Mirzə Qulam Əhməd Qadiyani

Mirzə Qulam Əhməd Qadiyani (13 fevral 183526 may 1908) — hind din xadimi, Əhmədiyyə məzhəbinin banisi.

Mirzə Qulam Əhməd Qadiyani
urdu مرزا غلام احمد
Doğum tarixi
Doğum yeri Qadiyan, Pəncab, Britaniya İmperiyası
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Lahor, Pəncab, Britaniya İmperiyası
Fəaliyyəti din xadimi, Qadiyani məzhəbinin banisi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özünü mücəddid ("imanı yeniləşdirən adam"), xristianlara vəd edilmiş Məsih və müsəlmanlara Qiyamət gününün yaxınlaşdığını xəbər verməli olan Mehdi elan etmişdir.[1][2][3] Bir müddət sonra Allahdan vəhy aldığını iddia edən Mirzə Qulam İsa Məsihin qüvvəsinin daşıyıcısı olması ideyalarını xristianlıqdan və hind inanclarından almışdır. Həmçinin, özünü Krişnanın təcəssümü adlandırmışdır.[4][5]

Mirzə Qulam 23 mart 1889-cu ildə Əhmədiyyə (Əhmədiyyə hərəkatı) məzhəbinin əsasını qoymuşdur. Bu hərəkatın əsas vəzifəsi kimi o, İslamın ilkin formasının təbliğini qarşıya qoysa da, hazırda İslam alimləri bu hərəkatı İslamdan kənar dini cərəyan hesab edirlər.

Mirzə Qulam urdu, ərəbfars dillərində dini, teoloji mövzulara həsr olunmuş səksənə yaxın kitabın müəllifidir. Həmçinin, İslamda cihadın mənasız və lazımsız olduğunu elan etmişdir.

Mirzə Qulam ilk mərhələdə ənənəvi İslamın müddəalarına qarşı çıxış etmirdi. Lakin sonralar, Kəşmirdə İsa peyğəmbərin məzarını tapdığını iddia etmişdir. Onun sözlərinə görə, İsa Fələstində edam edilməmiş, Kəşmirə gəlib, burada ölmüş və dəfn edilmişdir. Lakin onun bu iddialarına dair faktiki dəlilləri olmamışdır. Bundan başqa, onun söylədikləri Quran ayələri ilə də ziddiyyət təşkil edirdi. Çünki, orada deyilir ki, İsa peyğəmbər ölməmiş Allahın dərgahına qaldırılmışdır. Hədislərə görə isə, İsa gələcəkdə, qiyamətə yaxın vaxtda Allahın dərgahından yerə enəcəkdir. Onun dedikləri isə bu məqamlarla üst-üstə düşmürdü.

Nəhayət, Mirzə Qulam özünü həm Məhəmməd peyğəmbərin təcəssümü, həm də dünyanın yeni peyğəmbəri elan etmişdir. Amma İslam təliminə görə, Məhəmməd peyğəmbərdən sonra yeni bir peyğəmbər gəlməyəcəkdi. Çünki, Quranda Məhəmməd peyğəmbər peyğəmbərlərin sonuncusu, "peyğəmbərliyin möhürü" adlandırılmışdır. Belə məqamları özünə uyğun izah etməyə çalışan Mirzə Qulam deyirdi ki, bu cür ayələrin mənası ondan ibarətdir ki, dünyaya gələn hər yeni peyğəmbər Məhəmməd peyğəmbəri tanıyıb onun şəriətini canlandırmalı, ona yeni nəfəs verməlidir. Mirzə Qulama görə, Quranda Həzrət Məhəmmədin "peyğəmbərliyin möhürü" adlandırılması o demək deyil ki, Allah başqa insanlarla əlaqə yarada, onlarla ünsiyyət bağlaya, onlarda təcəssüm edə və onlara vəhy göndərə bilməz.

Bəzi mənbələrdə qadiyanilərin Mirzə Qulamın peyğəmbərliyini qəbul edərək, onu bütün peyğəmbərlərdən üstün saydıqları iddia olunur.[6][7]. Məsələn, 1894-cü ildə baş vermiş GünəşAyın tutulmasını Mirzə Qulamın "Mehdiliyinin" təsdiqi kimi yozanlar da olmuşdur.[8]

Mirzə Qulam bütün insanları üç kateqoriyaya bölmüşdür: Onun gəlişinə inanıb, ona tabe olanlar; onun "peyğəmbərliyini" qəbul edib-etmədiyi bilinməyənlər; onun "peyğəmbərliyini" rədd edənlər və ona qarşı çıxanlar.

Qadiyanilər Mirzə Qulamın "peyğəmbərliyini" rədd edən müsəlmanları xristian və yəhudilər kimi "kitab əhli" hesab edirlər. Onların qadınları müsəlman kişilərə ərə gedə bilməzlər, lakin kişiləri müsəlman qadınlarla evlənə bilərlər. Onlar Məkkəni ziyarət etmək əvəzinə, Mirzə Qulamın yurdu olan Qadiyan kəndində yığışıb toplantı və ayinlər icra etməyi "Həcc mərasimi" sayırlar.

Bütün bu məqamlar ənənəvi İslam dini ilə ziddiyət təşkil edir. Buna görə də müsəlman alimləri bu təlimə qarşı çıxaraq, onun tərəfdarlarını İslamdan dönmüş elan etmişlər. Mirzə Qulam və onun ardıcılları da cavab olaraq, bunu iddia edənləri "kafir" adlandırırlar.

Mirzə Qulam 1908-ci ildə vərəm xəstəliyindən vəfat etmişdir. Ölümündən öncə o, ardıcıllarına aralarından "xəlifə"nin seçilməsini vəsiyyət etmişdir.

2 evliliyindən 12 uşağı olmuş, onlardan beşi körpə yaşlarında vəfat etmişdir.

  1. "The Fourteenth-Century's Reformer / Mujaddid", from the "Call of Islam", by Maulana Muhammad Ali
  2. "Chapter Two – Claims of Hadhrat Ahmad". 2018-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  3. "Qadiyanilik haqqında ensiklopedik məlumat  (türk.)". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-07.
  4. "Qadiyanilik nədir?  (türk.)". 2015-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-07.
  5. "Qadiyanilik dini  (türk.)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-07.
  6. "A world reformer". 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  7. "Qadiyanilik fırkaları bölməsi 7-ci bənd". 2011-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-16.
  8. ["Vadedilen Mehdi Hz.Ahmedin hayatı  (türk.)". 2010-11-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-07. Vadedilen Mehdi Hz.Ahmedin hayatı  (türk.)]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]