Mirzə Mansur Mansurov

Mirzə Mansur Məşədi Məlik oğlu Mansurov (5 yanvar 1887, Bakı30 iyun 1967, Bakı) — azərbaycanlı tarzən, pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1940).[1][2][3]

Mirzə Mansur Mansurov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşaqları
Atası Məşədi Məlik bəy Mansurov
Musiqiçi məlumatları
Fəaliyyəti Tarzən
Musiqi aləti Tar
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mirzə Mansur 5 yanvar 1887-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, on bir yaşında Sınıq-qala məscidindəki mədrəsədə təhsil alaraq fars dilini mükəmməl öyrənmişdir. Təhsilini rus-tatar məktəbində davam etdirən tarzən burada dörd il təhsil almışdır. Mirzə Mansurun atası Məşədi Məlik bəyin Bakı muğam məclislərinin yaradıcısı kimi tanınır. O, bir sıra musiqi alətlərində - tar, kamança, tütək ifa edirdi.[2][3]

Həmçinin anası Soltan Bəyim və böyük qardaşı Məşədi Süleyman da saz çalırdı. Belə bir mühitdə böyüyən Mirzə Mansurun tara olan meyli artmış və musiqiçi olmağa qərar vermişdi. Kiçik yaşlarından tar çalmağa başlayan Mirzə Mansur ilk tar dərslərini tarzən Mirzə Fərəc Rzayevdən almışdır. Onun ilk ifa etdiyi muğamlar "Şur" və "Rast" muğamları olmuşdur.[2][3]

Mirzə Mansur tarzən Mirzə Sadıq Əsəd oğlundan bəhrələnmiş və Sadıqcan məktəbinin layiqli davamçısı olmuşdur. Tarzən muğam nəzəriyyəçisi kimi tanınır. O, 1920-ci ildən sonra Şərq konservatoriyasında, 1923-cü ildə isə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində tar dərsi demişdir. Daha sonra 1926–1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs vermişdir. Mirzə Mansur Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını hazırlayan şəxs olmuşdur.[1][2][3][4]

Üzeyir Hacıbəyovun tapşırığı ilə gənc bəstəkarlar Tofiq QuliyevZakir Bağırov Mirzə Mansurun ifasından 1930-cu illərin ortalarında "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salmışlar.[1][2][3] Eyni zamanda Ü.Hacıbəylinin təşəbbüsü ilə o, tar alətini təkmilləşdirmiş, tarın rekonstruksiyasına yeniliklər gətirmişdir. Mirzə Mansurun yenilik verdiyi 4 tardan biri Ermitaj, ikincisi Luvr, üçüncüsü isə İstanbul muzeylərində qorunur. Sonuncu tarı isə özünə saxlamışdı. Mirzə Mansurun tarda ifa etdiyi iki maqnitofon yazısı qalıb: "Xocəstə" və "Mahur-hindi" muğamları.[5]

Mirzə Mansurun oğlu tarzən Ənvər Mansurov onun yolunu davam etdirmişdir. Ənvər Mansurov (1917–1941) Böyük Vətən müharibəsinin ilk günlərindən Brest qalasının müdafiəçilərindən biri olmuş və qəhrəmanlıqla həlak olmuşdur. Ənvər Mansurovun oğlu Arif Mansurov (1939–2003) uzun illər müxtəlif dövlət idarələrində rəhbər vəzifələrdə çalışmışdır. Professor Arif Mansurov, həmçinin Yaşıllar Partiyasının sədri və Dövlət Təbiəti Mühafizə Komitəsinin rəhbəri vəzifəsində çalışmışdır.[6]

Mirzə Mansur 1967-ci ildə vəfat etmiş və Bakı şəhərində, Yasamaldakı köhnə qəbiristanlıqda dəfn edilmişdir.[2][3][5]

Mirzə Mansur Mansurova 23 aprel 1940-cı ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.[2][3][5]

  1. 1 2 3 "Mansurov Mirzə Mansur Məşədi Məlik oğlu" (Azərbaycan). ugam.musigi-dunya.az. 6-1-2019 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 "Oxu tar, nəğməni su kimi alışan ruhuma çiləyim..." (Azərbaycan). anl.az. 13-8-2017 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 Məhəmməd Nərimanoğlu. "Ustad tarzən Mirzə Mansurun ömür akkordları" (Azərbaycan). anl.az. 29-12-2019 tarixində arxivləşdirilib.
  4. Şuşinski, F. Mirzə Mənsur [Mətn] /F.Şuşinski // Azərbaycan xalq musiqiçiləri.- Bakı, 1985.- S.310–313.
  5. 1 2 3 Mansurovlar: Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Bəhram Mansurovun anadan olmasının 100 illiyinə ithaf edilir. Bakı: Çaşıoğlu. 2011. 285.
  6. "Sabah alternativ Yaşıllar Partiyasının təsis qurultayı keçiriləcək" (az.)). trend.az. 2006-12-15. 2020-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]