Jurnalistika |
---|
Fotojurnalistika — yeni bir xəbər hekayəsini anlatmaq üçün şəkillərdən istifadə edən jurnalistikanın[a] xüsusi bölməsi. İndiki dövrdə terminin adətən yalnız hərəkətsiz təsvirlərə istinad etdiyi başa düşülür, lakin bəzi hallarda bu termin həmçinin teleradio jurnalistikasında istifadə olunan videoya da aid edilir. Fotojurnalistika fotoqrafiyanın bu sahəyə yaxın olan digər qollarından[b] sərt bir etik çərçivəylə işin dürüst, qərəzsiz olmasını tələb etməsi və hekayəni ciddi jurnalistika şərtləri daxilində anlatması ilə fərqlənir. Fotojurnalistlər xəbər mediasına töhfə verən şəkillər yaradır və cəmiyyətlərin bir-biri ilə əlaqə yaratmalarına kömək edir. Onlar ətraflarında baş verən hadisələrdən daim və tez bir şəkildə xəbərdar olmalıdırlar. Fotojurnalistlər xəbərləri həm dolğun, həm də əyləncəli şəkildə və yaradıcı formatda çatdırırlar.
Bir yazıçı kimi, fotojurnalist də müxbirdir, ancaq çox vaxt sərt maneələrlə[c] üzləşərkən o, ani qərarlar qəbul etməli və foto avadanlıqları daşımalıdır.
Xəbər hekayələrini fotoşəkillərlə təsvir etmək təcrübəsi 19-cu əsrin ortalarında çap və fotoqrafiyada baş verən yeniliklərlə mümkün oldu. 1806-cı ildə "The Times" qəzetində çap olunmuş Lord Horatsio Nelsonun dəfn mərasimi kimi ilkin təsvirlər qəzetlərdə meydana çıxsa da, ilk həftəlik illustrasiyalı qəzet 1842-ci ildə çap edilmiş "Illustrated London News" (ILN) idi.[1] Burada təsvirlər oyularaq çap edilmişdi.
Bir qəzet hekayəsinin illüstrasiyasında istifadə edilən ilk fotoşəkil, 25 iyun 1848-ci “İyun günləri” qiyamında çəkilmiş Parisdəki barrikadaların təsviri idi; foto 1–8 iyul 1848-ci il tarixlərində "L'Ilustration" qəzetində oyma vasitəsilə həkk olunaraq mətbuata çıxmışdır.[2]
Krım müharibəsi zamanı ILN Rocer Fentonun çəkdiyi müharibə şəkillərini çap edərək erkən fotojurnalistikanın meydana gəlməsinə təşəbbüs göstərdi. Fenton ilk rəsmi müharibə fotoqrafı idi.[3] Onun işinə müharibənin qoşunlar üzərindəki təsirlərini, döyüşlərin baş verdiyi mənzərələrin görüntülərini, hərəkətlərin nümunəvi təsvirlərini və komandirlərin portretlərini sənədləşdirmək daxil idi və bu da müasir fotojurnalistika üçün bünövrə rolunu oynamışdır.[4][5] Müharibənin digər fotoqraflarına Uilyam Simpson və Karol Satmari də aiddir. Eynilə, Metyu Bredinin ABŞ-də vətəndaş müharibəsi zamanı çəkdiyi fotoşəkillər "Harper’s Weekly" qəzetinsə dərc edilməzdən əvvəl həkk olundu. O cümlədən qatar qəzaları və şəhər yanğınlarının da baş verdiyi bu fəlakət elə ilk günlərdə illüstrasiyalı qəzetlər üçün populyar bir mövzu idi.[6]
Təsvirlərin qəzetlərdə çap edilməsi bu dövrdə təsadüfən baş verən bir hal olaraq qalırdı. Fotoşəkillər özlüyündə bir məlumat çatdırma vasitəsindən daha çox mətni inkişaf etdirmək üçün istifadə edilirdi. Bu, 1870-ci illərin sonlarında fotojurnalistikanın öncüllərindən biri olan Con Tomsonun əməyi ilə dəyişməyə başladı.[7] O, radikal jurnalist Adolf Smit ilə əməkdaşlıq edərək 1876–1877-ci illərdə Londonda aylıq "Street Life" jurnalını nəşr etməyə başladı. Layihədə Londondakı küçə insanlarının həyatı fotoşəkillərdə və mətnlərdə sənədləşdirilmiş və beləliklə, sosial sənədli fotoqrafiyanın fotojurnalistikanın bir forması kimi əsası qoyulmuşdur.[8] Mətnə əlavə olaraq istifadə edilən görüntülərin əvəzinə, fotoşəkilləri çap olunmuş sözlərlə uğurla birləşdirərək fotoşəkillərin istifadəsini məlumatların yayılması üçün əsas vasitə kimi qabaqcıl etdi.[9]
4 mart 1880-ci ildə "Daily Graphic" ilk dəfə bir xəbər fotoşəkilinin nöqtəli təsviretmənin köməyi ilə (həkk olunmuşun əvəzinə) reproduksiyasını nəşr etdi.
Fotoqraf Kamillus Sidney Flay 1886-cı ilin mart ayında General Corc Krukun apaçi lideri Ceronimonun təslim şərtlərini müzakirə edəcəyi barədə xəbər aldıqda avadanlıqlarını götürdü və hərbi kolona qoşuldu. O, burada 15 görüntü qeydə almağı bacardı.[10] Onun 25 və 26 mart tarixlərində çəkdiyi Ceronimo və digər azad apaçilərin fotoşəkilləri, Amerika hindularının ABŞ ilə müharibə edərkən çəkilən və yeganə bilinən fotoşəkillərdir.[11] Flay kompozisiyasını inkişaf etdirmək üçün subyektlərindən baş və bədənlərini hərəkət etdirərək poz vermələrini istədi. Məşhur jurnal "Harper's Weekly" 1886-cı il aprelin 24-ü üçün olan buraxılışında onun fotoşəkillərindən altısını nəşr etdi.[10]
1887-ci ildə Yakob Riis kimi jurnalistlərə qeyri-rəsmi mövzuları qapalı məkanda çəkməyə imkan verən fləş toz ixtira edildi və bu, böyük diqqət çəkən "Digər yarım necə yaşayır?" əsərinin meydana gəlməsinə səbəb oldu.[12] 1897-ci ilə qədər maksimum sürətiylə işləyən çap mətbəələrində yarımton fotoların artırılması mümkün idi.[13][14]
Fransada "Rol", "Branger" və "Chusseau-Flaviens" kimi agentliklər vaxtaşırı yeni illüstrasiyaya olan tələbatı ödəmək üçün dünyanın hər tərəfindən fotoşəkilləri sindikatlaşdırırdı.[15] Bu yeniliklərə baxmayaraq, yenə də bəzi məhdudiyyətlər qalırdı və 1897–1927-ci illərdəki sensasiya doğuran qəzet və jurnal hekayələrinin çoxu oymalarla təsvir olunurdu. 1921-ci ildə fototeleqraf şəkillərin xəbərin özünün səyahət edə biləcəyi qədər tez bir zamanda ötürülməsini mümkün etdi.
"Fotojurnalistikanın qızıl əsri" əksər hallarda təxminən 1930–1950-ci illər hesab olunur.[16] Bu, 1925-ci ildə kompakt ticari 35 mm-lik "Leica" kamerasının inkişafı və 1927–1930-cu illərdə fotojurnalistlərə şəkil çəkməkdə doğru elastikliyə imkan verən ilk fləş lampaların nəticəsində mümkün oldu.
Hekayələr danışmaq üçün mətndən daha çox fotoqrafiyadan istifadə edən yeni bir jurnal və qəzet üslubu meydana gəldi. "Berliner Illustrirte Zeitung" illüstrasiyalı xəbər jurnalının formatını ilk dəfə tətbiq edənlərdən biri oldu. 1901-ci ildən başlayaraq jurnal inqilabi bir yenilik edərək fotoşəkilləri jurnalın içərisində çap etməyə başladı. Növbəti onilliklərdə o, müasir xəbər jurnalının prototipinə çevrildi.[17]
Daha sonra jurnal foto-essenin meydana gəlməsinə təkan verdi[17][18] və o, həmçinin şəkillər üçün ixtisaslaşmış heyətə və istehsal bölməsinə sahib idi. Bundan əlavə jurnal həm də foto-kitabxanasını qoruyub saxlayırdı.[19] O, həmçinin yeni və daha kiçik kameralarla çəkilən səmimi fotoşəkillərin istifadəsini də tanıtdı.[20] Jurnal uzun müddət fotoşəkillərdən istifadə edərək hekayə danışa biləcək müxbirləri – xüsusən, qabaqcıl idman və ilk kadr fotoqraflarından olan Martin Munkaçi[21][22] və fotojurnalistikanın qurucularından biri olan Erix Salomonu – axtardı və nəhayət, tapmağı bacardı.[23]
Eranın başqa jurnallarına "Arbeiter-Illustrierte-Zeitung", "Vu", "Life", "Look", "Picture Post" və başqaları aid idi. Eranın qəzetlərinə "The Daily Mirror" və "The New York Daily News" qəzetlərini misal göstərmək olar. Bunlardan əlavə, eranın məşhur fotoqraflarına Robert Kapa, Alfred Eyzenştadt, Marqaret Burk Vayt, Uilyam Onegin Smit və başqaları aiddir.
Anri Kartye-Bresson bəzi insanlar tərəfindən müasir fotojurnalistikanın atası hesab edilir.[24] Halbuki, bu ləqəb 1930-cu illərdə çəkdiyi siyasi xadimlərin səmimi şəkilləri fotoqrafiyada yenilik yaradan Erix Salomon kimi digər müxtəlif fotoqraflara da şamil edilmişdir.[25]
Məsələn, Aqusti Sentellesin fotojurnalistikası 1930-cu illərin sonlarında İspaniyada vətəndaş müharibəsi zamanı Respublikaçı tərəfin təbliğat səylərində mühüm rol oynadı.[26]
ABŞ jurnalisti Yulien Brayan 1939-cu ilin sentyabrında İkinci Dünya müharibəsinin başlağıcında Nasist Almaniyasının ağır bombardmanına məruz qalan Polşadakı vəziyyətin fotolarını və filmini çəkdi.[27] O həmçinin, rəngli fotoqrafiyada da qabaqcıl işçi idi.
Həmçinin, əsgər Toni Vakkaro da İkinci Dünya müharibəsinin ən öncül fotoqraflarından biri olaraq tanınır. Onun sadə "Argus C3" kamerası ilə qeydə aldığı Kapanın ispan əsgərinin vurulması zamanı çəkdiyi fotoşəkilə bənzər görüntülər müharibənin ən dəhşətli anlarını təsvir edirdi. Kapa özü "D günü" əməliyyatında Omaha çimərliyində idi və buna görə də o, qarşıdurmanın ən mühüm görüntülərini çəkməyi bacarmışdı. Vakkaro həmçinin, öz görüntülərini əsgər dəbilqələrində inkişaf etdirməsi və 1944-cü ildə bir kamera mağazasının dağıntılarından tapdığı kimyəvi maddələrdən istifadə etməsi ilə də məşhurdur.[28]
1947-ci ildə bir neçə məşhur fotoqraf "Maqnum Foto" adında beynəlxalq foto kooperativini qurdu. 1989-cu ildə "Corbis Corporation" və 1995-ci ildə "Getty Images" agentliklərinin əsası qoyuldu. Güclü görüntülərə malik bu kitabxanalar hal-hazırda fotoşəkillərə və digər təsvirlərə hüquqlar satır.
"Fotojurnalistikanın qızıl əsri" 1970-ci illərdə bir çox foto-jurnalların nəşrini dayandırması ilə sona çatdı. Onlar reklam gəlirləri məsələsində böyük dövriyyə və yüksək xərcləri davam etdirmək üçün digər media ilə rəqabət edə bilmədiklərini müşahidə etdilər. Buna baxmayaraq həmin jurnallar foto-esse məsələsində və təsvirlərin gücü barədə jurnalistikaya çox şey öyrətdi.[29]
Bununla birlikdə, 1970-ci illərin sonlarından bəri fotojurnalistika və sənədli fotoqrafiya sənət qalereyalarında incəsənət fotoqrafiyası ilə yanaşı yer tutur. Luk Delaye, Manuel Rivera-Ortiz və "VII Photo Agency" təşkilatının üzvləri qalereyalarda və muzeylərdə müntəzəm olaraq sərgi nümayiş etdirənlər arasındadır.[30]
XX əsrin ilk iyirmi illiyi müasir fotojurnalistikanın başlanğıcı hesab olunur.[31] Fotojurnalistika 1920-ci illərdə müasir çap texnologiyaları, "Rolleiflex" kameraları, "Contax" və ilk "Leica" kinokamerasına görə bütün ölkələrdə inkişaf etdi. "Leica" daha əvvəlki növlər ilə müqayisədə daha həssas idi.
