Mikimoto Kokiçi (御木本 幸吉?, 10 mart 1858 və ya 25 yanvar 1858[1], Toba[d], Mie prefekturası – 21 sentyabr 1954[2][3], Yaponiya) – Yaponiya biznesmeni, mirvari yetişdirə bilmiş ilk şəxs.[4] "Mikimoto" mirvari şirkətinin əsasını qoymuşdur.[4] Onu "Mirvarinin kralı" adlandırırlar.[4]
Mikimoto Kokiçi | |
---|---|
yap. 御木本 幸吉 | |
Doğum tarixi | 10 mart 1858 və ya 25 yanvar 1858[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 21 sentyabr 1954[2][3] (96 yaşında) |
Vəfat yeri | |
Uşağı |
|
Fəaliyyəti | sahibkar, siyasətçi, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Mikimoto Kokiçi 1858-ci ildə müasir Mie prefekturasının ərazisində yerləşən Toba şəhərində doğulmuşdur.[4] Udon restoranı işlədən atanın ən böyük oğlu idi.[5] O, 1880-ci illərdə abalon tutmağa və dəniz xiyarları qurutmağa başlamışdır.[5] Səyahətlərinin birində gördüyü mirvarilərdən təsirlənmiş və mirvari yetişdirməyə qərar vermişdir.[5]
1883-cü ildə Mie prefekturasının Şima yarımadasında yerləşən Aqo körfəzində mirvari stridiyaları böyütməyə başlamışdır.[4] 1893-cü ildə sferoid mirvari istehsal etməyi bacarmış və 1895-ci ildə yetişdirməyə başladığı mirvariləri 1898-ci ildə yığmışdır.[4]
Mikimotonun yetişdirilmiş mirvariləri ilk dəfə olaraq 1897-ci ildə xarici ölkələrə göndərilməyə başlanmışdır.[4] Yetişdirdiyi məhsulları Norveçdə baş tutmuş dəniz məhsulları sərgisində nümayiş etdirmiş və gümüş medal qazanmışdır.[4] 1905-ci ildə kürə formasında mirvari yetişdirməyi bacarmış və 1913-cü ildən etibarən onları toplamağa başlamışdır.[4]
Mikimoto 1899-cu ildə yetişdirilmiş və təbii mirvariləri satmaq üçün Tokioda mağaza açmışdır.[4] 1911-ci ildən etibarən London, Nyu-York, Çikaqo, Los-Anceles, San-Fransisko, Bombey, Pekin və Nankində mağazaları fəaliyyət göstərməyə başlamışdır.[4] 1919-cu ildə kürə formasında olan yetişdirilmiş mirvarilərini Londondakı mağazasına göndərmiş və təbii mirvarilərdən 25% daha ucuz satmağa başlamışdır.[4] Nəticədə, mirvari bazarında çaxnaşma baş vermişdir.[4] Tezliklə, Mikimoto mirvariləri dünyada məşhurlaşmış və o, "Mirvarinin kralı" kimi tanınmağa başlamışdır.[4] 1924-cü ildə Perlər palatasına namizəd olmuşdur.[6]
Mikimotonun mirvari yetişdirməklə məşğul olduğu, Toba şəhərində yerləşən adada Mirvari muzeyi və Mikimoto muzeyi fəaliyyət göstərir.[5] Mirvari yetişdirməkdə böyük dəstək göstərmiş həyat yoldaşı Umenin bürünc büstü də buradadır.[7]