Mehdi Məmməd oğlu Mehdizadə (18 yanvar 1903[1], Daşkəsən, Cəbrayıl qəzası – 1 may 1984[1], Bakı) — Azərbaycan pedaqoqu və ictimai-siyasi xadimi, SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan SSR əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Azərbaycan SSR xalq maarif naziri (1952–1954, 1960–1980).
Mehdi Mehdizadə | |
---|---|
10 mart 1960 – 13 fevral 1980 | |
Əvvəlki | Rəhim Rəhimov |
Sonrakı | Elmira Qafarova |
16 aprel 1952 – 12 iyun 1954 | |
Əvvəlki | Məmməd Ələkbərov |
Sonrakı | Mirzə Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 yanvar 1903[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 may 1984[1] (81 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndli ailəsində anadan olmuşdur. 1914-cü ildə Daşkəsən kəndində tədrisi rus dilində aparılan 3 sinifli ibtidai rus-tatar məktəbi açılır. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olur və 1920-ci ildə kəndlərində qiraət komasının müdiri kimi əmək fəaliyyətinə başlayır. Daha sonra gənc Mehdi 1921-ci ildə rayon mərkəzində açılan pedaqoji kursda təhsil alır və kursu bitirdikdən sonra Daşkəsən kənd birdərəcəli məktəbində müəllim və müdir kimi fəaliyyətə başlayır. 1923-cü ilin mayında Mehdi Mehdizadə Cəbrayıl qəzasından Bakıya üç aylıq ali pedaqoji kursa göndərilir. Həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra o, Qəza Xalq Maarif Şöbəsinin göndərişi ilə Azərbaycan Pedaqoji İnstitutunun hazırlıq kursuna qəbul olunur. Hazırlıq kursunun sonunda imtahan verib 1924-cü ildə İnstitutun Fizika-riyaziyyat fakültəsinin birinci kursuna qəbul edilir. Mehdi Mehdizadə 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsini bitirib ali təhsilli fizika və riyaziyyat müəllimi kimi Cəbrayıl qəzasının Qaryagin (indiki Füzuli) şəhərindəki orta təhsil verən məktəbdə pedaqoji fəaliyyətini davam etdirir.
Mehdi Mehdizadə pedaqoji fəaliyyəti dövründə yalnız tədris-metodiki işlərlə deyil, eyni zamanda, ümumpedaqoji problemlərlə də maraqlanırdı. 1930-cu ilin martında onu Azərbaycan Xalq Maarif Komissarlığının İctimai Tərbiyə Baş İdarəsinin elmi katibi və Xalq Maarif Komissarının birinci müavini Ayna Sultanovanın köməkçisi vəzifəsinə təyin edirlər. O, bu vəzifədə cəmi bir il çalışdıqdan sonra, 1931-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı nəzdində pedaqogika ixtisası üzrə yenicə təşkil edilmiş aspiranturaya qəbul olunur. 1931-ci ilin sentyabr ayından onun elmi-pedaqoji fəaliyyəti başlayır. 1932-ci ilin sentyabrından APİ-nin pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlayır. Aspiranturanı bitirdikdən bir il sonra Azərbaycan Pedaqoji İnstitutunun rəhbərliyi Mehdi Mehdizadəni 1934-cü ildə pedaqoji fakültənin dekanı vəzifəsinə təyin edir. Az müddət bu vəzifədə çalışdıqdan sonra 1934-cü ilin sonunda onu APİ-nin elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Mehdi Mehdizadə 1941-ci ildə "Azərbaycan məktəblərində savad təlimi tarixi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi − alimlik dərəcəsi alır. 1941–1942-ci illər ərzində Azərbaycan Pedaqoji İnstitutunun tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. 1942-ci ilin sentyabrından 1946-cı ilin iyununa qədər ordu sıralarında − İkinci Dünya Müharibəsinində iştirak edir. Müharibədən qayıtdıqdan sonra 1946–1950-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda elmi pedaqoji fəaliyyətini davam etdirərək pedaqogika kafedrasının müdiri, fakültə dekanı, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışır. Mehdi Mehdizadə 1950-ci ildə 315-ci seçki dairəsindən Bakı Şəhər Sovetinə deputat seçilir. 