Moldova ədəbiyyatı — dilindən asılı olmayaraq Moldaviya knyazlığı, Prutboyu Moldaviya, Bessarabiya, Moldova MSSR, Moldova SSR və müasir Moldova Respublikasının ədəbiyyatı. Moldova ədəbiyyatında xalq yaradıcılığı (nağıllar, qəhrəmanlıq dastanları, tarixi nəğmələr, əfsanələr, atalar sözü və məsəllər, lirik nəğmələr, balladalar) zəngindir.
Moldovada ilk yazılı abidələr IX–X əsrlərin ayrıcından XVII əsrədək din və dövlət dili, habelə ədəbi dil olan slavyan kilcə (orta bolqar) dilində yaranmışdır. Mitropolit Varlaam ilk moldav kitabının ("Kazaniya", 1643) müəllifidir. XVII əsrdə salnaməçilərdən Qriqori Ureke, İon Nekulçe, Miron Kostin, Nikolay Milesku tanınmışlar. Dmitri Kantemirin yaradıcılığı XVIII əsr moldav mədəniyyətinin zirvəsidir. XVIII əsrin sonralarında lirik poeziya yarandı (İon Kontakuzino, Matey Milo və b.).[1]
XIX əsrin birinci rübündə dekabristlərin ideyaları, Puşkinin azadlıqsevər poeziyası Moldova ədəbiyyatına güclü təsir göstərmişdir. A. Xıjdey rus dilində vətənpərvər ruhlu şeirlər yazmış, moldav, rus və Ukrayna xalqlarının dostluğunu tərənnüm etmişdir. K. Konaki, K. Stamati, Georqe Asaki milli ədəbiyyatı inkişaf etdirmişlər. A. Doniç təmsillər, V. Aleksandri ictimai-siyasi məzmunlu şeirlər, satirik komediyalar yazmışdır. XIX əsrin ikinci yarısında Boqdan Petriçeyku Xaşdeunun yaradıcılığı Moldova ədəbiyyatında tənqidi realizmi möhkəmləndirmişdir. Y. Kryanke və M. Eminesku moldav ədəbiyyatının inkişafında mühüm rol oynamışdır.[1]
Oktyabr sosialist inqilabının qələbəsindən sonra sosializm quruculuğunu tərənnüm edən ilk əsərlər meydana gəlmişdir (Leonid Kornyanu, İ. Kanna, L. Barski və b.). Yemilian Bukov, Andrey Lupan, Liviu Deleanu və b. Bessarabiyada inqilabi və antifaşist mübarizənin iştirakçıları idilər, Moldova SSR-in yaranması (1940) ilə moldav ədəbiyyatı yeni mərhələyə qədəm qoymuşdur. İkinci Dünya müharibəsi illərində moldav şair və yazıçıları vətənpərvər ruhlu şeir, hekayə və publisistik əsərlər yazmışdır. Müharibədən sonrakı dövrdə Y. Bukov, A. Lupan, Boqdan İstru, Georgi Menyük, L. Deleanu, P. Kruçenyuk, N. Kostenko və b. şeir və poemalarında faşizmə qarşı mübarizəni, SSRİ-nin nailiyyətinin, sülh uğrunda mübarizəni tərənnüm etmişlər. Lirika (Pyotr Dariyenko, İ. Bastlan, V. Roşka, Konstantin Kondrya, Pyotr Zadnipru, A. Busuyok, Viktor Teleuke, Qriqori Viyeru, P. Botsu, A. Qujel, A. Çibotaru, L. Damian və b.), nəsr və dramaturgiya (İon Drutse, L. Kornyanu, A. Beşlyage, İ. Çobanu, G. Menyuk, Anna Lupan, Ramil Portnoy və b.) geniş vüsət alımışdır. Bir qrup yazıçı (S. Pasko, K. Şişkan, V. İzmaylov, S. Burlaka və b.) rus dilində yazmışdır. Qaqauz ədəbiyyatı da inkişaf etmişdir. Y. Kryangenin "Uşaqlıq xatirələri", Y. Bukovun "Rike və onun yoldaşları" və Səməd Vurğuna həsr olunmuş "Səməd" (poema), İ. Drutsenin "Payızın son ayı" kitabları, moldav şair və yazıçılarının əsərlərindən ibarət "Dostların səsi", "Moldav hekayələri" topluları Azərbaycan dilində, Azərbaycan ədəbiyyatının bir sıra nümunələri isə moldav dilində nəşr olunmuşdur.[1]