NİİM

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) — Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən, 2022-ci il fevral ayının 7-nə qədər BNA tərkibində,[1] həmin tarixdən Daxili İşlər Nazirliyinin tabeliyinə verilən qurum.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
  • Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan
Yaradılma tarixi 29 dekabr 2011
Tabelik Daxili işlər Nazirliyi

Rəsmi saytı niim.az

Müasir şəhərin uğurlu və dinamik inkişafı üçün onun tələbatına uyğun nəqliyyat sisteminin olması vacibdir. Belə nəqliyyat sistemi şəhərin sərnişin və yük daşımaları tələbatından bir addım öndə olmalıdır. Beynəlxalq təcrübədə şəhər yollarının həddindən artıq yüklənməsi problemi yolların sıxlığını artırmadan yol hərəkətini və şəhər sərnişin nəqliyyatını müvafiq küçə-yol şəbəkəsində effektiv surətdə idarə edə bilən intellektual nəqliyyat sistemləri (İNS) texnologiyalarının tətbiqi hesabına həll olunur.

İNS – yol hərəkətinin idarə edilməsi, bütün nəqliyyat növlərinin (fərdi, ictimai, yük) işinin monitorinqi və idarə edilməsi, region ərazisində nəqliyyat xidmətinin təşkili haqqında vətəndaşların və müəssisələrin məlumatlandırılması məsələlərini həll edən qarşılıqlı əlaqəli avtomatlaşdırılmış sistemlər kompleksidir.

Nəqliyyatı intellektual idarəetmə sistemində informasiya axınlarının istiqamətləri:

  • GPS
  • Şəxsi nəqliyyat
  • Təhlükəsiz ictimai nəqliyyat
  • Piyada/sərnişin İstifadəedicisi
  • Nəqliyyat axının manitorinqi
  • Parketmə
  • Ağıllı dayanacaq
  • Ağıllı işıqfor

İNS-in tətbiqinin əsas məqsədi

[redaktə | mənbəni redaktə et]
  • yol hərəkətinin təhlükəsizliyinin artırılması;
  • küçə-yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması;
  • yol hərəkəti iştirakçılarına xidmətin keyfiyyətinin artırılması;
  • ətraf mühitə nəqliyyat axınlarının zərərli təsirinin azaldılması;
  • nəqliyyatın fəaliyyətinin səmərəliliyinin artırılması;
  • şəhər ictimai sərnişin nəqliyyatının nüfuzunun artırılması;
  • şəhərin investisiya və turist cəlbediciliyinin artırılması;[2]

2007-ci ildə NİİM haqqında Prezident İlham Əliyevin fərmanı verilib. 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Cənubi Koreya Respublikasının "SK C&C" şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da Prezident İlham Əliyevin iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. 2011-ci il dekabrın 29-da isə Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışı olmuşdur.[1]

2011-ci ilin sonundan etibarən fəaliyyətə başlayan Mərkəz Nəqliyyat Nazirliyi tabeliyinə verilib.

Mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.

Texniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

İntellektual idarəetmə mərkəzinin zalında 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük – 120 kvadratmetr sahəsi olan monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür.[1]

Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılır.

Üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin hazırda birinci mərhələsi Bakının əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük BakıAbşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcəkdir. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşmışdır. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilmişdir.[1]

İntellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda kameralar yerləşdirilmişdir. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə elektron məlumat tabloları qurulmuşdur.[1]

BNA və DİN-in tərkibində

[redaktə | mənbəni redaktə et]

2015-ci ildə Prezidentin fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılıb və NİİM MMC olaraq onun tabeliyinə verilib.

2016-cı ildə Azərbaycan Prezidenti fərmanı ilə Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında müstəqil "Bakı Nəqliyyat Agentliyi" yaradilib. 2016-cı ildə NK qərarı ilə NİİM BNA "strukturuna daxil olmayan tabeliyindəki qurum" olaraq təsdiqlənib.

2018-ci ilin əvvəli Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Prezident yenidən fərman verib. Bundan sonra, 2018-ci ildə NK özünün 2016-cı ildəki "strukturuna daxil olmayan tabeliyindəki qurum" qərarını ləğv edib.

2022-ci il fevral ayının 7-nə qədər[3] İntellektual nəqliyyat sistemi Bakı Nəqliyyat Agentliyinin tabeliyində fəaliyyət göstərib.[4] Fevralın 7-də Prezident İlham Əliyevin imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanınla Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.[3]

  1. 1 2 3 4 5 "İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir". 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  2. "Nəqliyyatın intellektual idarəetmə sistemləri". 2020-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  3. 1 2 ""Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi" DİN-in tabeliyinə verilib". 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-07.
  4. "Nəqliyyatın İntellektual İdarəetmə Sistemi təkmilləşdirilir". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.