Metexi kilsəsi

Metexi kilsəsiTbilisi şəhərində yerləşən və Tanrı anasının vəfatına ithaf edilmiş Gürcü pravoslav kilsəsidir. Kilsə, Metexi rayonu ərazisində, Kür çayı sahilindəki sıldırım qayanın üstündə yerləşir. Metexi kilsəsi Tbilisi şəhərinin əsas vizit kartlarından biri hesab olunur.

Metexi kilsəsi
gürc. მეტეხის ღვთისმშობლის შობის ტაძარი
Kilsənin və Vaxtanq Qorqasalı heykəlinin Metexi körpüsündən görünüşü
Xəritə
41°41′24″ şm. e. 44°48′40″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Şəhər Tbilisi
Yerləşir Tbilisi
Aidiyyatı Gürcü pravoslav kilsəsi
Tikilmə tarixi XIII əsr
Üslubu Gürcüstan memarlığı
Hündürlüyü 24,5 m
Uzunluğu
  • 20 m
Eni 16 m
Material dağ süxurlar
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Metexi qalasının sökülməsindən sonra onun yerində inşa edilmiş həbsxana binası kilsənin Metexi körpüsündən görünməsini məhdudlaşdırırdı.

Ehtimal edilir ki, bu ərazidə ilk kilsə çoxsaylı tikintilər aparması ilə məşhur olan çar Vaxtanq Qorasalının (V əsr) hakimiyyəti dövründə inşa edilmiş, kilsə yaxınlığında isə çarın sarayı olmuşdur.[1] Müqəddəs Şuşanik (təxm 432-ci ildə vəfat edib) bu kilsədə dəfn edilmişdir.[2] Onun külü, yepiskop Kirionun göstərişi ilə VII əsrdə Kolagir kəndindən Metexi kilsəsinə köçürülmüşdür.

Yazılı mənbələrdə kilsə haqqında ilk məlumat XII əsrdə verilir. Həmin dövrdə kilsə ərazisinin qala divarları ilə möhkəmləndirildiyi, yaxınlıqda isə çar sarayının olması bildirilir. Çariça Böyük Tamaranın (1195) bu kilsədə ibadət etməsi haqqında da məlumat vardır.

1235-ci ildə monqolların Qafqaza yürüşü zamanı məbəd dağıdılır, lakin, 1278-1289-cu illərdə II Demetrenin hakimiyyəti dövründə kilsə yenidən bərpa edilmiş və həmin görünüşü ilə də dövrümüzə çatmışdır.[3] Kilsənin divarları kvadrat formalı qumdaşlarından hörülmüş, XVIII əsrdə isə bəzi hissələrdə kərpic hörgü ilə bərpa işləri aparılmışdır. Kilsənin interyer dekorları dövrümüzə çatmamışdır. Divarların eksteryer dekorları rombformalı çərçivəyə salınmış ornamental motivlərdən ibarətdir. Pəncərələrin incə naxışlar ilə bəzədilmiş çərçivələri üzərində yüksək naxışlı xaçlar yonulmuşdur.

V Vaxtanqın (1654-cü ildə İslamı qəbul etməyə məcbur olmuşdu) hakimiyyəti dövründə kilsə barıt anbarı kimi istifadə edilmişdir. 1672-ci ildə Gürcüstana səfər etmiş fransız səyyahı Şarden, kilsənin tərk edilmiş və ciddi zədələnmiş olduğunu deyir. 1748-ci ildə türklərlə qarşıdurma nəticəsində qaya üzərində ucalan Metexi qalasını ələ keçirən çar II İrakli, kilsənin bərpa edilməsinə göstəriş verir. Həmin dövrdə kərpicdən istifadə edilməklə məbədin yeni baraban və günbəzi ucaldılır, kilsə divarlarının bir çox hissələrində dağıdılmış yerlər kərpic hörgü ilə bərpa edilir. Ehtimal ki, kilsənin apsidasında olan kitabə də həmin dövrə aiddir:

" Çar İrakli, qarşısında Məsihin xaçını qalxan kimi tutaraq, bu qalanı düşmənlərdən aldı.
Kilsəni azad edib, divanxanasına çevirdi.
Məsihsevər çarın əməlidir bu.
Tanrının şərəfi naminə və çar İrakliyə kömək üçün.
"

1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tiflisə yürüşü zamanı kilsə yandırılmış və kilsə ikonası itirilmişdir. Daha sonrakı dövrdə XII Georginin göstərişi ilə kilsə yenidən bərpa edilmişdir.