Fransada Jak Anri Lartiq, Andre Kertes və Brassai kimi fotoqraflar məşhurlaşdı. Almaniyada isə Erix Salomon, Feliks H. Men, Tim N. Gidal, Volfqanq Veber, Ayzensted və Martin Munkaçi daha çox tanınırdı. Helen Levit və Liset Model isə ABŞ-də işləyirdi.[32] 1905-ci ildən başlayaraq amerikalı Levis Hayn sistemli şəkildə zavodlardakı immiqrant və işçilərin şəkillərini çəkmiş və növbəti ildə isə uşaq əməyi haqqında sənədli filmlər çəkmişdir. Onun çəkdiyi filmlər uşaq əməyi ilə bağlı aktın qəbul edilməsinə öz töhfəsini verdi.[33] Beləliklə, fotoqrafiya ilk dəfə sosial müzakirə mövzusu oldu və sosiologiya onu sənədləşdirici vasitə kimi istifadə etməyə başladı. 1910-cu ildə amerikan şirkəti "Underwood & Underwood" zəka fotoqrafiyası sahəsinə daxil oldu və ilk əvvəl stereofotoların yaradılması ilə məşğul oldu.[34] Nyu-Yorkda yaşayan Vici şəhərin gecə həyatını, cinayətlərini, gecə içkilərini və ehtiraslı sevgililərini filmlərində sənədləşdirdi. O, bu məsələdə polislərlə olan əlaqələrindən istifadə etdi. Cinayət zamanı o, polislərlə birgə və ya onlardan əvvəl hadisə yerinə gələr, bir neçə şəkil çəkər və səhər bunları qəzetlərə satardı.[35]
Rusiya və sonrakı SSRİ-də işləmiş Maks Alpert, Aleksandr Rodçenko, Boris İqnatoviç, Georgi Petrusov, İvan Şagin və Arkadi Şayxet 1917-ci ildən sonra proqramlaşdırılmış, mərkəzdən idarə olunan didaktik şəkildə quraşdırılmış təbliğatın vasitəçilərinə çevrilmişdilər.[36]
Peşəkar ingilis fotoqraf və səyahətçi Herbert Pontinq 1912-ci ilin yanvarında Robert Falkon Skottun Antarktidaya ekspedisiyası zamanı bir neçə reportaj fotoları çəkmişdi. Bu, 1910–1913-cü illər arasında cənub qütbünə tərəf baş tutmuş Britaniya Terra Nova Ekspedisiyası idi. O, Antarktida ekspedisiyasını tamamlamağı bacaran ilk peşəkar fotoqraflardan biri olmuşdur.[37]
1920–1930-cu illərin jurnalistika fotoqrafiyası, həmçinin sosial fotoqrafiya hesab olunur.[38] O zamanlar fotoqrafiya totalitar rejimlər üçün (kommunizm və nasizm) hakimiyyət və təbliğat silahı olmuşdur. İncəsənətin inkişafı dayandı, incəsənətdəki yeni təcrübələr arzuolunmaz nəticə verirdi və azad nitq, demək olar ki, qeyri-mümkün idi. Yeni istiqamətlərin inkişafı üçün çalışan rəhbərlər ölkəni tərk edirdi. Totalitar rejimlər fotoqrafiyadan istifadə edərək cəmiyyətin inamını sarsıtdı. Hitlerin "Mein Kampf" (azərb. Mənim mübarizəm) kitabında qeyd etdikləri Avropanın hər yerində dəhşətli hadisələrdən xəbər verirdi. 1933-cü ildən bəri Almaniyada nasistlər bütövlükdə mətbuat və fotojurnalistikanı öz nəzarətləri altına almış və sistemli şəkildə bundan istifadə etmişdilər.[31]
Rumın fotoqraf İosif Berman (1892–1941) 1920–1923-cü illər arasında Ruminiyadakı bir qəzet üçün İstanbulda müxbir işləmişdir. Rumıniyaya qayıtdıqdan sonra onun fotoları bütün əsas rumın qəzetlərində nəşr olunmuşdur.[d]
Lubomır Linhar, Karel Teyqeş, Rudolf Kon, Karel Kasparik, Oldrix Straka və başqaları Çexiyada sosial fotoqrafiya sərgiləri təşkil edirdi.[40] 1927–1928-ci illərdə Yosef Sudek Müqəddəs Vit kafedralının tikintisinin başa çatmasını sənədləşdirdi. O, 1928-ci ildə — İlk Çexslovakiya Respublikasının əsasının qoyulmasının onilliyində Müqəddəs Vit adlanan on beş orijinal fotodan ibarət albom nəşr etdi.[41] Slovakiyada isə İrena Blühova, Karol Aufrixt, İlya Yosef Marko, Sergey Protopopov, Barbora Zigmondiyova, Franso Kollar fotoqrafiya xronikasına daxil oldular.[42] Bu şəxslərdən əlavə, Bill Brandt[43] İngiltərədə, Con Hartfayld[44] və Auqust Sander[45] isə Almaniyada fotojurnalist kimi fəaliyyət göstərmişdir.
