Mamiya Rinzo (間宮 林蔵?, 1780[1][2] – 13 aprel 1844, Edo[d]) – Yaponiya səyyahı və tədqiqatçısı.[3] Saxalin adasının boğaz vasitəsilə materikdən ayrıldığını kəşf etmiş, Amur çayı boyunca səyahət edən ilk yapon olmuşdur.[3] Avrasiya materikini Saxalin adasından ayıran Tatar boğazı Yaponiyada onun şərəfinə Mamiya boğazı (間宮海峡, Mamiya kaykyo?) adlandırılır.[3]
Mamiya Rinzo | |
---|---|
yap. 間宮林蔵 | |
Doğum tarixi | 1780[1][2] |
Vəfat tarixi | 13 aprel 1844 |
Vəfat yeri | |
Vəfat səbəbi | sifilis |
Fəaliyyəti | tədqiqatçı-səyyah[d] |
Vikianbarda əlaqəli mediafayllar |
1780-ci ildə Hitaçidə yaşayan bir çəllək ustasının oğlu kimi doğulmuşdur.[3] Çoğrafiyaşünas İno Tadatakanın müşayiəti altında kartoqrafiyanı öyrənmişdir.[3] 1800-cü ildən etibarən Ezo adasında və Cənubi Kuril adalarında şoqun administrasiyası üçün tədqiqatçı kimi işləməyə başlamışdır.[3] 1807-ci ildə rusların Etorofu adasına etdikləri basqında ruslara qarşı döyüşmüş və yaralanmışdır.[3] Saxalin adasını öyrənməklə vəzifləndirilən Rinzo 1808-ci ildə Matsuda Dencuro ilə birlikdə adanın cənub hissəsini tədqiq etmişdir.[3] Növbəti il təkbaşına adanın qərb hissəsinə səyahət etmiş, Saxalin adasının boğaz vasitəsilə Avrasiya materikindən ayrıldığını kəşf etmişdir.[3] Həmin dövrdə Yaponiya və Qərb dünyasında Saxalin adasının materikə bitişik olduğu düşünülürdü.[3]
Rinzo geri qayıtmayaraq Saxalin adasından materikə səyahət etmiş və Amur çayı boyunca irəliləyərək Deren ticarət postunda Mancuriya rəsmiləri ilə görüşmüşdür.[4] Rinzo səyahətlərində öyrəndiklərini "Saxalinin illüstrasiyalı hesabatı" və "Tartariya səyahətləri" əsərlərində bölüşmüşdür.[4]
Rinzo Yaponiyaya qayıtdıqdan sonra şoqunluq üçün casusluq və xəbərçilik etməyə başlamışdır.[4] Edoya səyahət etmiş alman təbiətşünas Filip Frans fon Zibold ilə gizlicə bəzi xəritələri mübadilə edən kartoqraf Takahaşi Kaqeyasunun 1828-ci ildə həbs olunmasında Rinzonun əli olduğu düşünülür.[4] Bir çox keçmiş həmkarı Rinzo ilə əlaqələri kəsmiş və o, son illərini tək keçirmişdir.[4] Zibold Avropaya qayıtdıqdan sonra Mamiyanın kəşflərini Qərb dünyasında ictimailəşdirmişdir.[4]