Mirzəli Murquzov

Mirzəli İsmayıl oğlu Murquzov (1 aprel 1937) — fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar müəllim, "Şöhrət" ordenli, ADPU-nun fizika fakültəsinin dekanı, Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri, TQDK fizika fənni üzrə ekspert komissiyasının sədri, İlk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. SSRİ Dövlət Komitəsinin Müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür.

Mirzəli Murquzov
Mirzəli İsmayıl oğlu Murquzov
Doğum tarixi (87 yaş)
Doğum yeri Çaylı, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Fizika-riyaziyyat elmləri doktoru
Elmi adı Professor
İş yeri Azərbaycan Dövlət Pedoqoji Universiteti
Təhsili
Mükafatları Əməkdar Müəllim
"Şöhrət" ordeni

1937-ci ilin 1 aprelində Qazax rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailədə yeddi qardaş, bir bacı idilər. Yeddi qardaşın yaşca ən kiçiyi idi. Uşaqkən şeirlər də yazmağa başlamışdı. Tanıyanlar gənc Mirzəlinin ədəbiyyatçı olacağını düşünürdü. Lakin o, tamam başqa peşəni seçdi və ADPU-nun (keçmiş V. İ. Lenin adına APİ) fizika-riyaziyyat fakültəsində təhsil almağa başladı. Bu seçimin əsas səbəbkarı isə onun böyük qardaşı, Gəncə Pedaqoji İnstitutunun riyaziyyat və onun tədrisi metodikası kafedrasının müdiri, mərhum professor Nəcəf Murquzov olmuşdu.

1962-ci ildə ADPU-nu bitirdikdən sonra o, Ukrayna EA-nın Materialşünaslıq İnstitutunun aspiranturasına daxil oldu. Akademik B. V. Samsonovun rəhbərliyi altında müxtəlif kristal maddələrin fiziki xassələri ilə atom quruluşu arasında əlaqəni tədqiq etməyə başladı. O, ilk dəfə olaraq öz elmi rəhbərinin konfiqurasiya modelinə əsaslanaraq mürəkkəb yarımkeçirici maddələrdə fiziki və fiziki-kimyəvi xassələrin formalaşmasında lokallaşma effektinin rolunu müəyyənləşdirdi. Gərgin əməyin nəticəsi olaraq M. Murquzovun maddənin xassəsi ilə elektron quruluşu arasındakı əlaqəyə həsr olunmuş elmi-tədqiqat işi onun elmi rəhbəri tərəfindən ilin ən yaxşı işi hesab edildi və bu barədə Ukraynanın mərkəzi qəzeti olan "Radianskaya Ukrayna" geniş informasiya verdi. Çox sonralar kafedranın seminarında Q. Səfərəliyev GaSb-da mənşəyi məlum olmayan p-tip keçiricilikdən məruzə etdikdən sonra elmi mübahisələr nəticəsində məhz M. Murquzov elektron konfiqurasiyası modeli ilə bu mənşəyin düzgün izahını verdi. Sonradan həmin iş Moskvada keçirilən beynəlxalq simpoziumun gündəliyinə daxil edildi və mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi.

Azərbaycana qayıtdıqdan sonra aktuallığı ilə seçilən elmi işlərini davam etdirir. Onun təkidi ilə Azərbaycanda ilk dəfə Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda lantanoidli materialların tədqiqinə başlanır. Bu institutda sırf həmin sahənin tədqiqi ilə məşğul olan xüsusi laboratoriyanın yaradılması təklifini irəli sürür. İndi belə materialların tədqiqi ilə MEA-nın Fizika, Radiasiya Problemləri institutlarında, aparıcı təhsil müəssisələrindən olan BDU, ADPU, AzTU, SDU və digərlərində intensiv tədqiqat işləri aparılır. Lantanoidlərin oxşar elektron quruluşlarına görə onların fərdi xüsusiyyətlərinin dəqiq araşdırılaraq sistemləşdirilməsi problemlərinin həllində onun müstəsna xidmətləri vardır. Aldığı elmi nəticələrlə bir sıra xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edərək ixtisasçı alimlərin böyük marağına səbəb olmuşdur. Məhz Mirzəli Murquzov lantanoidlərin iştirak etdiyi çoxkomponentli mürəkkəb birləşmə və bərk məhlulların tədqiqilə məşğul olan Azərbaycanlı alimlərdəndir.

1969-cu ildə ADPU-da müsabiqə yolu ilə institutun ümumi fizika və astronomiya kafedrasına baş müəllim vəzifəsinə seçildi.