1816-1819-cu illərdə Qafqaz komandanı Aleksey Yermolovun göstərişi ilə kilsəni əhatə edən qala divarları dağıdılmış və azad edilmiş ərazidə həbsxana inşa edilmişdir. Gürcü inqlabçısı Lado Keçxoveli 17 avqust 1903-cü ildə bu həbsxanada öldürülmüşdür. Həmin dövrdə kilsə, kazarma polkunun istifadəsinə verilmişdir. Lavrenti Beriyanın SSRİ Baş Dövlət Təhlükəsizliyi Komissarı olduğu dövrdə kilsənin sökülməsi təhlükəsi yaranır. Buna etiraz edən rəssam Dmitri Şevarnadze isə qətlə yetirilir.

1958-ci ildə həbsxana binası sökülür və kilsənin ətrafı əlavə tikililərdən təmizlənir. 1966-cı ildə kilsə ətrafında abadlaşdırma işləri aparılır, 25 aprel 1967-ci ildə kilsə yaxınlığında Vaxtanq Qorqasalının heykəlinin açılışı olur. SSRİ dövründə kilsə binasından müxtəlif məqsədlər üçün istifadə edilmişdir. 1974-cü ildə bütün daxili divarları sökülən kilsə binası eksperimental gənclər teatrının istifadəsinə verilmiş və burada günbəz altında səhnə və yanlarda 100 yerlik amfiteatr yaradılmışdır.

Həmin dövrdə aclıq elan edən Zviad Qamsaxurdiya kilsə binasının Gürcü pravoslav kilsəsinə qaytarılmasını tələb edir. 1988-ci ildə kilsə ibadətçilərin üzünə açılması üçün Gürcü pravoslav kilsəsinin istifadəsinə qaytarılır.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Metexi məbədi mərkəzi günbəzli kilsə tipinə malikdir. Kilsənin inşasında Gürcüstan memarlığının ənənələrindən istifadə edilmişdir. Kilsə binası əvvəlcə bozumtul-yaşıl rəngli qumdaşından inşa edilmiş, daha sonrakı dövrdə aparılmış bərpa işləri zamanı isə əsasən bişmiş kərpicdən istifadə olunmuşdur. Kilsənin düzbucaqlı formaya malik olan planı, üç tərəfdən yarmdairəvi apsidalarla tamamlanmış, onların mərkəzində isə, kilsənin üzərini örtən böyük günbəz yerləşdirilmişdir. Kilsənin şərq apsidası gözəl daşyonma nümunəsi olan böyük xaç və naxışlarla bəzədilmişdir və bu ənənə sonradan, Samtavisi kafedralının memarlığında davam etdirilmişdir.

Kral II Demetre kilsəni daha qədim məbədin qalıqları üzərində inşa etdirmişdir və buna görə də, Metexi kilsəsi inşa edildiyi XIII əsrin memarlığı üçün xarakterik olmayan bəzi xüsusiyyətlərə malikdir. Kilsənin fasadları və dekorativ mağara əsasən memarlıq xüsusiyyətlərini qorumaqla dövrümüzə çatmışdır.

Əsrlər boyunca dəfələrlə bərpa işləri aparılmış kilsənin memarlığı dəfələrlə dəyişikliklərə məruz qalmışdır. XVI-XVII əsrlərdə kilsənin qərb hissəindəki xor, divarların bəzi hissələri, kameralar və günbəzin bərpası həyata keçirilmiş və bərpa materialı kimi kərpicdən istifadə olunmuşdur. II İraklinin hakimiyyəti dövründə isə cənud divraında əsaslı bərpa və möhkəmləndirmə işləri aparılmışdır.

  1. Reiseskizzen aus Georgien : Tiflis, vol. 23 (Tübingen, coll. « Das Ausland: Wochenschrift für Länder- u. Völkerkunde »). Stuttgart. 1850. 42.
  2. Iosselian, P. Древніе памятники Тифлиса, vol. 5 (coll. « Журналъ министерства внутреннихъ дѣлъ »). Saint-Pétersbourg. 1844. 2018-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  3. Edith Neubauer, Beriże Vaxtang. Die Baukunst des Mittelalters in Georgien. Vienne-Munich: Anton Schroll & Co. 1981. səh. 251. ISBN 9783703105319.
  • Т. Р. Квирквелия Архитектура Тбилиси. М.: Стройиздат, 1985

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]