Müharidən əvvəlki siyasi cəhətdən qeyri-stabil Avropada filmlər kimi fotoqrafiya da mühüm yönləndirici rolunu oynamışdır. Faşist İtaliyası və Nasist Almaniyasında bu işlərlə məşğul olanlar, əsasən, diktatorların ideallarını irəli çəkmək məqsədi güdürdü. (məsələn, Leni Rifenştal)[31]
1960-cı illərin ikinci yarısından sonra, halbuki gələcək üçün daha optimist olan humanizm müharibə və münaqişələrin təsiri fotoqrafiyadan çıxarıldı. Vyetnam müharibəsi bütün dünyanı sarsıtdı: fotoqrafiya ölümsüzləşdi, daha kobud hal aldı və insanları oyandırmağa xidmət göstərdi.[46]
1970-ci illərin əvvəllərində üç fotoqraf Con Mayerovit, Stiven Şor və Uilyam Eqleston rəng materiallarını yalnızca reportajlarda yox, həmçinin incəsənət fotoqrafiyasında istifadə edən ilk gənc sənətkar qrupu oldular. Hətta Uilyam Eqleston Nyu-Yorkda yerləşən Müasir İncəsənət Muzeyi tarixində rəngli fotoları nümayiş etdirən ilk fotoqraf olmuşdur.[47]
Danimarka Mətbuat Fotoqrafları Birliyi (Pressefotografforbundet) dünyada qəzet fotoqrafları üçün ilk milli təşkilat idi. O, 1912-ci ildə Danimarkanın Kopenhagen şəhərində altı mətbuat fotoqrafı tərəfindən təsis edilmişdir[48] və bu gün təşkilatın 800-dən çox üzvü vardır.
Milli Mətbuat Fotoqrafları Birliyi (MMFB) 1946-cı ildə ABŞ-də təsis edilmişdir və təxminən 10.000 üzvü vardır. Dünyadakı digər belə təşkilatlara 1984-cü ildə qurulan, 2003-cü ildə yenidən fəaliyyətə başlayan, hazırda təxminən 450 üzvü olan Britaniyalı Mətbuat Fotoqrafları Birliyi (BMFB)[49], HonKonq Mətbuat Fotoqrafları Birliyi (1989)[50], Şimali İrlandiya Mətbuat Fotoqrafları Birliyi (2000)[51], Pressfotografernas Klubb (İsveç, 1930)[52] və PK — Pressefotografenes Klubb (Norveç)[53] aiddir.
"Magnum Photos" 1947-ci ildə Robert Kapa, Devid Seymur, Anri Kartye-Bresson, Corc Rocer, Uilyam Vandivert, Rita Vandivert və Mariya Esner tərəfindən qurulmuşdur. Bu, dünyadakı ilk foto kooperativlərdən biri olmaqla yanaşı bütün dünyada öz üzvləri tərəfindən idarə olunması ilə tanınır.
"VII Photo Agency" 2001-ci ilin sentyabr ayında təsis edilmiş və adını orijinal yeddi qurucudan, yəni Aleksandra Bulat, Ron Haviv, Harri Nayt, Antonin Kratoçvil, Kristofer Morris, Ceyms Naçvey və Con Stanmeyer almışdır. Bu günlərdə agentliyin bir mentor proqramı ilə yanaşı 30 üzvü var.
Xəbər təşkilatları və jurnalistika məktəbləri fotojurnalistlər üçün bir çox müxtəlif mükafatlar hazırlayır. Məsələn, 1968-ci ildən bəri Pulitser mükafatı fotojurnalistikanın müxtəlif kateqoriyalarına əsasən təqdim edilir. Bundan başqa, Dünya Mətbuat Fotosu[54], Fotojurnalistikanın Ən Yaxşıları[55], İlin Fotoları[56] və Böyük Britaniyaya xas olan Mətbuat Fotoqrafının İli[57] kimi mükafatlar da vardır.
