Mirzə Məhəmmədqulu Hakim — Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi, şair, Şuşanın mədəni həyatında mühüm rol oynamış ali təhsilli şəxs.[1]
Mirzə Məhəmmədqulu Hakim | |
---|---|
Doğum tarixi | 1818-ci il |
Doğum yeri | Şuşa, Qarabağ |
Vəfat tarixi | 1879-cu il |
Vəfat yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vətəndaşlığı | Rusiya imperiyası |
Milliyyəti | azərbaycanlı |
Dini | islam |
İxtisası | həkim |
Tanınır | Xan qızı Xurşidbanu Natəvanın ailə həkimi kimi |
Pənahəli xan Şuşa qalasının tikintisi başa çatdıqdan sonra və hətta ondan da əvvəl bütün Azərbaycan və İrandan tacirləri, sənətkarları, tanınmış ilahiyyatçıları, həkimləri, musiqiçiləri, həmçinin özünün yaxın və tanış adamlarını buraya dəvət etməyə başladı. O, əsasən, ölkədə öz adından söz etdirmiş, tanınan insanları dəvət edirdi. Onlar və onların nəsillərinin Şuşada əmək və yaradıcılıq fəaliyyəti üçün gözəl şərait yaratmışdılar. Bu ailələrin üzvlərinin həyat və fəaliyyəti Şuşa tarixinin tədqiqatçıları üçün çox böyük əhəmiyyət kəsb edib.
İbrahimxəlil xan Cavanşir dövründə də, böyük bir elm, sənət, poeziya ocağına çevrilmiş Qarabağ xan sarayı öz divarları arasında neçə-neçə ədəbi-mədəni məclislər qurmuş, ədəbiyyatımızın, mədəniyyətimizin iftixarı olan neçə-neçə sənətkar öz qiymətli sənət incilərini burda yaratmışdır.[2]
Pənahəli xanın Qədim Şuşaya dəvət etdiyi ilk köçənlər arasında Mirzə Məhəmmədqulunun ulu babası Mirzə Məhəmmədəli də var idi. Pənahəli xan onu Nadir şaha xidmət etdiyi müddətdə tanımış və onunla dostlaşmışdı. O zaman Mirzə Məhəmmədəli Nadir şahın yanında münşi adlı katib vəzifəsində çalışırdı. Nadir şahın ölümündən sonra əslində bu səbəbdən işini itirmiş Mirzə Məhəmmədəli Pənah xan tərəfindən Qarabağ xanlığına eyni vəzifəni – münşi vəzifəsini tutaraq çalışması üçün dəvət olunur. Şuşada ömrünü dini fəaliyyətlə keçirmiş oğlu Molla Qayıb və Məhəmmədqulunun atası Molla Hüseynin nəvəsi şəhərin təhsilli əhalisi arasında böyük nüfuz qazanmışdılar.[1]
Gənc Məhəmmədqulu ilk təhsilini dini məktəbdə - mollaxanada almış və uğurla başa vurmuşdur. O, ərəb və fars dillərini mükəmməl mənimsəmiş, xəttatlığın əsaslarını dərindən öyrənmiş, astronomiya və astrologiyaya, xüsusən də tibbə maraq göstərmişdir. O dövrdə İsfahan tibb və farmakologiyanın öyrənildiyi mərkəzlərdən biri idi. Məhəmmədqulu İsfahanın ən məşhur mədrəsələrindən birinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Uğurları böyük olan Məhəmmədqulu Hakimi,Tehrana məhkəmə həkimi vəzifəsinə dəvət edirlər. O, bundan imtina edib Şuşaya qayıdır. Bununla belə, o, məhkəmə həkimi olması yolundan qaça bilməyir. Şuşada doğma qardaşı Qacar şahı Bəhmən Mirzənin şəxsi həkimi olur və onun sarayında yaşamağa başlayır. Bəhmən Mirzənin nəhəng kitabxanası var idi ki, burada gənc həkim nəinki biliklərini zənginləşdirir, həm də burada gözəl xəttat olduğu üçün tibb üzrə şəxsi kitabxanasını genişləndirə bilir. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda onun imzası olan şərq təbabətinə dair bir sıra qiymətli kitablar saxlanılır. Onun hərtərəfli arifliyi və əməksevərliyi haqqında şöhrət Qarabağ xanlarından İbrahim xanın qızı Gövhər ağa Cavanşirə çatır. O, Məhəmmədqulunu öz torpaqlarında xidmət göstərməsi üçün dəvət edir. Onun üçün xüsusi əmək haqqı təyin edir, ona Darğalıq kəndində torpaq sahəsi və mülk hədiyyə edir. Məhəmmədqulunun şöhrəti günü-gündən artırdı və xalq arasında ona “Mirzə” və “Hakim” sözləri ilə xitab edirdilər. Rus qaydalarına əsasən sonradan Qayıbov soyadını götürüb.[1]
Gövhər ağanın vəfatından sonra Xurşidbanu Natəvan Məhəmmədqulunu ailəsinin həkimlərindən biri kimi xidmət etməsi üçün onu öz sarayına dəvət edir. Bu vaxta qədər o, artıq istedadlı şair kimi məşhurlaşmışdı. O, “Hakim” və “Təbib” poetik təxəllüsü ilə “Məclisi üns” ədəbi məclisinin fəaliyyətində fəal iştirak etmişdir.[1]
Mirzə Məhəmmədqulu Hakim 1879-cu ildə 61 yaşında vəfat etmişdir. O, Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.[1]