Microsoft Copilot və ya əvvəlki adı ilə Bing Chat — 7 fevral 2023-cü ildə "Microsoft" tərəfindən təqdim edilmiş çatbot köməkçisi.[2] 2023-cü il ərzində "Microsoft" "Copilot" brendini müxtəlif çatbot məhsulları üzrə birləşdirməyə başlamışdır.
Microsoft Copilot | |
---|---|
Tipi | çatbot |
Tərtibatçı | OpenAI, Microsoft |
İnterfeysin dili | çoxdilli[d] |
Yayımlanma tarixi | 7 fevral 2023[1] |
Platforma | brauzer, Microsoft Edge, Microsoft Windows |
Lisenziya | sahibli |
Sayt | copilot.microsoft.com |
Vikianbarda əlaqəli mediafayllar |
"Copilot" çatbotu "OpenAI"-ın GPT-4 əsaslı geniş dil modelinin (LLM) üzərində qurulmuş və həm nəzarət edilən, həm də gücləndirici öyrənmə üsullarından istifadə edilərək dəqiq tənzimlənmiş "Microsoft Prometheus" modeli ilə təchiz edilmişdir. "Copilot" çat vasitəsi kimi xidmət edə bilər, şeirlərdən mahnılara, hekayələrə və hesabatlara qədər müxtəlif məzmun növləri yaza bilər, istifadəçiyə "Microsoft Edge"-də açıq olan veb-sayt səhifəsində məlumat və anlayışlar təqdim edə və loqo, rəsm dizayn etmək, o cümlədən incəsənət əsəri və ya mətn sorğusuna əsaslanan başqa təsvirləri yaratmaq üçün "Image Creator"dan istifadə edə bilər. "Copilot's Image Creator" yüzdən çox dili dəstəkləyir.[3]
"Copilot"un danışıq interfeysi üslubu "ChatGPT"-yə çox bənzəyir. "Copilot" bir çox digər çatbotlardan fərqli olaraq öz mənbələrinə istinad edə bilər. "Copilot" ingilis, fransız, italyan, Çin, yapon və portuqal kimi əsas dilləri, həmçinin Bavariya kimi dialektləri başa düşmək və ünsiyyət qurmaq qabiliyyətinə malikdir. Çatbot ilk növbədə "Microsoft Edge", "Skype" və ya "Bing" proqramında, xüsusi veb-səhifə vasitəsilə və ya daxili proqram funksiyalarından istifadə etməklə işləmək üçün nəzərdə tutulmuşdur.[4]
"Copilot" çatbotu "Microsoft"-un generativ süni intellektə yönəlmiş daha geniş təşəbbüsünün bir hissəsidir. Onun gələcəyinə "Microsoft"-un "Dynamics 365" biznes proqramları, "Power Platform", şirkətin təhlükəsizlik paketi, "Edge" brauzeri, "Bing" axtarış sistemi və "Windows" əməliyyat sistemi üçün ixtisaslaşmış çatbotlar daxildir. "Copilot"-un "Power Platform"-a inteqrasiyası ilə sadə tapşırıqları avtomatlaşdırmaq, daha çox idarə etmək, çatbotları inkişaf etdirmək və konsepsiyanı bir neçə dəqiqə ərzində işləyən proqrama çevirmək imkanı hər kəs üçün əlçatan olur.
Potensial faydalarına baxmayaraq, çatbotun halüsinasiyalar, irqi və ya cinsi qərəzlilik potensialı ilə bağlı ictimai narahatlıqlar dilə gətirilmişdir. Bununla belə, ekspertlər bildirmişdilər ki, "Copilot Microsoft" istifadəçilərinin iş və əməkdaşlıq tərzində inqilab edə bilər.[5]
"Microsoft" şirkəti "Build" 2023 konfransında "Copilot"-u "Windows 11"-ə inteqrasiya etmək planlarını açıqlamışdır. Bu inteqrasiya istifadəçilərə "Windows Copilot" xidmətinə birbaşa tapşırıqlar paneli vasitəsilə daxil olmaq imkanı verir, alətin əlçatanlığını və istifadəçi məhsuldarlığına potensial təsirini daha da genişləndirir.[6]