M. Murquzov 1981-ci ildə V. Kansukas adına Vilnüs Dövlət Universitetinin ixtisaslaşmış müdafiə şurasında "Lantanoidlərin iştirakı ilə mürəkkəb yarımkeçiricilərdə valent elektronların vəziyyəti" mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi və 1982-ci ildə elektrik və optika kafedrasının müdiri vəzifəsinə seçildi. Kafedra müdiri kimi o, kafedrada tədris laboratoriyalarının yenidən qurulması və yeni cihazlarla təchiz olunması, yeni laboratoriya işlərinin qurulması və elmi tədqiqat işlərinin genişləndirilməsi sahəsində xüsusi fəaliyyət göstərdi. Yeni elmi tədqiqat laboratoriyaları yaradılır, kafedranın bütün əməkdaşları elmi tədqiqat işinə cəlb olunur. Məhz bu tədbirlərin nəticəsində Mirzəli Murquzovun kafedra müdiri olduğu dövrdə 4 nəfər elmlər doktoru, 15 nəfər elmlər namizədi alimlik dərəcəsi almışdır. 1996-cı ildə universitetin fizika fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

Professor M. Murquzov bir alim kimi müxtəlif ölkələrin elmi jurnallarında və məcmuələrində nəşr olunmuş 250-dən artıq elmi əsərin müəllifi, on bir aspirantın rəhbəri, iki doktorantın məsləhətçisi olmuş, çoxsaylı dissertasiya və avtoreferatlara rəylər vermişdir. O, eyni zamanda kafedranın nəzdindəki elmi-tədqiqat laboratoriyasının rəhbəri kimi yarımkeçirici kristalların alınması və tədqiqi sahəsində xüsusi fəaliyyət göstərmişdir. AIVBVI tipli binar birləşmələr əsasında nadir torpaq metallarının iştirakı ilə alınmış sistem ərinti və birləşmələrində defektlərin təbiətinin, elektron-fonon proseslərinin öyrənilməsi professor M. Murquzovun elmi yaradıcılığında xüsusi yer tutur. Onun rəhbərliyi altında IV qrup halkogenidləri ilə lantanoid halkogenidləri sistemlərinin qarşılıqlı təsirləri öyrənilmiş, kompleks fiziki-kimyəvi analizlərinin nəticələri əsasında bu sistemlərin hal diaqramları qurulmuş, tədqiqat nümunələri sintez edilmiş, monokristalları yetişdirilmişdir. Alınan nümunələrdə daşınma hadisələri, fotoelektrik və optik xassələri geniş temperatur intervalında tədqiq olunmuş, onlara müxtəlif mənşəli şüaların təsiri öyrənilmiş, alınan nəticələr təhlil edilmiş, onların fiziki xassələrinin formalaşmasına lantanoidlərin tam dolmamış daxili 4f təbəqə elektronlarının dolma ardıcıllığının təsiri araşdırılmış, fərdi xüsusiyyətləri təhlil edilmiş və onlar əsasında müxtəlif elektron cihazların hazırlanması mümkünlüyü, tətbiq olunma imkanları dəyərləndirilmişdir. Onun 10-dan artıq elmi işi keçmiş SSRİ Dövlət Komitəsinin "Müəlliflik şəhadətnaməsi"nə layiq görülmüşdür.

M. Murquzov ali məktəb tələbələri üçün 8 dərslik və dərs vəsaiti yazıb onların istifadəsinə verdi. Bu kitabların arasında onun "Atom fizikası" kitabını xüsusi qeyd etmək istəyirik. Ali məktəblərin bakalavr təhsil pilləsi üçün nəzərdə tutulan bu vəsait istər sisteminə, istərsə də məzmununa görə ənənəvi dərsliklərdən əsaslı şəkildə fərqlənir. Prosesləri mikroaləmdən makroaləmə doğru öyrənməklə kursun məzmununu xeyli sadələşdirmiş, yeniləşdirmiş və ümumiləşdirmişdir. Özünəməxsus çətinlikləri olan bu yolu seçməklə Mirzəli müəllim uzunçuluğun və təkrarçılığın qarşısını almış və tədris prosesində vaxta qənaətə nail olmuşdur. Vəsaitdə obyektlərin əlaqəli sistemləri müqayisəli şəkildə verilmiş, onların ümumi əlamətləri göstərilmişdir. Müxtəlif uğurlu ümumiləşdirmələr aparan müəllif, maddənin fiziki xassələrinin kimyəvi rabitənin təbiətindən asılı olmasını və maddənin fiziki xassələrinin formalaşmasında onu təşkil edən atomların fərdi xüsusiyyətlərinin roluna xüsusi diqqət ayırmışdır. Bu kitab on ildən artıqdır ki, tələbələrin stolüstü kitabına çevrilmişdır. O, kafedra əməkdaşlarının pedaqoji fəaliyyətini gücləndirmək məqsədilə dərslik və dərs vəsaitlərinin yazılmasına onları da həmişə cəlb etmişdir. Böyük məmnuniyyət hissi ilə qeyd edək ki, bu sətirlərin müəllifləri də onunla bəzi kitablarında həmmüəllif olmuşlar.

