Mariya Kapnist (9 (22) mart 1913, Sankt-Peterburq – 25 oktyabr 1993[1], Kiyev) — ukraynalı aktrisa, Ukrayna SSR-nin əməkdar artisti (1988).[2] O, uzunmüddətli aktyorluq karyerası ərzində (1956–1993) yüzdən çox rolda oynamışdır.[3]
Mariya Kapnist | |
---|---|
Doğum tarixi | 9 (22) mart 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 25 oktyabr 1993[1] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, aktrisa |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0438455 |
Marietta Rostislavivna Kapnist 9 (22) mart 1913-cü ildə Sankt-Peterburqda anadan olub.[4] Onun atası qraf Rostislav Kapnist, Zaporojye ordusunun Mirqorod və Kiyev polkovniki Vasili Kapnistin birbaşa nəslindən, anası Anastasiya Baydak isə Zaporojye atamanı İvan Sirkonun nəvəsi idi.[5]
Kapnist ilk vokal dərslərini rus opera müğənnisi Fyodor Şalyapindən almışdır.[6]
Kapnist ailəsi 1917-ci ilə qədər Sankt-Peterburqda yaşamış, həmin il Rusiya inqilabı səbəbi ilə Krıma, Sudaka qaçmalı olmuşdurlar.[7] Kapnistin atası 1921-ci ildə ÇK-nın cəza dəstəsi tərəfindən güllələnib.[8] Tezliklə kapnistlərin Sudakdakı evi dağıdılmış və sağ qalan ailə üzvləri gizlənməli olmuşdur.[9]
1927-ci ildə Kapnist xalası ilə yaşamaq üçün Kiyevə köçdü və orada fəhlə məktəbini bitirdi.[10] O daha sonra Leninqrada köçərək 1934-cü ildə Aleksandr Puşkin adına Leninqrad Dram Teatrında Yuri Yuriyevin teatr studiyasına daxil oldu.[4]
1934-cü ildə Sergey Kirov öldürüləndə Kirovla dost olan Kapnistlər yenidən cəmiyyətdə etimadlarını itirir.[5] Nəcib mənşəli olduğuna görə Kapnist teatr institutundan qovulur və Leninqradda yaşaması qadağan edilir. Buna görə də o, Kiyevə, daha sonra isə Batumiyə mühasib işləməyə qayıtmağa məcbur olur.[11]
Kapnist 1937-ci ildə birinci dəfə həbs olundu, lakin tezliklə sərbəst buraxıldı.[12] 27 avqust 1941-ci ildə yenidən həbs olunan[13] Kapnist antisovet təbliğatı aparmaqda ittiham olunurdu.[11] O, 58–10 nömrəli maddənin 1-ci hissəsi ("Sovert hökumətini devirməyə çağıran təbliğat və təşviqat") ilə 8 il müddətinə əmək düşərgələrinə məhkum edilib[14] 1949-cu ilin avqustunda Kapnist Steplaqdan azad edilmiş və Krasnoyarsk diyarının Kazaçin kəndinə göndərilmişdir.[15]
1950-ci ildə Qazaxıstandakı Steplaq həbsxana xəstəxanasında Kapnistin Radislava adlı qızı dünyaya gəldi.[15] Uşağının atası Radislavanın doğulmasından üç il sonra güllələnən nəcib polşalı mühəndis Yan Volkonski idi.[16]
Kapnist 1951-ci ildə yenidən həbs edildi və antisovet təbliğatı ittihamı ilə 10 il həbs cəzasına məhkum edildi,[15] 2 yaşlı qızı isə ondan alınaraq Krasnoyarsk diyarındakı Esaulovski uşaq evinə yerləşdirildi.[17] Kapnistin rəfiqəsi Moskvaya getmiş və Sovet siyasi xadimi Anastas Mikoyanla görüşərək Kapnistin qanunsuz həbsindən şikayətlənmişdir.[14] Mikoyanın müdaxiləsi ilə Kapnist 1956-cı ilin fevralında 10 illik həbs müddəti bitməmiş (1963-cü ildə başa çatmalı idi) azad edilib.[15]
