüşündə elan olunmuşdur. Buraxılan birgə bəyannamədə tərəflərin 4 istiqamətdəki baxışları əks olunmuşdur: fundamental prinsiplər və dəyərlər, əlaqələrin genişləndirilməsi, regionlararası əməkdaşlıq və beynəlxalq arenada əməkdaşlıq. Bəyannaməyə əsasən dialoqun əsas hədəfləri bunlardır:[1]
Birgə bəyannamədə Yaponiya ilə Mərkəzi Asiya arasında potensial əməkdaşlıq sahələri də göstərilmişdir.
Kavaquçiyə görə ilk görüş 2004-cü ildə Qazaxıstanın baş naziri olan Qasım-Comərd Tokayevin səyləri ilə baş tutmuşdur.[3]
4 mart 2005-ci ildə beş ölkə Özbəkistanın Daşkənd şəhərində yenidən görüşmüşdür. 5 iyun 2006-cı ildə Tokioda növbəti görüş baş tutmuşdur. Bu görüşdə görüşlərin davam etdirilməsinə qərar verilmişdir.[4] Görüş zamanı Yaponiya-Mərkəzi Asiya mübadiləsindəki inkişaflar və problemlər müzakirə olunmuşdur. Əfqanıstanın xarici işlər naziri görüşdə qonaq qismində iştirak etmişdir.[5]
İki region arasında intellektual mübadiləni inkişaf etdirmək üçün Tokioda iki "intellektual dialoq" baş tutmuşdur.[6]
Dördüncü görüş 10 noyabr 2012-ci ildə Tokioda baş tutmuşdur. Görüşdə Qırğızıstan xarici işlər naziri Erlan Abdıldayev, Yaponiya xarici işlər naziri Koiçiro Qemba, Qazaxıstan xarici işlər naziri Erlan İdrisov, Tacikistan xarici işlər naziri Hamrohon Zarifi, Türkmənistan xarici işlər naziri Rəşid Meredov, Özbəkistan xarici işlər naziri Vladimir Norov iştirak etmişdir. Görüş zamanı Yaponiya hökuməti regional əməkdaşlıq üçün 700 milyon dollar büdcə ayırmağa qərar vermişdir.[7]