Mir İbrahim xan Talışxanov

Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor.

Mir İbrahim bəy Talışinski
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lənkəran, Rusiya imperiyası
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Lənkəran, Lənkəran qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Atası Mir İsmayıl bəy Talışinski
Həyat yoldaşı Zəhrabəyim Hacı Mir Abbas xan qızı  
Uşaqları qızlarıLeylabəyim xanım (1864-?), Fəxrəndəbəyim xanım (1866-?), Ruqiyyəbəyim xanım (1870-?), Gülsümbəyim xanım (1872-?) və Agabəyim xanım (1874-?)
Dini Şiə İslam
Hərbi xidmət
Xidmət illəri 1845-1894
Mənsubiyyəti Rusiya İmperiyası Rusiya imperiyası
Qoşun növü Süvari
Rəhbərlik edib Bakı Nizamsız At Alayı (1877-1879)
Döyüşlər
Rütbəsi General-mayor

Təltifləri III dərəcəli Müqəddəs Stanislav ordeniII dərəcəli Müqəddəs Stanislav ordeniIV dərəcəli "Müqəddəs Anna" ordeniIV dərəcəli Müqəddəs Vladimir ordeniIII dərəcəli Müqəddəs Vladimir ordeni

Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır.

Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir.

1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.

1852-ci ildə Finlandiya polkunun leyb-qvardisi oldu. 1854-cü ildə poruçik rütbəsinə yüksəldi. 1857-ci ildə Qusar polkunun leyb-qvardisi oldu. 1858-ci ildə növbəti dəfə yaxşı xidmətə görə 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olundu.

1864-cü ildə polkovnik rütbəsinə yüksəldi. 1871-ci ildə isə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni ilə mükafatlandırılır. Nəhayət 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlir. 1889-cu ildə isə müxtəlif medallarla təltif olunur.

Mir İbrahim bəy haqqında ilk Azərbaycan qəzeti olan "Əkinçi"nin 26 may 1877-ci il tarixli nömrəsində də məlumat verilmişdir. Qəzet "Təzə xəbərlər" bölməsində yazır: "Badikübə (Bakı) quberniyasından cəm olunan süvari əsgərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovoy komandir təyin olunub" Bu faktdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əsgər polkunun komandiri olmuşdur.

İstedadlı hərbçi, qorxmaz sərkərdə, gözəl topoqrafçı kimi özünü doğrultmuş, göstərdiyi xidmətlərə və cəsurluğa görə 1889-cu ildə 2-ci dərəcəli Müqəddəs Georgi ordeni ilə təltif olunmuş və üstündə "İgidliyə görə" yazılmış qızıl qılıncla mükafatlandırılmışdır.

1885-ci ildə Tiflisdə istefaya cıxıb, doğma Lənkəranına qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu Mir İbrahim bəyin general olduğunu "Əxbərnamə" əsərində göstərir. O, Mir İbrahim bəyi "məşhur general Miri bəy" kimi təqdim edir.

19-cu əsrin tanınmış şairi, Lənkəranda yaşayan Mirzə İsmayıl Qasirin (1806–1900) "Şeirler" kitabına "Adlar haqqında" şərh yazan filologiya elmləri namizədi, dosent Mustafa Mustafayev Mir İbrahim bəyin adının qabağında yazmışdır: "Yaranal xan adı ilə məşhur olmuşdur. Hərbi çini general-mayor idi. Talış xanı Mir Mustafa Xanın nəvələrindəndir".

Mirzə İsmayıl Qasirin nəvəsi İshaq Axundov "Xatirələrimdə yaşayan Lənkəran" adlı kitabında yazır: İbrahim bəy Talışinski Böyük Bazarda məscidin yanında təkyə tikdirmişdi. Öləndə vəsiyyətinə görə həmin təkyənin altında dəfn edilmişdir. Məscid bu yaxınlarda bərpa edilərkən həmin təkyə sökülmüş, altından İbrahim bəyin sümükləri, şaşkası, xəncəri və başqa əşyaları çıxmışdır".

Tanınmış etnoqraf, tarixçi, folklorşünas, məşhur Qori seminariyasının ilk məzunlarından biri olan Teymur bəy Bayraməlibəyov (1862–1937) 1885-ci ilin sentyabrında yazdığı "Talış xanlığının tarixi" adlı əsərində Mir İbrahim bəy Talışinskinin general olduğunu qeyd etmişdir. Bütün bulardan əlavə respublikanın əməkdar müəllimi, şair-tədqiqatçı Mirhəşim Talışli ilə dosent Böyükağa Hüseynbalaoğlu da birgə yazdıqları "Lənkəran" adlı kitablarında Mir İbrahim bəyi Lənkəran generalları sırasında göstərmişlər.

Mir İbrahim bəy zəmanəsinin tanınmış xeyriyyəçisi olmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivində saxlanılan 428-ci işdən aydın olur ki, Mir İbrahim bəy 1883-cü ildə Lənkəran məktəbinə mebel almaq üçün 203 manat məbləğində ianə vermişdir. Həmin sənəddə həm də qeyd olunur ki, Mir İbrahim bəyin Talışxanov soyadı, Talışinski soyadı ilə əvəzlənir.