Kapnist azadlığa buraxıldıqdan sonra həmin il Moskvaya, oradan da Kiyevə getdi.[10] O, 1930-cu illərdən rəfiqəsi Anna Pilnyakın evinə köçüərək onunla yaşamağa başladı və masajçı kimi çalışdı.[14] Elə həmin il Kapnist filmlərdə rol almağa başladı və 1956-cı ildə Maksim Ruf və Oleksandr Muzilin rejissorluq etdiyi Bir Gecə filmində debüt etdi. O, yazıçı və akademik Mikola Bajanla görüşdü və onun köməyi ilə Ukrayna Sovet Yazıçılar İttifaqı Kapnisti yazıçılardan birinin arvadına qulluqçu kimi işə götürdü.[12]
Kapnistə 1958-ci ildə bəraət verilmişdir.[11] Kapnistə sinir sistemində problem olduğuna dair arayış verildiyi üçün onun qızı Radislavanı geri almasına icazə verilməyib və qızını dostu Valentina Bazavluk övladlığa götürüb.[14]
Rusiya Sovet Federativ Sosialist Respublikası Ali Məhkəməsinin qərarı ilə Mariya Kapnistin işi üzrə hökm və bütün sonrakı qərarlar ləğv edilmiş və onun işinə xitam verilmişdir.[18]
Kapnist 1960-cı ildən 1993-cü ilə qədər Dovjenko kinostudiyasında tam ştatlı aktrisa kimi çalışıb.[11] Bu müddət ərzində o, "Ruslan və Lyudmila", " İtirilmiş məktub", "Köhnə qala ", "Tunc quş", "Qaraçılar cənnətin yaxınlığında tapılır", "Kral Staxın vəhşi ovu", " Dikanka yaxınlığındakı fermada axşamlar" və başqaları kimi filmlərdə yüzdən çox rolda oynayıb.[3][19] Kapnist yaşlı qadın, ifrit', cadugər, qaraçı və qrafinya rolları ilə məşhurlaşıb.[20]
Mariya Kapnist 1988-ci ildə Ukrayna SSR-in əməkdar artisti adına layiq görülüb.[2]
Ukraynalı rejissor Viktor Vasilenkonun "Maria Kapnist. Üç dünya" (1989) filmi Kapnistə həsr olunub.[2]
Kapnistin yeraltı mədənlərdə işləməli olduğu əmək düşərgələrində keçirdiyi illər ərzində onda klostrofobiya yaranmışdı və o, yeraltı keçidlərdən istifadə edə bilmirdi.[21] O, 1993-cü ilin oktyabrında Kiyevdə Oleksandr Dovjenko kinostudiyasının yaxınlığında yolu keçərkən avtomobil qəzasına düşmüşdür.[22] Mariya Kapnist bu qəzadan sonra 25 oktyabr 1993-cü ildə Kiyevdəki Oleksandr xəstəxanasında ölüb.[6] O, Poltava rayonunun Mirqorod şəhərinin Velyka Obuxivka kəndində dəfn edilib.[16]
2009-cu ildə ukraynalı rejissor Serhiy Dariyçuk "Qürurlu göz yaşı" sənədli filmini Mariya Kapnistə həsr edib.[23]
2014-cü ildə Ukrayna dövlət poçt xidməti 1370 nömrəli "Mariya Kapnist. 1914–1993. Doğulmasından 100 il ötür" poçt markasını buraxıb.[24] Elə həmin il Kiyevdə Vasil Lipkivski 25/7 ünvanındakı 13 saylı binada Kapnistə həsr olunmuş xatirə lövhəsi qoyulub.[25]
2018-ci ildə Kiyev Şəhər Şurası Jelyabov küçəsinin adını dəyişərək Mariya Kapnist küçəsi adlandırıb.[26]