Əksər fotojurnalistlər səhnədən idarə olunan kadrları qeyri-etik hesab edirlər.[58] Fotoqrafların fotojurnalistika tarixində bunu etməklə izləyicilərini məqsədyönlü şəkildə aldatmasına dair bir çox nümunələrə rast gəlinmişdir.
Əvvəl "Los-Angeles Times" qəzetində işləmiş təcrübəli fotoqraf Mayk Midovs 27 Oktyabr 1993-cü ildə Kaliforniyanın cənubunu baş verən çox böyük və dəhşətli yanğını lentə alırdı. Onun Los-Anceles dairəsinin yanğınsöndürəni Mayk Alveşin Altadenada yerləşən hovuzda özünü sərinlətməsi zamanı çəkdiyi fotoşəkil məşhurlaşmışdı və həmçinin "The Times" və digər yerli qəzetlərdə nəşr olunmuşdu. Fotoşəkili Pulitser Mükafatına təqdim etməzdən əvvəl Midovsun tapşırıq redaktoru Fred Svits yanğınsöndürən ilə əlaqəyə keçdi. Məlum oldu ki, Midovs yanğınsöndürəndən hovuza getməsini və başına su səpməsini istəyib. Midovs "Bunun yaxşı fotoşəkil olacağını söyləməkdə günahkar ola bilərəm, amma xatırladığım qədərilə mən birbaşa ondan bunu etməsini istəmədim … Mən artıq neçə illərdir ki, insanlara qaynar xəbərlər təqdim edirəm və həyatımda heç vaxt bir şəkil qurmamışam". Bundan sonra Midovsun bir həftə ərzində ödənişləri dayandırıldı və fotoşəkil bütün mükafat yarışmalarından çıxarıldı. "The Times" qəzeti bunu "quraşdırma" adlandırdı və fotoşəklin nəşr olunduğu sayın fotoqrafiya direktoru Larri Armstronq deyirdi: "Siz vəziyyəti manipulyasiya edəndə, həmçinin xəbərləri də manipulyasiya etmiş olursunuz".[58][59]
"The New York Times" qəzetinin Pulitser mükafatçısı Eduard Kitinq FTB-nin Əl-Qaidə şöbəsinə basqın etdiyi Orta Şərqdəki bir şəhərin yaxınlığında yerləşən ərzaq mağazasının kənarında əlində oyuncaq silahla bir nöqtəni nişan alan balaca oğlanın şəklini çəkdi. Hadisə yerində olan digər fotoqraflar Kitinqin uşağa silahı hansı tərəfə yönəltməsini və hədəfləməsini öz əli ilə işarə etdiyini iddia edirdilər. "Columbia Journalism Review" hadisəni açıqladıqdan sonra Kitinq mükafatı geri qaytarmaq məcburiyyətində qaldı.[60]
XIX əsrin ortalarında baş verən Krım müharibəsi zamanı fotoqraflar müharibə zonasındakı Böyük Britaniya əsgərlərinin görüntülərini qeyd etmək üçün yeni texnologiyadan – şüşə fotolentlərdən istifadə edirdilər. Nəticədə, onlar nəinki yalnız müharibə şəraiti ilə qarşılaşdılar, həm də şəkilləri çəkmək çox vaxt yüksək dərəcədə sürət tələb etdiyindən foto çəkilməzdən əvvəl lent hazırlamalı və çəkildikdən sonra dərhal təkmilləşdirməli idilər. Məsələn, bu, Rocer Fentonun qaranlıq otaqda uzun müddət gəzməsinə səbəb olmuşdu ki, bu da onu zaman-zaman düşmənin hədəfinə çevirir. Bu texnoloji maneələr baş verənlərin birbaşa görüntülərini əldə edilə bilməməsinə səbəb olurdu.[5]