1950–1951-ci illərdə ölkənin ən nüfuzlu ali məktəblərindən biri olan Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışır. 1951-ci ildə Dəstəfur seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilir. 1951-ci ilin noyabrında isə Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin müavini vəzifəsinə təyin olunur. Mehdi Mehdizadə 1952-ci ilin aprel ayında Azərbaycan SSR maarif naziri vəzifəsinə təyin edilir və 25 ilə yaxın müddətdə (1952–1954; 1960–1980) respublikanın xalq maarifinə rəhbərlik edir. 1954-cü ildə yenidən Pedaqoji İnstituta göndərilir. 1956-cı ildə "Azərbaycan sovet məktəbinin tarixi" mövzusunda yazdığı doktorluq dissertasiyasını Moskvada müdafiə edir. Pedaqoji elmlər doktoru Mehdi Mehdizadə 1957-ci ildə APİ-nin professoru vəzifəsinə seçilir. İki ildən sonra 1959-cu ilin sentyabrında o, Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilir. Görkəmli alim və təhsil təşkilatçısı 1960-cı il Azərbaycan Kommunist Partiyasının XXIV qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmiş, həmin ilin mart ayında yenidən Azərbaycan SSR maarif naziri vəzifəsinə təyin edilmişdir. 1966-cı ilin avqust ayında yeni yaradılan SSRİ Pedaqoji Elmlər Akademiyasının təsis komissiyasının tərkibinə daxil edilmiş və birbaşa akademiyanın həqiqi üzvü seçilmişdir. Mehdi Mehdizadə öz ərizəsinə əsasən, 13 fevral 1980-ci ildə Azərbaycan SSR maarif naziri vəzifəsindən azad edilmiş, həmin vaxtdan ömrünün sonunadək Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun elmi məsləhətçisi olmuşdur.
Akademik Mehdi Mehdizadə 10 cildlik "Azərbaycan Sovet Ensiklopediyası"nın, Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji Ensiklopediya"nın, 2 cildlik "Pedaqoji lüğət"in müəlliflərindən biri kimi tanınır. Həyatının son illərində tamamladığı "Məktəb və məktəbli şəxsiyyətinin hərtərəfli inkişafı", "Azərbaycanda məktəb təhsilinin və pedaqoji fikrin inkişafı" adlı əsərləri görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Akademik Mehdi Mehdizadənin elmi çıxış və məqalələri "Azərbaycan məktəbi", "Советская педагогика", "Народное образование" və digər jurnal və toplularda dərc edilmişdir. Mehdi Mehdizadənin fəaliyyətində beynəlxalq əlaqələr, beynəlxalq təşkilatların təşkil etdikləri tədbirlərdə fəal iştirak, bu tədbirlərdə dərin məzmunlu elmi pedaqoji məruzə və çıxışlar əsas yer tutur. O, 1961–1965-ci illərdə YUNESKO-nun Yaşlıların Təhsili üzrə Məsləhət Komitəsinin daimi üzvü seçilmiş, Sovet hökumətinin maarif məsələləri üzrə tapşırıqlarını yerinə yetirmək məqsədilə Sovet nümayəndə heyətinin tərkibində Polşa, Hollandiya, Fransa, Afrika qitəsində və digər ölkələrdə rəsmi səfərlərdə olmuşdur. 1961-ci ildə "Zaqafqaziyada yaşlı əhali arasında savadsızlığın ləğvi təcrübəsindən" adlı məqaləsi YUNESKO-nun Şərq ölkələri üzrə mətbuat orqanında çap olunmuşdur. Akademik Mehdi Mehdizadənin 1961-ci ilin iyun ayında YUNESKO yanında Yaşlıların Təhsili Üzrə Beynəlxalq Komissiyanın sessiyasında iştirakı, orada "Afrika ölkələrində yaşlı əhalinin təhsilinin əsas məsələləri" mövzusunda məruzəsi YUNESKO-nun sənədlərində ingilis, fransız və ispan dillərində çap olunmuşdur. Mehdi Mehdizadə həmin ilin martında Afrika ölkələri maarif nazirlərinin Parisdə keçirilən beynəlxalq konfransında da çıxış etmişdir.
Akademik Mehdi Məmməd oğlu Mehdizadə 1 may 1984-cü ildə Bakı şəhərində vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur