Mirzə Ələkbər Sabir Fondu — Mirzə Ələkbər Sabir Fondu 2012-ci ildə M.Ə.Sabirin anadan olmasının 155 illiyi ərəfəsində şairin ailəsi tərəfindən yaradılmışdır.
M.Ə.Sabir yaradıcılığının öyrənilməsi, onun irsinin tədqiqi, proqressiv ideyalarının təbliğinin davam etdirilməsi, eyni zamanda şairin həm şəxsini, həm də yaradıcılığını beynəlxalq ictimaiyyətə daha yaxından tanıtmaqdır.[1]
Şairin maarifçilik, milli mənəvi dəyərlərə sədaqət, proqressiv novatorluq ideyalarından irəli gələn vəzifələrlə fond bir sıra layihəni həyata keçirmişdir.[2] M.Ə.Sabir fondu müasir qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması və inkişaf etdirilməsi yönündə dövlətin fəaliyyətinə dəstək olaraq “Azərbaycan ədəbi dilinin tətbiqi qüsurlarının monitorinqi”, gənclərin özünü tanıtmaq potensialını səfərbər etmək və bu istiqamətdə təlimatlandırmaq, cəmiyyətin gələcək inkişafını təmin edəcək fərdlərin, liderlərin, mütəxəssislərin hazırlanmasına yardımçı olmaq üçün “Gənclər üçün fərdi inkişaf təlimləri” keçirir, davamlı olaraq “Milli geyimlərimizin təbliği” layihəsi çərçivəsində müxtəlif tədbirlər, gəzintilər, yürüşlər təşkil edir.[3]
Mirzə Ələkbər Sabir Fondu 2017-ci ildə şairin bu zamana qədər müxtəlif mənbələrdə - kitabxanalarda, şəxsi kolleksiyalarda, muzeylərdə, TV və radioda, arxivlərdə, internet resurslarında yer alan çoxsaylı video, audio, foto, eləcə də verbal materialları vahid bazada sistemləşdirərək “Mirzə Ələkbər Sabir virtual muzeyi”ni yaratmışdır. Şairin ölümündən sonra çap olunmuş 1912, 1914-cü illər nəşrinin nadir nümunələri ilə yanaşı bugünlərimizədək çap olunmuş əksər kitablarının elektron nüsxələri, əsərlərinin müxtəlif dövrlərdə türk, rus, fars, qırğız və s. dillərə tərcümələri, şairə həsr olunan rəssamlıq nümunələri, şairin ölkə ərazisində olan heykəl və büstlərinin görüntüləri, Sabirin 1918-ci ildə vətəndaş qarşıdurması nəticəsində yandırılaraq dağıdılmış evinin ədibin övladı Məmmədsəlimin sağlığında ikən xatirələri əsasında hazırlatdırdığı maketi və hazırda Şamaxı şəhərində yendənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırmış muzeyinin təmirdən oncəki 360 Panoramik görüntüsü və muzeyin maket əsasında tikilməkdə olan yeni görüntüsünün eskizləri, Sabirə aid unikal faktlar və bir çox digər dəyərli məlumatlar “virtual muzey”də yer alıb. 2018-ci ildən virtual muzey ingilis və rus dillərində də istifadəyə verilmişdir.[4]