Əliyev Maqsud İsfəndiyar oğlu (27 avqust 1924, Tiflis – 23 dekabr 2016, Bakı) — akademik, Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini.[1]
Maqsud Əliyev | |
---|---|
Maqsud İsfəndiyar oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Gürcüstan SSR, SSRİ |
Vəfat tarixi | (92 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | fizika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru (1966) |
Elmi adları | professor (1967), akademik |
İş yeri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
Maqsud Əliyev 1924-cü il avqustun 27-də Tiflis şəhərində anadan olmuşdur. 1931-ci ildə Tiflisdə orta məktəbin birinci sinfinə getmiş, 1941-ci ildə həmin məktəbi bitirmişdir. 1941-1943-cü illərdə Tiflis Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində tələbə olmuş, 1943-1945-ci illərdə isə Sovet Ordusu sıralarında xidmət etmişdir.
1950-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, Politexnik İnstitutunda, Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedaqoji iş aparmışdır. O, eyni zaman da Azərbaycan EA Fizika və Riyaziyyat İnstitutunda elmi-tədqiqat işləri ilə də məşğul olmuşdur.
Maqsud Əliyevin elmi fəaliyyəti çox maraqlı xüsusiyyətlərə malik olan selen yarımkeçiricisinin fiziki xassələrinin öyrənilməsinə yönəlmişdir. O, selenin kristallaşmasına, elektrik, optik və istilik xassələrinə az miqdarda aşqarların tə’sirinin ilk tədqiqatçılarından biridir. M.İ. Əliyev bu nəticələri ümumiləşdirərək 1957-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
M.İ. Əliyev 1961-ci ildən Azərbaycan EA Fizika İnstitutunda əvvəlcə böyük elmi işçi, sonralar isə "Yarımkeçiricilərdə köçürmə hadisələri" laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Maqsud Əliyevin tədqiqatlarında əsas yerlərdən birini yarımkeçiricilərin istilikkeçirməsi problemi tutur. Bu problemin həlli fononlar, elektronlar, elektron-deşik cütləri, eksitonlar, maqnonlar ilə əlaqədar olan bir çox əsaslı məsələləri aydınlaşdırmağa imkan vermişdir.
M. Əliyevin güclü legirə olunmuş klassik yarımkeçiricilər olan germanium, silisium və "A" "V" birləşməsinin istikkeçirməsinin tədqiqinə aid işlərini H.M. Abdullayev, professorlar D.N. Nasledov, A.R. Regel, L.S. Stilbans və digər məşhur alimlər yüksək qiymətləndirmişlər. Bu nəticələr M.İ. Əliyevin doktorluq dissertasiyasının əsasını təşkil etmiş, o, 1966-cı ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini, 1967-ci ildə isə professor adını almış, bir sıra orden, medal və diplomlara layiq görülmüşdür.
Son illər akademik Maqsud Əliyev ənənəvi elmi istiqamətilə bərabər çox maraqlı və aktual olan problem-məşhur alim Lütfi Zadənin qeyri-səlis çoxluqlar, qeyri-səlis məntiq sahəsində fəaliyyət göstərir. "Fizika problemləri və qeyri-səlis məntiq" üzrə elmi problemləri inkişaf etdirməklə məşğul olur. Bu sahədə keçirilən bir neçə beynəlxalq konfranslarda (Almaniya, İran) məruzələrlə çıxış etmişdir.
Akademik Maqsud Əliyev ittifaq mətbuatında və xarici mətbuatda dərc olunmuş 300-dən artıq elmi məqalənin və 20 ixtiranın müəllifidir. Onun "Yarımkeçiricilərin istilikkeçirməsi" adlı kitabı şöhrət qazanmışdır.
Yüksək ixtisaslı elmi kadrların hazırlanmasında alimin xidmətləri böyükdür. Belə ki, o, yarımkeçiricilər fizikası və onun tədris metodikası sahəsində 40-a qədər elmlər namizədi və elmlər doktoru yetişdirmişdir. O, 1950-ci ildən respublikanın bir çox ali məktəblərində assistent, baş müəllim, dosent və professor vəzifələrində işləyərək pedaqoji fəaliyyət göstərmişdir. Akademik M.İ. Əliyev BDU-da yarımkeçiricilər fizikası üzrə xüsusi kursdan mühazirələr oxumaqla bərabər, respublikamızda kadrlar hazırlanmasında da böyük əmək sərf edir.
Alim yarımkeçiricilər fizikası sahəsindəki və elmi kadrlar hazırlanmasındakı böyük xidmətlərinə görə 1969-cu ildə Azərbaycan Respublikası EA-nı müxbir üzvü, 1980-cı ildə isə həqiqi üzvü seçilmişdir.
Maqsud Əliyev Azərbaycan Respublikası EA fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibinin müavini vəzifəsində işləyərək, aktiv elmi təşkilatçılıq işi aparır. O, Azərbaycan EA-nın "Fizika problemləri" elmi şurasının sədr müavini, Rusiya EA Rəyasət Heyətinin "Yarımkeçiricilər fizikası və kimyası" kompleks problemi və "Yarımkeçirici materialşünaslığının fiziki-kimyasının əsasları" üzrə elmi şuraların üzvüdür. Akademik M. Əliyev "Fundamental və tətbiqi işlər" üzrə komissiyanın sədri kimi 1986-2005-ci illər üçün elmi-texniki tərəqqi kompleks proqramının tərtib olunmasında fəal iştirak etmişdir. O, Azərbaycan Ensiklopediyasının və respublika Akademiyasının nəşr işində yaxından iştirak etmişdir.
Elmi nailiyyətlərin fəal təbliğatına görə Maqsud Əliyev keçmiş Ümumittifaq "Bilik" Cəmiyyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. Akademik Maqsud Əliyevin adı Respublika Əmək Şöhrəti kitabına yazılmışdır.
Akademik Maqsud Əliyev 24 dekabr 2016-cı ildə 92 yaşında, Bakıda vəfat edib.[2]