Sırxavənd — Azərbaycan Respublikasının Ağdərə rayonunun Sırxavənd kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi Ağdam rayonunun inzibati tərkibinə verilmişdir.[2]5 dekabr 2023-cü ildə yenidən Ağdərə rayonunun tərkibinə daxil edilib.[3]
Sırxavənd | |
---|---|
40°06′ şm. e. 46°42′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 830 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Ulubab və Ballıqaya silsilə yüksəkliklərinin əhatəsində yerləşən Sırxavənd kəndi Xaçınçayın sol sahilində salınmışdı. Bura Aranla dağlıq ərazinin, Qırxqızla Murov dağlarının kəsişdiyi yerdir. Kənd strateji cəhətdən çox əhəmiyyətli yerdə yerləşirdi. 60-cı illərin əvvəllərində çəkilmiş Ağdərə-Xankəndi dağ yolu (keçmişdə qocalar bu yola “daşnak yolu” deyirdilər) Sırxavəndin üstündən keçir. Sırxavənd Ağdərə və Ağdamdan 30 km, Xankəndindən 40 km məsafədədir. Qazançı, Çıldıran, Ballıqaya, Dovşanlı, Seyidbəyli kimi erməni kəndlərinin əhatəsində yerləşirdi.
Qarabağın bu qədim yurdu 20-ci əsrdə dörd dəfə düşmənin hücumuna məruz qalmış və yerlə yeksan edilərək daşı-daş üstə qalmamışdı. 1991-ci ilin aprel ayında Dağlıq Qarabağda münaqişə ilə əlaqədar o zamankı respublika hökumətinin qərarı ilə Sırxavənd ərazi icraiyyə komitəsi yaradıldı. Məqsəd Ağdərə rayonundakı 12 azərbaycanlı kəndinə idarəetmə mərkəzi yaratmaq idi. Sırxavənd bu günlər əsl mərkəzə çevrildi. Ərazi polis bölməsi, kənd təsərrüfatı idarəsi, təhsil şöbəsi, maddi-texhiki təchizat bazası, avtomobil bazası, iki yol təmir tikinti idarəsi və s. idarə, müəssisələr yaradıldı və fəaliyyətə başladı. 1991-ci ilin dekabrında rəsmi olaraq kəndin özünümüdafiə batalyonu yaradıldı. Batalyonun başçısı olaraq Bəhmən Məmmədov təyin edildi.[4]
Ağdərənin Sırxavənd kəndi 1992-ci il martın 12-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. Həmin gün Sırxavənd daxil olmaqla Ağdərənin azərbaycanlılar yaşayan kəndləri - Bəşirlər, Qaraşlar, Baş Güneypəyə, Orta Güneypəyə, Xatınbəyli və başqa türk yurdları erməni silahlı qüvvələrinin total hücumu nəticəsində düşmən əlinə keçib. 1992-ci il iyunun 3-də Sırxavənd şəhid batalyon komandiri Şirin Mirzəyevin rəhbərliyi altında həyata keçirilən əməliyyatla azad edilsə də, cəmi 3 gün sonra yenidən işğal olunub. Müharibədə 19 şəhid verən kəndin özünümüdafiə batalyonunun onlarla üzvü yaralanıb. 4 sırxavəndli müharibədəki igidliklərinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. İki nəfər bu fəxri ada ölümündən sonra layiq görülüb.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il tarixində imzalanan razılaşma əsasında keçmiş DQMV ərazisində yerləşməsi səbəbilə Ağdam rayonunun təhvil verilməsi zamanı Azərbaycanın nəzarətinə keçməyib.[5][6]
23 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (ARMN) öz rəsmi YouTube kanalında Sırxavənd kəndinə aid olduğu iddia edilən videogörüntülər yayıb.[7] [8] Daha sonra ARMN sözügedən videonu silərək Yeni Qaralar adı ilə yenidən yükləyib.[9][10]
19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatları nəticəsində kənd Azərbaycan nəzarətinə qayıtmışdır.
Sırxavənd Ağdərənin azərbaycanlılar yaşayan ən böyük kəndi idi, onun 2 minə yaxın əhalisi vardı. Burada 250-dən çox ev var idi. Əslində 1923-cü ildən DQMV-nin yarandığı ilk gündən, gözdən, könüldən kənarda qalmış bu kəndlər xüsusilə 50-ci illərin əvvəllərində burada yaşayan azərbaycanlılar düşünülmüş gizli miqrasiyaya məruz qalmışlar. On illiklər ərzində azərbaycan kəndlərinin sosial-iqtisadi və mədəni inkişafı üçün heç bir iş görülməmiş, yeni iş yerləri açılmamış, mütəxəssislərə qsədən iş verilməmiş və bunu nəticəsində minlərlə azərbaycanlı dolanışıq çətinliyi ucbatından rayondan baş götürüb getməyə məcbur edilmişdir. Təkcə bir faktı qeyd edək ki, qonşu erməni kəndlərinin hamısında xəstəxana, poçt, klub olduğu halda 12 azərbaycanlı kəndinin hüç birində bu obyektlər olmamışdır. Sırxavənddə işğala qədər 250-yə yaxın ailə yaşayırdı. Həmin dövrdə respublikanın müxtəlif şəhər və rayonlarında 270-ə yaxın əslən Sırxavəndli olan ailə möcvud idi. Sırxavənddən (Ağdərə rayonu ləğv edildiyindən kənd Ağdamın ərazisi sayılır) məcburi köçkünlər ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıb. Nisbətən sıx məskunlaşma Bərdə rayonundadır.[11][12]