Qafqaz müharibəsi

Qafqaz müharibəsi (rus. Кавказская война) — Rusiya imperiyası ilə Şimali Qafqaz xalqları arasında 1817–1864-cü lləri əhatə etmiş müharibə.

Qafqaz müharibəsi
Qafqaz müharibəsindən bir səhnə (Frans Rubo)
Tarix 1817-1864
Yeri Qafqaz
Səbəbi Rusiya imperiyası ilə ərazidə yaşayan yerli xalqlar arasındakı anlaşılmazlıqlar
Nəticəsi Şimali Qafqazın Rusiya imperiyası tərəfindən ilhaq edilməsi
Münaqişə tərəfləri

Rusiya imperiyası

Qafqaz imamlığı
Çərkəzistan

Komandan(lar)

I Nikolay
I Aleksandr
II Aleksandr
Aleksey Yermolov
Mixail Vorontsov
Aleksandr Baryatinski
İvan Paskeviç
Qriqori Zass

Şeyx Şamil
Həmzət bəy
Qazi Məhəmməd
Tığujıqo Qızbeç
Şeyxəli xan

Tərəflərin qüvvəsi

250.000 döyüşçü

300.000 döyüşçü

İtkilər

96.000

200.000 (təxmini)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimali Qafqaz ərazilərində baş vermiş müharibədə Rusiya imperiyasına qarşı əsasən ÇərkəzlərŞeyx Şamil öndərliyində ÇeçenlərDağıstanlılar(Avarlar) iştirak etmişdir. Qafqaz müharibəsinin nəticəsi olaraq, ərazinin yerli xalqlarından olan ÇərkəzlərAvarlar yaşadıqları torpaqlardan Anadolu ərazisinə sürgün edilmişdir.

Şeyx Şamil hərəkatı

[redaktə | mənbəni redaktə et]

Şeyx Şamil 25 il ərzində dağlıların imamı olaraq din və azadlıq uğrunda mübarizə apardı. Şamil yalnız Dağıstan və Çeçenistanın deyil, eyni zamanda bütün Şimali Qafqazın tanınmış və irəli gələn siyasi rəhbərinə çevrildi. Onun cihadı davamlı bir şəkildə yeni xalqlar tərəfindən dəstək gördü. Belə ki, İnquşlar, Balkarlar, Qaraçaylar, Abxazlar və digər Qafqaz xaqları Ruslardan qurtulmağın yeganə yolunu Şamildə görürdü. Ətrafına toplanan müridlərin çoxluğuna güvənən Şamil, imamətinin dağlıq Dağıstanda da qəbul edilməsi niyyəti ilə Xunzaqı ələ keçirməyə çalışdı, amma müvəffəq ola bilmədi. Xunzaqın müdafiəsini təşkil edən Hacı Murad, Şamil qüvvələrini geri püskürtdü. Andalala qayıdan Şamil, çevrəsindəki aulları özünə tabe etməyə çalışdı. Bu sırada Şamil ordusunun gündən-günə böyüdüyünü və inkişaf etdiyini görən Rus komandanlığı, bəzi aulların müdafiəsini gücləndirmək məqsədi ilə onlara ordusu ilə kömək etdi.

1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun müharibələrdən sonra Şamil oğlunu Ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo müharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi. Qafqaz komandanlığı, Şamil yaxalanmasa da Axulqonun ələ keçirilməsini, dağlı müqavimətinin qırılması olaraq görürdü. Ancaq onlar yanılırdılar, çünki Axulqoda qazandıqları zəfər, dağlı xalqlarının üsyanını sonlandırmadı. Dağlı üsyanının ikinci mərhələsi 1840–1850-ci illəri əhatə edir ki, bu dönəmdə dağlılar çox önəmli qalibiyyətlər əldə etdilər. Belə ki, Şamil öndərliyindəki dağlıların hərbi əməliyyatları nəticəsində 12 Rus istehkamı ələ keçirilmiş, Çar qüvvətləri bütün Avar və Çeçen ərazilərindən qovulmuşdu. Üstəlik bu dönəmdəki müharibələrdə yalnız Qafqaz dağlıları deyil, eyni zamanda RusiyadanUkraynadan gələn könüllü əsgərlər də iştirak etmişdilər. Şamil, əsir düşsələr belə Rus əsgərlərinə qarşı çox mərhəmətli davranırdı. Ruslar, Vedenoda top və artilleriyanı dağlılara öyrətmiş, bəziləri İslam dinini qəbul edərək evlənmiş və əbədi olaraq dağlılar arasında yaşamışdılar. Hətta Xristian inancına görə yaşamaq istəyənlər üçün Vedenoda bir kilsə də tikilmişdi. Xüsusi ilə 1845-ci ildə Darqo bölgəsində Çar ordusuna qarşı müharibədə, bir çox Rus könüllü əsgəri müridlər səfində Ruslara qarşı savaşmışdı.

