Makedoniyalı İsgəndərin məzarı bir neçə tarixi məlumatda təsdiqlənir, lakin onun indiki dəqiq yeri hələ də sirr olaraq qalır. Makedoniyalı İsgəndər Babildə vəfat etdikdən sonra cəsədi əvvəlcə hərbi rəhbərlərindən biri olan I Ptolemey tərəfindən Memfisdə dəfn edildi.[1][2][3][4] Daha sonra II Ptolemeyin cənazəni İsgəndəriyyəyə köçürdüyü və məzarın, burada ən azı Son Antik dövrə qədər qaldığı məlumdur. Tarixi mənbələrdə Yuli Sezar, Kleopatra və Oktavian Avqust və digər önəmli şəxslərin, antik dövrdə İsgəndəriyyədə İsgəndərin məzarını ziyarət etdikləri qeyd olunur. Lakin məzarın sonrakı taleyi məlum deyil və 4-cü və ya 5-ci əsrlərdə dağıdılmış olma ehtimalı var.[5] 19-cu əsrdən bəri İsgəndərin İsgəndəriyyədəki məzarının yerini müəyyən etmək üçün yüzdən çox rəsmi cəhd edilmişdir.[6]
Kurtius Rufus və tarixçi Yustinin dediyinə görə, İsgəndər ölümündən bir müddət əvvəl Sivədəki Amon məbədində dəfn edilməsini xahiş edib.[7] Çünki İsgəndər Amonun oğlu kimi xatırlanmasını və qəbul edilməsini istəyirdi və əsl atasının yanında dəfn olunmaq istəməmişdi.[7] İsgəndərin cəsədi Siciliyalı Diodorun dediyinə görə, bədənə bərkidilmiş döyülmüş qızıl tabuta qoyulmuşdu. Tabut haqqında Strabonun və Kurtius Rufusun da tarixçələrində bəhs olunur. Ehtimal olunur ki, sonradan eramızdan əvvəl 89–90-cı illərdə qızıl tabut əridilmiş və şüşə və ya büllur tabutla əvəz edilmişdir.[8]
İsgəndərin ölmüş bədəninə sahib olmaq Perdikka, I Ptolemey və I Selevk Nikator arasında əsas müzakirə mövzusu olmuşdu və kim tərəfindən sahiblənəcəyi müzakirənin əsas predmetinə çevrilmişdi.[9] Beləliklə İsgəndərin Sivada dəfn olunmaq arzusu yerinə yetirilmədi. Eradan əvvəl 321-ci ildə Makedoniyaya qayıdarkən, İsgəndərin cəsədi olan cənazə arabası Suriyada, İsgəndərin həm də əsas sərkərdələrindən biri və cangüdəni olmuş I Ptolemey tərəfindən qaçırıldı.[3] Eradan əvvəl 322-ci ilin sonu və ya 321-ci ilin əvvəllərində I Ptolemey cəsədi Misirə göndərdi və orada İsgəndər hökumətinin mərkəzi olan Memfis şəhərində dəfn edildi.[10] I Ptolemey İsgəndərin cəsədinə sahib olduğu halda, digər əsas silahdaşları Perdikka və Eumen İsgəndərin zirehinə, tacına və kral əsasına sahib idilər.[11]
İsgəndəriyyəni ziyarət edən Plutarxın dediyinə görə, Katanyalı Payton və Selevk, kahindən İsgəndərin cəsədinin İsgəndəriyyəyə göndərilib-göndərilməyəcəyini soruşmaq üçün Serapeumə göndərilib və kahin müsbət cavab verib.[12]