Maddə və sahə zərrəcikləri

Maddə və sahə zərrəcikləri aşağıdakılardır:

Maddə və sahə zərrəcikləri - maddəni təşkil edən əsas zərrəciklər elektronlar, protonlar və neytronlardır.

Elektron - təbiətdə ən kiçik sükunət kütləsinə (9,1·10-31kq) və mənfi elektrik yükünə malik zərrəcikdir. Elektronu 1897-ci ildə ingilis alimi C.Tomson kəşf etmişdir.

Proton - müsbət yüklü zərrəcik olub (onun yükü mütləq qiymətcə elektron yükünə bərabərdir və 1,6·10-19Kl-dur) atom nüvəsini təşkil edən zərrəciklərdən biridir. Protonun sükunət kütləsi elektronun kütləsindən ≈1836 dəfə böyük olub 1,673·10-27kq-dır və 1919-cu ildə ingilis alimi E.Rezerford kəşf etmişdir.

Neytron - elektrik cəhətdən neytral zərrəcik olub, kütləsi elektronun sükunət kütləsindən ≈1839 dəfə böyükdür(1,675·10-27kq)və nüvəni təşkil edən zərrəciklərdən biridir.

Atom nüvəsi - güclü qarşılıqlı təsir hesabına protonlarla neytronlar arasında yaranan və atomun kütləsini əsasən özündə saxlayan əlaqəli sistemdir.

Atom - müsbət yüklü nüvədən və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarət mürəkkəb əlaqəli sistemdir.

İon - elektron itirmiş(və ya əlavə olaraq qazanmış)atomdur.

Molekul - maddənin kimyəvi xassələrini özündə saxlayan ən kiçik hissəcik olub, iki və daha çox atomdan ibarət mürəkkəb əlaqəli sistemdir. Molekul termini latınca moles-kütlə və kula-kiçik söz birləşmələrindən yaranaraq kiçik kütlə mənasını daşıyır. Bu sözü elmə ilk dəfə fransız alimi P.Qassendi gətirmişdir. Məsələn, hidrogen molekulu (H2) iki hidrogen atomundan,su molekulu, (H2O)iki hidrogen və bir oksigen atomundan təşkil olunmuşdur.

Sahə zərrəcikləri - qravitonlar,fotonlar və qlüonlardır. Bu zərrəciklərin sükunət kütləsi və elektrik yükləri yoxdur.

Qraviton - qravitasiya sahəsinin qarşılıqlı təsirini daşıyan zərrəcik olub kütləyə malik olan bütün cisimlər arasında qarşılıqlı cəzb etməni təmin edir.

Foton - elektromaqnit sahəsinin zərrəciyi olub elektromaqnit qarşılıqlı təsirini ötürülməsini təmin edir. Fotonun mövcudluğunu ilk dəfə 1900-cü ildə alman alimi M.Plank nəzəri yolla əsaslanmışdır. Plank bu hissəcikləri kvantlar, Albert Eynşteyn isə fotonlar adlandırmışdır.

Qlüon - nüvə sahəsinin zərrəciyi olub nüvəni təşkil edən kvaklar arasında qarşılıqlı təsiri daşıyır. İngiliscə qlu - yapışqan deməkdir.

  • M.Murquzov və b. Fizika. VII sinif Fizika. Bakı, 2004, səh. 55.