Şamil öndərliyindəki dağlılar əsas qalibiyyətlərini 1840–1842-ci illər arasında aldılar. Çar qüvvələrinə qarşı qazanılan zəfərlərlə, İçkeriya, orta və cənubi Dağıstan bölgələri Şamilin hökmü altına keçdi. 1843-cü ildəki (avqustdan dekabra qədər) hərbi əməliyyatlarda Çar ordusu, rəsmi rəqəmlərə görə 92 zabit, 2528 əsgər, 12 istehkam itirmişdi. Dağlıların zəfərləri getdikcə Çar hökumətini qorxuya salırdı. Ordunun istəksizcə vuruşması elə bir hal almışdı ki, I Nikolay 1844-cü ildə çarə olaraq Qafqaz ordularının başına general leytenant Vorontsovu təyin etdi. Ancaq onun da Darqoya hücumu həzimətlə nəticələndi. Rəsmi qeydlərə görə, bu hərbi səfərdə Ruslar 4 general, 168 zabit, 3433 əsgər itirdilər. Ruslar özləri də bu müharibəni, dağlıların ən böyük zəfərləri olaraq adlandırdılar. Beləliklə, 1840-lı illərdə Şamil öndərliyindəki dağlı üsyanı özünün ən möhtəşəm illərini keçirmişdi. Artıq Şamilə aid ərazilər gündən-günə genişləyirdi, demək olar ki, bütün Dağıstan, Çeçenistan və İnquşetiya müridlərin hakimiyyəti altına keçmişdi. Şamil bu zəfərlərdən əldə etdiyi güclə hökmü altındakı ərazilərdə bir sıra reformlar həyata keçirməyə başladı. Öncə dildən başladı, çoxdilli Dağıstan dillərini Ərəbcə ilə dəyişdirdi, eyni zamanda bütün yazışmaların Ərəb dilində aparılmasına qərar verdi. Daha sonra dövlət ərazilərində şəriət qanunlarına görə hökm ediləcəyini bildirdi, əraziləri bölgələrə ayırdı, bölgələrə da naibləri (müavinləri) başqan təyin etdi. 1841-ci ildə Divanxana (bir növ məclis) təsis olunaraq, Şamilin ən yaxın adamları bu məclisin üzvləri seçildi. Məclis cümə günündən başqa hər gün toplanırdı. Məclisdə dövlətin hər sistemi haqqında müzakirələr aparılırdı. Məclisə Şamil başqanlıq edirdi və onun qərarı həll edici rol oynayırdı. Şamilin ordusu 50–60 min nəfərdən ibarət idi. Ordunun gerbi, bayrağı və nişanları hazırlanmışdı. İmamət dövlətinin paytaxtı öncə Axulqo, 1840-cı ildən sonra isə Darqo, daha sonradan Vedeno olmuşdu. 1850-ci illərdən başlayaraq Çarlıq, davamlı, amma inadlı bir şəkildə dağlılara qarşı mücadiləni şiddətləndirirdi. Vəziyyətin getdikcə mənfiyə doğru dəyişdiyini görən Şamil, yaxın bölgə ölkələrinin liderləri ilə irtibat qurmağa çalışırdı. Xüsusi ilə Krım müharibəsində Şamil, öz davasına fayda olması üçün Türk generalları ilə əlaqə qurmağa can atdı, Ruslara qarşı müharibə aparan gücləri birləşdirməyə çalışdı. Lakin bu işdə müvəffəq ola bilmədi. 1854-cü ilin noyabrında Türk ordu komandiri İbrahim Paşaya məktub yazdı, türk ordusu ilə dağlı qüvvələri birləşdirməyə çalışdı. Fəqət buna da nail ola bilmədi. 1853-cü ildə Arqutinski komandanlığındakı Çar ordusu Turçi Daqa yüksəkliyindən keçərək Ləzgi ərazisinə girdi. Ertəsi il general Vrangel orduları, dağlıları Arqunda məğlubiyyətə düçar etdi. Bütün bu məğlubiyyətlər Şamilin gücünü bir xeyli zəiflətdi. 1856–1857-ci ili Şamil Arqunda keçirdi, ancaq ertəsi il həm Arqunu, həm də kiçik Çeçenistanı tərk etməyə məcbur oldu. Sonrakı iki il ərzində Çar ordusu bütün Çeçenistana hakim kəsildi. 1859-cu ilin Avqustunda Çar ordusu, general Baryatinski komandanlığında Çeçenistandan keçərək Dağıstan ərazisinə girdi. Demək olar ki, bütün avar aulları Rus ordusuna dəstək verirdi. Şamil yanındakı 400 müridi ilə Gunib auluna çəkildi. Burada müqavimət göstərməyə qərar vermişdi. Fəqət aul Rus ordusu tərəfindən muhasirəyə alındı, Şamilə təslim olmaqdan başqa çıxış yolu qalmamışdı. Şamil əsir düşdükdən sonra Çar hökuməti ona səmimi münasibət göstərdi, uzun bir müddət Kaluqa şəhərində sürgün yaşadıqdan sonra ona ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanına getməyə izin verildi. Bu səyahət əsnasında Şamil 1872-ci ildə Mədinə şəhərində vəfat etdi.[1]

  1. Müridizm hərəkatı Arxivləşdirilib 2015-06-28 at the Wayback Machine Tarix üzrə fəlsəfə doktoru Ramin Sadıqov