Onun Lənkəran ziyalıları arasında çoxlu dostları var idi, əmisi oğlanları olan Xansuvar, Mir Əbülfət, Mir Tağıdan başqa onun ən yaxın dostlarından biri Lənkəranda fəaliyyət göstərən "Fövcül-fuseha" (Natiqlər yığıncağı) adlı şairlər məclisinin rəhbəri, 19-cu əsrin görkəmli maarifçi-şairi Mirzə İsmayil Qasir olmuşdur.

Mir İbrahim bəy Qasirə Lənkəranda məktəb açmaq üçün ilkin maddi yardım göstərmişdir. M.İ.Qasir də generala bir neçə şeir həsr etmiş və onu səmimi bir insan, vəfalı bir dost kimi tərifləmişdi.

Mənbələrin verdiyi məlumata görə Mir İbrahim bəy mahir atıcı olmuş, ova çıxmağı xoşlamışdır. Bunu bir fakt da təsdiq edir ki, Mir İbrahim bəy o vaxt gənc müəllim olan T. Bayraməlibəyovla indiki Cil, Şağlaser, Boladi və Camışavan tərəflərinə ova çıxarmışlar. T. Bayraməlibəyov yazır ki, Mir İbrahim bəy çox gözəl ovçu və quşu gözündən vuran mahir atıcı idi, ümumiyyətlə Talış xanlarının nəslindən olan hər kəs mahir atıcı idi. (Rəvayətlərə əsasən Mir Mustafa Xanın nəvəsi olan Xansuvar da mahir atıcı idi, Xansuvarla yanaşı Xansuvarın nəvələri olan Kamil bəy, Rəhim bəy, Razzaq bəy Yuxarı Nüvədi kəndinin mahir atıcı-ovçuları idilər. Bu bəylərə ovçuluq istedadı, çox güman ki, gendən gəlmişdir)

Mir İbrahim bəy talış, fars, türk, rus, ərəb dillərini mükəmməl bilmiş və elmi yaradıcılıqla da məşğul olmuşdur. O, görkəmli rus şərqşünası, akademik B. A. Dornun (1805–1881) sifarişi və köməyi ilə ilk dəfə olaraq "Rusca-talışca lüğət" (rus. Руский-Талышский словар) tərtib etmişdi. Müasirləri tərəfindən olduqca yüksək qiymətləndirilən bu lüğət o vaxt müəyyən çətinliklər üzündən çap olunmamış, Peterburq Elmlər Akademiyasının Asiya muzeyinə saxlanmaq üçün verilmişdir.

"Talış xanlığının tarixi" əsərinin müəllifi T. Bayraməlibəyovun qeyd etdiyinə görə bu əsərin hazırlanmasında, Talış xanlığının tarixinə dair faktların dəqiqləşdirilməsində general Mir İbrahim bəy ona yaxından köməklik etmişdir.

Buradan belə bir nəticə çıxartmaq olar ki, Mir İbrahim bəy nəinki hərb, dil, ədəbiyyat, eləcə də Azərbaycan tarixinə mükəmməl bələd olan əsl ziyalı şəxsiyyet olmuşdur.

Mir İbrahim bəy istefaya çıxdıqdan sonra Lənkəranda ona məxsus təsərrüfat sahəsinə rəhbərlik etmiş və yüksək növ keyfiyyətli çəltik yetişdirmişdir. 1887-ci ildə Xarkov sərgisinə Lənkəran qəzasından 9 növ çəltik nümunəsi göndərilmişdir. Yüksək keyfiyyətli çəltik növlərinə görə Mir İbrahim bəy Talışinski sərgidə üçüncü yeri tutub, bürünc medalla təltif olunmuşdu.

General-mayor Mir İbrahim bəy 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi "Yaranal xan təkyəsi"ndə dəfn olunmuşdur.

Mir İbrahim bəy həm də gözəl ailə başçısı idi. Mir İbrahim bəyin həyat yoldaşı, əmisi Hacı Mir Abbas xanın qızı Zəhrabəyim xanım idi. Zəhrabəyim xanımdan 5 qızı olmuşdu: Leylabəyim xanım (1864-?), Fəxrəndəbəyim xanım (1866-?), Ruqiyyəbəyim xanım (1870-?), Gülsümbəyim xanım (1872-?) və Agabəyim xanım(1874-?).

  • 1. "Əkinçi" qəzeti: 26 may 1877-ci il.
  • 2. T. Bayraməlibəyov "Talış xanlığının tarixi"
  • 3. İ. S. Axundov "Xatirələrimdə yaşayan Lənkəran"
  • 4. Mirzə Əhməd "Əxbərnamə"
  • 5. G. Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
  • 6. M. Talışlı, B. Hüseynbalaoğlu "Lənkəran"
  • 7. Azərbaycan Mərkəzi Arxivi
  • 8. Gürcüstan Mərkəzi Arxivi
  • 9. Rusiya Mərkəzi Arxivi
  • 10. E. İsmayılov "Geneologiya Talışinskix i Talışxanovıx"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]