Mal bazarı qatili

Mal bazarı qatili1992-1993-cü illərdə Azərbaycan Respublikasının AğdamBərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır.

Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır.

Cinayətlərin törədilməsi üsulu AğdamBərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir. Əvvəlcə ata mal bazarına daxil olur, müşahidə aparır, alver eləyənlərə diqqət edir. Qurbanını müəyyən etdikdən sonra ona yaxınlaşır, mal satmaq, yaxud almaq istədiyini deyib, oğlunun gözlədiyi UAZ markalı avtomobilə otuzdurur. Guya sərnişinə hörmət əlaməti olaraq oğlunu arxaya keçirir, özü sükan arxasına əyləşir. Yolun adamsız hissəsində oğul arxadan ağır dəmirlə sərnişinin gicgahından vurub, qüvvətli qolları ilə arxaya çəkir, arxada isə ayağını boğazına basır və dəmir alətlə ürəyinin üstünə zərbələr endirib huşsuz halda olan yaralını qətl edir. Cib soyuldqudan sonra, meyit gözdən uzaq kanal qırağına atılır.

20 iyul tarixində səhər saat 11-12 radələrində bir nəfər şübhəli şəxsi mülkü formada olan polislər izləyirdilər. Şübhəli şəxs bir nəfəri bazardan uzaqda saxladığı "UAZ" markalı avtomobilə mindirir və bazardan uzaqlaşır.

Polislər avtomobili izləməyə başlayırlar. Köhnə buraxılışdan olan L – 09 78 nömrə nişanlı QAZ-69 markalı avtomobili izləyən əməkdaşların tələblərini yerinə yetirməyən sürücü manevr eləyərək sürəti daha da artırır, polislərdən uzaqlaşmağa çalışır. Polislər atəş açırlar, "UAZ" yol kənarındakı beton maneəyə dəyib dayanır. Maşında olan üç nəfərdən biri, yəni aldadılıb vurulan sərnişin qan içindəydi, onu xəstəxanaya çatdırırlar, həyatını xilas eləmək mümkün olur. Sürücü yaxalanır, arxada oturan oğlan isə qaçır.

Araşdırma və hökm

[redaktə | mənbəni redaktə et]

Məlum olur ki, öldürülənlərdən bəzilərini tanıdıqlarından onları aldadıb maşına otuzdurmaq elə də çətin olmayıb. Qətlə yetirilən Ətyeməzli kənd sakini Saday Haqverdiyev isə qatillərin qapı qonşusuymuş və ata-oğul hətta onun yasında da iştirak eləyib, başsağlığı veriblər. Ağdam Rayon Polis Şöbəsindən göndərilən sənədlər arasında Elman Həsənovun bacısının qaynı Vahid Meydiyevin də 1993-cü ilin fevral ayından naməlum şəkildə yoxa çıxdığı bildirilirdi. İstintaqçılar bu məsələdə də ata və oğulu şübhəli bilirdilər. Şübhələr doğru çıxır. Həsənov Elşən bildirir ki, Mehdiyev Vahidi atası öldürüb və bu haqda özü ona deyib. Elman əvvəlcə qəti şəkildə bu məsələylə heç bir əlaqəsi olmadığını desə də, sonradan qohumunu öldürdüyünü etiraf edir.

İstintaq materialına görə, hadisə belə olub. Elman Həsənov Vahid Mediyevlə birlikdə tanıdıqları bir hərbçinin evindən oğurluq edirlər. Aradan bir müddət keçdikdən sonra Vahid qorxaraq payına düşən oğurluq mallardan imtina edir. Elman başa düşür ki, Vahid onu sata da bilər. Ona görə də qohumunu evlərinə çağırır, başından küt alətlə vurub öldürür, sonra maşına qoyub kimsəsiz yolların birinə gətirir, avtomobillə meyitin üstündən 3-4 dəfə keçir ki, cəsəd tapılsa, onun avtoqəza nəticəsində öldüyü təəssüratı yaransın. 1993-cü il 23 iyulunda Ağdam işğal olunur və Vahidi Mehdiyevin cəsədini tapmaq mümkün olmur.

Cinayət işinə Bərdə Rayon məhkəməsində Ali Məhkəmədən göndərilmiş hakimlər tərəfindən baxılmışdır. Hökm nəticəsində hər iki şəxsə güllələnmə cəzası verilmişdir. 1994-cü ildə Azərbaycanda güllələnmə hökmü ömürlük həbs cəzası ilə əvəz olunur. Ata-oğul qatillər ömürlük məhkum olunurlar. Ata Elman Həsənov həbsxanadaca ömrünü başa vurub, oğul isə hələ həbsxanada cəzasını çəkməkdədir.

# Adı, soyadı Öldürüldüyü rayon Kəndi Yoxa çıxdığı tarix
1 Saday Haqverdiyev Ağdam rayonu Ətyeməzli 23 may, 1993
2 Səmiyəddin Abdullayev Ağdam rayonu Çəmənli 6 iyun, 1993
3 Telman İbrahimov Ağdam rayonu Ağdam şəhəri 4 iyul, 1993
4 Bakir Quliyev Ağdam rayonu Kürdlər 11 iyul, 1993
5 Vahid Mehdiyev Ağdam rayonu Sırxavənd fevral, 1993
6 Nüsrət Musayev Bərdə rayonu Bərdə şəhəri dəqiq bilinmir
7 Abbas Əliyev Bərdə rayonu Həsənqaya 11 iyul, 1993
8 Binnət Abbasov Bərdə rayonu Bərdə şəhəri 25 iyul, 1993

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]