Fotoşəkillərin xəbərləri çatdırmaq vasitəsi kimi istifadəsi görüntüləri qeydə almaq üçün böyütmək qabiliyyətinə malik olan neqativ fotolentlərdən istifadə edən daha kiçik və portativ kameraların meydana gəlməsinə qədər geniş yayılmadı. 1925-ci ildə 35 mm-lik "Leica" kamerasının istifadəyə başlanması ilə fotoqrafların hadisələr baş verdikcə çoxsaylı fotoşəkillər çəkmələri və təkcə bu fotoşəkillər vasitəsilə hadisələri anlada bilmələri mümkün oldu.[61]
1960-cı illərdən bəri elektron fləş, avto-fokus, daha yaxşı linzalar və digər kamera aksessuarlarının istifadəsi şəkil çəkməyi daha da asanlaşdırdı. Yeni rəqəmsal kameraların kəşfi fotojurnalistləri fotolentin məhdudluğu ilə bağlı problemdən azad etdi. Çəkilə biləcək fotoşəkillərin sayının kameranın saxlaya biləcəyi meqapiksellərin miqdarından, çəkiliş rejiminin "JPEG" və ya xam olmasından və yaxud yaddaş kartının nə qədər tutuma malik olduğundan asılı olmasına baxmayaraq minlərlə görüntünü bir yaddaş kartında saxlamaq mümkündür.[62]
Sosial media dünyada baş verən hadisələri geniş auditoriyaya çatdırmaqda böyük rol oynayır. Dünyada hər hansı bir diqqətəlayiq hadisə baş verdikdə adətən kameralı telefonlara sahib olan insanlar fotoşəkillər çəkməyə və onları müxtəlif sosial şəbəkələrdə paylaşmağa hazırdırlar. Bu cür rahatlıq Birləşmiş Mətbuat və digər agentliklərə fotoların sahibi olan vətəndaş jurnalistlərlə əlaqə saxlamağa və həmin şəkilləri xəbər yerlərində istifadə etmək üçün icazə almağa imkan verir.[63]
Xəbərlər üçün istifadə edildikdə şəkillərin məzmunu onun keyfiyyətindən daha böyük önəm daşıyır. 18 fevral 2004-cü ildə "The New York Times" qəzeti ön səhifəsində "AT&T" şirkətinin baş icraçı direktoru Con Zeqlisin telefon kamerası ilə çəkilmiş şəklini dərc etdi.[64] Məzmun fotojurnalistikanın hələ də ən vacib elementi olaraq qalır, lakin şəkillərin sürətli bir şəkildə toplanması və redaktə edilməsi ilə sərhədləri genişləndirmə qabiliyyəti bu sahədə əhəmiyyətli dəyişikliklərə yol açdı.
Hal-hazırda xəbər fotoqraflarının fotojurnalistika barədə bir çox narahatlıqları vardır. Onlar deyirlər ki, şəkil çəkmə texnologiyası təbii olaraq inkişaf etdiyi kimi fotojurnalistika peşəsi də ağlasığmaz dərədə dərəcədə dəyişə bilər.[65] 2010-cu illərdə kadr fotojurnalistika işlərinin azalması davam edir və ABŞ-nin bəzi ən böyük xəbər KİV-ləri sərbəst işçilərə ehtiyaclarının əksəriyyəti üçün etibar edir.[66] Məsələn, 2016-cı ildə "The New York Times" 52 foto redaktoru işə götürdü və sərbəst işçilərə isə onları üçün 50 faiz və ya daha çox görüntü ilə təmin etmək tapşırığı verdi. Wall Street jurnalı 24 foto redaktoru işə götürdü və onlara ümumi görüntülərin 66, xəbərlər üçün olan görüntülərinin isə 33 faizinin çatdırılması üçün sərbəst işçilərə etibar etdi. Washington Post 19 foto redaktoru işə götürdü və beynəlxalq xəbər görüntülərinin 80 faizi, siyasi xəbər görüntülərinin 50 faizi və milli xəbər görüntülərinin 60–80%-i üçün sərbəst şəkildə işləyən fotoqraflara etibar etdi.