M. Murquzovun pedaqoji fəaliyyətinin ikinci hissəsi orta məktəblə bağlıdır. Respublikamız müstəqillik qazandıqdan sonra professor M. İ. Murquzov təhsil sahəsində aparılan islahatların həyata keçirilməsində fəal iştirak edir. Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə tam inteqrasiya olunmasının təmin edilməsində əlindən gələni əsirgəməyən Mirzəli müəllim yaratdığı işçi qrupu tərəfindən orta ümumi təhsil məktəblərində "Fizika" və "Astronomiya" fənlərinin dövlət standartları müəyyənləşdirilmiş, proqramları tərtib olunmuş, müasir konsepsiyaları hazırlanmışdır. Mirzəli müəllimin rəhbərliyi ilə tərtub olunmuş yeni proqram ona qədər mövcud olan fizika və astronomiya proqramlarından əsaslı şəkildə fərqlənir. Aparılan təhsil islahatlarının tələblərinə uyğun olaraq proqramın quruluş və məzmunu əsaslı şəkildə yeniləşdirilmiş, təkmilləşdirilmiş və elmi səviyyəsi yüksəldilərək inkişaf etmiş ölkələrin tədris proqramlarına uyğunlaşdırılmışdır.

Qəbul olumuş proqram əsasında VII–XI siniflər üçün "Fizika", XI siniflər üçün "Astronomiya" milli dərsliklərinin qısa müddət ərzində yüksək səviyyədə hazırlanması Mirzəli müəllimin dərin zəkası, gərgin əməyi və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olmuşdur. Onun müəllifi olduğu dərsliklər yetişməkdə olan gənc nəslin fizika elminin əsaslarına yiyələnməsində böyük rol oynayır.

Məlumdur ki, məktəblilər üçün dərslik yazmaq zəngin bilik, yüksək analiz və sintez qabiliyyəti, böyük pedaqoji ustalıq tələb edir. Dərslik müəllifi yaxşı alim, pedaqoq olmaqla yanaşı, həm də həssas psixoloq olmalıdır. Mirzəli müəllim bütün bu xüsusiyyətləri özündə ehtiva edən görkəmli maarif xadimlərimizdəndir. Bu fənlərin tədrisinin səviyyəsinin yüksəldilməsi və dərsliklərin təkmilləşdirilməsi məqsədilə respublikamızın müxtəlif guşələrində qabaqcıl fizika müəllimləri ilə görüşlər təşkil etməklə pedaqoji ictimaiyyət qarşısında çıxışlar etmiş, köməkçi tədris vasitələri kimi dərsliklərə uyğun "İş dəftərləri"nin, "Fizikadan məsələlər, VII–IX siniflər üçün", "Fizikadan laboratoriya praktikumu", "Astronomik təqvim", təhsildə İKT-nin geniş tətbiq olunması ilə əlaqədar "Elektron dərsliklər"in, multimediaların hazırlanmasına rəhbərlik etmişdir.

