Marqaret Burk Vayt - amerikalı fotoqraf, fotojurnalist.
MARQARET BURK Vayt | |
---|---|
ing. Margaret Bourke-White | |
Doğum tarixi | |
Doğum yeri | Bronks, Nyu-York, ABŞ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Konnektikut, ABŞ |
Vəfat səbəbi | Parkinson xəstəliyi |
Təhsili | |
Fəaliyyəti | fotoqraf, müharibə fotoqrafı, fotojurnalist, jurnalist, yazıçı, incəsənət xadimi |
Fəaliyyət illəri | 1927–1969 |
Vikianbarda əlaqəli mediafayllar |
Marqaret Burk-Vayt 1904-cü ildə Nyu-Yorkun məşhur Bronks rayonunda dünyaya gəlmişdi. Atası mühəndis, anası ev xanımı idi. 1922-ci ildə Marqaret Kolumbiya Universitetinə daxil oldu və herpetelogiya elmini öyrənməyə başladı. Foto sənətinə marağı da elə bu vaxtlar yarandı. 1925-ci ildə o, Everet Çapmenə ərə getdi. Evlilik həyatına başlayandan sonra bir yerdə qərar tuta bilməyən Marqaret bir neçə universitet dəyişdi və axırda - 1927-ci ildə Kornel Universitetini bitirdi. Bir il sonra o, Klivlendə köçdü və sənaye fotoqrafı kimi "Otis Stil" şirkətinə işə düzəldi. 1929-cu ildə Burk-Vayt "Fortuna" jurnalının baş redaktoru oldu. 1930-cu ildə o, Sovet İttifaqına qədəm basan ilk əcnəbi fotoqraf kimi yadda qaldı.
Sonra Henri Lyüs onu "Layf" jurnalında işləməyə dəvət etdi. Bu jurnal Marqaretə ilk fotojurnalist qadın olmaq şansını verdi. 1936-cı ilin noyabr ayının 23-də "Layf" jurnalında onun Fort-Pek gəmisinin hazırlanma prosesindən çəkdiyi ilk fotoreportajları çap edildi. Jurnalın üz qabığına düşən gəmi şəkli sonradan amerika poçt markaları kimi istifadə olunmağa başlandı.
İkinci Dünya Müharibəsi zamanı Marqaret ilk qadın hərbi fotojurnalist kimi, müharibədə iştirak edən bütün ölkələri gəzdi. Hərbi düşərgələr, səngərlər, döyüşlər, generalların qərargahları bu cəsur qadın və onun fotokamerasının üzünə açıq idi. Marqaret özü isə odun-alovun arasında, heç nədən qorxmadan fotokamera işlətməyinin səbəbini belə izah edirdi: "Əlimdə fotoaparatın olması məni sakitləşdirirdi. Elə bilirdim ki, əlimdə fotoaparat varsa, bu atışmaların, vıyıldayan mərmilərin mənə aidiyyatı yoxdur". Müharibədən sonra o, öz təəssüratlarını və xatirələrini "Rahat yat, əziz Vətən" adlı kitab şəklində nəşr etdirdi.
Marqaretin fotolarının əvəzi yox idi. Foto sənətindən başı çıxanlar onun dəst-xəttini dərhal tanıyırdılar. Hamı bilirdi ki, çəkdiyi obyekti ovcunun içi kimi öyrənən, fonunu böyük məharət və doğmalıqla seçən, bütün bunlarla yanaşı, fotojurnalistikaya yeni, mürəkkəb bir tərz, sadə fotolara isə dərin məna gətirən bircə fotoqraf var - Marqaret Burk-Vayt.
Marqaret Burk-Vayt həm də Hindistanla Pakistan arasında konflikti işıqlandıran və Məhəmməd Əli Cinahın, Qandinin bir çox məşhur fotolarının müəllifi kimi tanınır.
1950-ci ildə Marqaretə parkinson xəstəliyi diaqnozunu qoydular. Bu vaxt onun 57 yaşı vardı. Xəstəliyi ucbatından Marqaret işinə fasilə verməyə, mütəmadi kimyəvi müalicə almağa başladı. 1963-cü ildə o, "Öz portretim" adlı kitabda həyatını qələmə aldı və kitab bestsellerə çevrildi. Amma bu hadisədən sonra fotoqrafın səhhəti lap pisləşdi və Marqaret özünü "ev dustağı" etməyə məcbur oldu.
1971-ci ildə Marqaret Burk-Vayt Konnektikutda, 67 yaşında vəfat etdi. Onun əsərləri Bruklin Muzeyində, Klivlend İncəsənət Muzeyində, həmçinin ABŞ-nin Konqres Kitabxanasında qorunur.