Vətəndaş jurnalistlərin dövrü və həvəskar müşahidəçilərin xəbər fotolarını təqdim etməsi fotojurnalistika sənətinə öz töhfəsini verdi. Pol Levinson bu inkişafı "hər kəsin potensial qavramasına vizual reallıqdan bir parça qoyan" sözləri ilə ilk ucuz və əlçatan foto texnologiyalardan biri olan Kodak kamerasında nümayiş etdirdi.[67] İnternetin yüksək inkişafı ilə müəyyən səlahiyyət əldə etmiş xəbər auditoriyası ənənəvi çıxışlardan asılı olmayaraq bloqların, podkastların, onlayn xəbərlərin yaradılmasına səbəb oldu və "tariximizdə ilk dəfə olaraq xəbərlər getdikcə daha çox jurnalistikadan kənar şirkətlər tərəfindən istehsal olunur".[68] "The Guardian" və "Reuters" portalının keçmiş fotojurnalisti Dan Çanq inanır ki, peşəkar fotojurnalistlər pul qazanmaq üçün daha çox videoya uyğunlaşmalı olacaqlar.[69]
Telefon jurnalistikası peşəkar və ya qeyri-peşəkar fotoqraflar tərəfindən çəkilmiş və redaktə edilmiş şəkillərin istifadəsini özündə ehtiva edən fotojurnalistikanın nisbətən yeni və hətta mübahisəli bir sahəsidir. Son illərdə sosial media insanların xəbər aldığı və hadisələri paylaşdığı əsas platformaya çevrildiyi üçün telefon fotoqraflığı onlayn vizual ünsiyyət üçün əsas vasitə kimi populyarlıq qazanır. Telefonu daşımaq asandır və o, hər zaman cibdə asanlıqla əlçatandır. Bundan əlavə o, şəkil çəkməkdə daha operativ olaraq subyektlərin epizoda müdaxiləsini minimuma endirə bilər. Çoxlu tətbiqlərin köməyi ilə fotoqraflar mesajları yüksək estetikaya malik bir şəkildə çatdıra bilirlər. Şəkilləri sosial mediaya yükləndikdən sonra fotoqraflar dərhal işlərini geniş auditoriyaya təqdim edə və onların rəylərini tez bir zamanda ala bilərlər. İnternetdəki çox sayda iştirakçıların köməyi ilə şəkillər qısa müddət ərzində yayıla və beləliklə, cəmiyyətə dərin təsir bağışlaya bilər.
Sosial media və telefon fotoqraflığının birləşməsinin üstünlüklərini görən bəzi tanınmış qəzetlər, xəbər jurnalları və peşəkar fotojurnalistlər yeni yanaşma kimi telefon jurnalistikasına müraciət etmək qərarına gəldilər. 2005-ci ilin iyul ayında baş verən Londondakı partlayışlar zamanı ilk dəfə həm "The New York Times", həm də "Washington Post" qəzetləri vətəndaş jurnalistlərin telefonları ilə çəkdikləri fotoşəkillərini ön səhifələrində yerləşdirdi.[70] Bunlar şahidlərin və sağ qalanların işi olduğundan görüntülər sənədli fotoşəkillər yaratmaq niyyətindən daha çox travmatik bir şoka cavab olaraq meydana gəlmişdi.[70] Bu fotoşəkillər Washington Post qəzetinin jurnalisti Robert MakMillanın izah etdiyi kimi "ətrafımızda partladığı kimi tarixin canlı və gerçək hesablaşmalarını" əks etdirir. Başqa bir misalda, böyük zərər və tələfata səbəb olan "Sendi" fırtınası Şərq Sahili vurarkən, "TIME" jurnalı dağıntıları sənədləşdirmək üçün beş fotoqrafı iPhone ilə hadisə yerinə göndərdi. Fotoqraflar ərazinin dərinliklərinə daldılar və həm fırtınanın həm də insan iztirablarının şəkilləri yaxından çəkməyi bacardılar. Bencamin Levi tərəfindən çəkilən Bruklində yerləşən Koney adasındakı okean dalğalarından birinin fotosu "TIME" jurnalının 12 noyabrda buraxılmış sayının örtük şəkli oldu. Bundan başqa, 2013-cü ildə "Chicago Sun-Times" fotoqrafiya üzrə Pulitser mükafatı laureatı Con H. Vayt də daxil olmaqla 28 fotoqrafdan ibarət bütün heyəti işdən çıxartdı. Qəzet izləyicilərin daha çox videoya yönlənməsini səbəb olaraq göstərdi. Daha sonra qəzet sərbəst işləyən fotoqrafları işə götürdü və onlardan yaranan boşluğu doldurmaq üçün fotoqrafiya sahəsində iPhone telefonlarını necə istifadə etmək lazım olduğunu öyrənmələrini tələb etdi. Buna baxmayaraq, bəzi onlayn izləyicilər qəzetin əvvəlki heyətində professional mütəxəssislərin olduğu zamanla müqayisədə keyfiyyətinin zaman-zaman azaldığını qeyd edirdilər.[70][71][72]