Mirzəli müəllimin əmək fəaliyyətinin üçüncü istiqaməti onun ictimai fəaliyyəti ilə bağlıdır. O, həm universitet və həm də respublika miqyasında ictimaiyyətçidir. Respublika Təhsil Şurası sədrinin müavini, respublika Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının "Fizika" bölməsinin sədri, respublika TQDK-da fizika fənni üzrə ekspert şurasının sədri, Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində ümumtəhsil məktəbləri üçün fizika fənninin kurikulumunu hazırlayan işçi qrupun sədri, ADPU-nun nəzdində fəaliyyət göstərən Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi ixtisası üzrə Dissertasiya Şurasının üzvü — bütün bunlar Mirzəli müəllimin daşıdığı ictimai vəzifələrdir. Onun respublika miqyaslı bir ictimai vəzifəsi də vardır ki, onu xüsusi qeyd etmək istəyirik: məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin sədri. Şagirdlərimizin beynəlxalq olimpiadalarda uğurları məhz bu olimpiadanın təşkilindən, olimpiada tapşırıqlarının səviyyəsindən, habelə iştirakçıların obyektiv qiymətləndirilməsindən asılıdır. Məhz onun gərgin əməyi sayəsində uzun illər keçmiş sovetlər birliyində keçirilən Ümumittifaq fizika olimpiadalarında uğur qazana bilməyən Azərbaycan komandası beynəlxalq olimpiadalarda yüksək nəticələr göstərdi. 2002-ci ildə İndoneziyada keçirilən XXXIII Beynəlxalq Fizika Olimpiadasında komandamız 3 qızıl və 1 gümüş medal qazandı. 2005-ci ildə İspaniyanın Kasamalanka şəhərində keçirilən XXXVI Beynəlxalq Fizika Olimpiadasında komandamızın üzvü Azər Eyvazov nəzəri turda ən yüksək nəticə göstərərək "Birincilərin birincisi" fəxri mükafatına layiq görüldü. Ümumiyyətlə bu günə qədər şagirdlərimiz beynəlxalq olimpiadalarda 5 qızıl, 8 gümüş, 9 bürünc medal qazanmışlar, 6 həvəsləndirici yerə layiq görülmüşlər. Fərəhləndirici haldır ki, beynəlxalq olimpiadalarda fərqlənən şagirdlərimizi dünyanın qabaqcıl universitetləri öz tələbə heyətinə qəbul edir. Hazırda beynəlxalq fizika olimpiadalarında uğur qazanmış onlarla həmvətənimiz Oksford, Massaçusets Texnologiya, Sinqapur, Leyster Universiteti və s. kimi yüksək reytinqli təhsil müəssisələrində ödənişsiz təhsil alırlar. Şübhəsiz ki, bütün bunlar günümüzün "qara qızıl kapitalını intellektual insan kapitalına çevirək" şüarının həyata keçirilməsinə Mirzəli müəllimin verdiyi töhfələrdən biridir.

Bütün mənalı ömrünü şərəflə xalqının elm və təhsilinə həsr edən Mirzəli müəllim Pedaqoji Universitetin professor-müəllim heyəti və tələbə kollektivinin, həmçinin respublika pedaqoji ictimaiyyətinin dərin hörmət və rəğbətini qazanıb. O, elm və təhsil sahəsində sanballı uğurları ilə seçilən, özünü təsdiq edən görkəmli bir alim, böyük nüfuz sahibi olan ziyalılarımızdandır.

Uzun müddətdir ki, ADPU-nun elektrik və optika kafedrasının müdiri, fizika fakültəsinin dekanı kimi fəaliyyət göstərən M. İ. Murquzov "fizika müəllimliyi" (bakalavr) və "yarımkeçiricilər və dielektriklər fizikası" (magistr) sahəsində kadr hazırlığında, ümumiyyətlə fizikanın təbliğində fədakarlıqla çalışır. Onun rəhbərlik etdiyi fakültə və kafedrada əməkdaşlarına, tələbə və magistrlərinə səmimi və mehriban davranışı, yüksək həssaslıqla, bir valideyn qayğısı ilə yanaşması bütün təhsil işçiləri üçün layiqli bir örnəkdir. İndi respublikamızda fəaliyyət göstərən tədris ocaqlarının əksəriyyətində onun tələbələri çalışır və tədrisi onun ərsəyə gətirdiyi dərslik, köməkçi vasitələr əsasında qururlar.

Böyük bir nəslin ağsaqqalı, hamının düzgün yol göstərəni, xırda uğuruna belə sevinən, qayğısını çəkən, dərdinə şərik olan Mirzəli müəllim həm də gözəl ailə başçısıdır. Böyük nüfuz və uğur qazanmasında yüksək intellektual səviyyəyə malik, əsl Azərbaycan qadınına xas olan bütün keyfiyyətləri özündə əks etdirən həyat yoldaşı Rəna xanımın müstəsna rolu olmuşdur. Milli və vətənpərvər ruhda böyüyən oğlu Şahin BDU-nu beynəlxalq hüquq ixtisası üzrə bitirmiş, ABŞ-nin Harvard Universitetində təhsil almış, bir neçə əcnəbi dili mükəmməl bilən, zəngin dünyagörüşü və ensiklopedik savada malik yetkin mütəxəssisdir.

Deyirlər insan ömrü dağ cığırlarına bənzəyir. Bəziləri dağın ətəklərində itib batır, bəziləri isə sərt yoxuşları dolanaraq dağın zirvəsinə kimi yüksəlir. Zəngin elmi pedaqoji fəaliyyəti sahəsində şərəfli bir ömür yolu keçən Mirzəli müəllimin saldığı izlər elə bir zirvəyə çatır ki, bu zirvə Azərbaycanımızın hər bir yaşayış məskənindən aydın görünür.

Tələbkar və ciddi rəhbər, təcrübəli elm təşkilatçısı, mahir pedaqoq kimi tanınan professor M. Murquzovun əmək fəaliyyəti respublika Prezidenti tərəfindən yüksək qiymətləndirilmiş, ona "Əməkdar müəllim" fəxri adı verilmiş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.