Nəzzam (775[1], Bəsrə[1][4][…] – 845[2][1][…], Bağdad[1] və ya Bəsrə[2]) – Müsəlman filosofu, mötəzilə məzhəbinin nümayəndəsi
Hani Nəzzam | |
---|---|
Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır | |
Doğum adı | إبراهيم بن سيار بن هانئ البصري[3] |
Doğum tarixi | 775[1] |
Doğum yeri | |
Vəfat tarixi | 845[2][1][…] |
Vəfat yeri | |
Elm sahəsi | Fəlsəfə |
İş yeri | |
Tanınmış yetirməsi | Əl-Cahiz[4] |
Tanınır | Mötəzilə məzhəbi |
Dünya elm və mədəniyyətinə İslam dünyasının bəxş etdiyi mütəfəkkirlərdən biri də mötəzilə məzhəbinin məşhur simalarından olan Əbu İshaq İbrahim ibn Səyyar ibn Hani Nəzzamdır.
Onun doğum tarixi haqqında müxtəlif fərziyyələr mövcuddur. Tədqiqatçıların bəzisinə görə, o, 760-cı ildə, bəzilərinə görə isə 811-ci ildə Bəsrə şəhərində dünyaya gəlmişdir. Mənbələrdə ulu babalarının Bəlx şəhərindən olduğu bildirilmişdir. Ləqəbi "Nəzzam" haqqında da bir-birindən fərqli fikirlər dolaşır. Bu ləqəbin ona muncuq düzəltdiyi və yaxud çox gözəl şeirlər, mənzum əsərlər yazdığı üçün verildiyi rəvayət olunur. Gənclik illərini Bəsrədə keçirən Nəzzamın ilk müəllimi dayısı Əbul Hüzeyl əl-Əllaf olmuşdur. Daha sonra xəlifə Məmunun dəvəti ilə Bağdada gələrək, orada mötəzilə məzhəbinin məşhur alimləri ilə tanış olmuş, bir çox fiqh, kəlam və hədis alimləri ilə elmi disputlarda iştirak etmişdir. Şöhrəti artdıqca maddi vəziyyəti də mütənasib olaraq yüksəlmişdir. Hənəfi məzhəbinin nümayəndələri ilə gərgin elmi mübahisələri olmuşdur. Nəzzam bir çox şəhərlərə səfər etmiş, həcc ziyarətində olmuşdur. Onun ölümünə dair fərziyyələr də bir-birindən xeyli fərqlənir. Bəziləri sərxoş olub, özünü yaşadığı evin damından atdığını, bəziləri isə alimin öz ömrünü dindar kimi tamamladığını qeyd edirlər.
Nəzzam İslam dünyasının elm və mədəniyyət həyatının qızğın inkişafda olduğu bir dövrdə yaşamışdır. Dövrün tələbinə uyğunlaşaraq, ədəbiyyatı, şeiri, öyrənmiş, habelə fiqh, kəlam, təfsir kimi İslam elmlərinə dərindən bələd olmuşdur. O, həmçinin hind, fars və başqa dillərə yiyələnmişdir. Nəzzamın İudaizm, Xristianlıq və zərdüştilikə dair ən incə biliklərə malik olduğu rəvayət edilir. Əsas ixtisası isə fəlsəfə və kəlam elmi ilə bağlı olmuşdur. O, Aristotelin kitablarını diqqətlə öyrənmiş, hətta onlara tənqid də yazmışdır. Son dərəcə sərbəst düşüncəsi müasirləri tərəfindən kəskin tənqidlərə məruz qalmışdır.
Nəzzamın əliaçıq, geniş təfəkkürlü, hazırcavab olması ilə yanaşı, tərifdə və tənqiddə ifrata yol verdiyi də tədqiqatçılar tərəfindən qeyd edilmişdir. Buna görə də dostları kimi, düşmənləri də az olmamışdır. Onun ən məşhur tələbəsi Cahiz müəllimi haqqında demişdir: "Keçmiş insanlar "hər min ildə bir dəfə bənzəri olmayan bir insan gələr" söyləmişlər. Əgər bu söz düzdürsə, şübhə yoxdur ki, bu insan Nəzzamdır". Əbdülqadir əl-Bağdadi və İsfərayini kimi kəlam alimləri isə, onun həyatını günahlar içərisində keçirən insan olduğunu, hətta bir sıra məşhur alim tərəfindən küfrdə ittiham edildiyini rəvayət etmişlər.
Nəzzam mötəzilə məzhəbinin "üsuli xəmsə" (beşlik üsulu) sistemini qəbul etmişdir. Onun fikrincə, ancaq insana məxsus olan elmilik hissetmə və ağıl yolu ilə əldə edilir. O, insanda əsl idrak obyektinin ruh olduğunu və bunu duyğu orqanlarının əşyalara təması ilə həyata keçirdiyini bildirmişdir. Duyğuların köməyi ilə xeyir və şər əməllərin qavranılmasının mümkünlüyünü isbat etməyə çalışmışdır. O, kainatın məhdud və sonlu olduğu fikrinin tərəfdarı idi. Əşyaların təbiətcə özünəməxsusluğunu qeyd edən Nəzzam, onların ilk baxışda idarəolunmaz görünmələrinə baxmayaraq, Allahın hökmünə tabe olduqlarını bildirmişdir. O, insanın iki ayrı substansiya kimi bədən və ruhdan ibarət olduğu fikrini rədd edərək, bədəni ruhun qəlibi və daşıyıcısı adlandırmış, insanın yalnız ruhdan ibarət olduğunu iddia etmişdir. Onun fikrincə, lətif cisim olan ruh, bölünməyən və zidd hissəciklərə parçalanmayan cövhərdir.
Nəzzam bildirmişdir ki, Allah varlıqları bir dəfəyə və gördüyümüz şəkildə yaratmışdır. O qeyd etmişdir ki, ağlı olan hər şəxs, təbiəti müşahidə etməklə Allahın varlığını təsdiq edə bilər. Pis şeyləri insan özü edir, Allah şəri yaratmamışdır. Beləliklə, Allah ədalətinə əsasən, Cəhənnəmdəkilərin əzabını, Cənnətdəkilərin isə mükafatını nə artırar, nə də azaldar. Çünki bunlar zülm hesab olunur, o da ehtiyac və ya cahillikdən doğar. Allah bunların ikisindən də uzaqdır. Nəzzam nübuvvəti insan üçün vacib hesab etmişdir. O, Qurani-Kərimdə Həzrət Məhəmmədin (s) peyğəmbərliyinə dair qəti dəlillərin olduğunu vurğulamışdır. Həzrət Məhəmmədin (s) özündən sonra işarə ilə Həzrət Əlini (ə) imam təyin etdiyini nəzərə çatdırmışdır. Bütün bunlara əsasən Həzrət Əliyə (ə) qarşı savaşanların xəta etdiklərini bildirmişdir. O, habelə bir sıra səhabələri yalançılıqda və əhli-beytin Peyğəmbər (s) mirasını almasındakı rollarına görə, tənqid atəşinə tutmuşdur. Bəzi tədqiqatçılar onun İmamət mövzusunda Hişam ibn Hakimdən təsirləndiyini qeyd etmişlər.
Dini hökmlərin qəti dəlillərə istinad etməsinin vacibliyini vurğulayan Nəzzam, xilasın imanla yanaşı, böyük günahlardan uzaqlaşmaqla mümkünlüyünü bildirmişdir. Onun fikrincə, böyük günahlar yalnız vəhy yolu ilə qadağan edilənlərdir. Nəzzamın bunlardan əlavə, ərəblərlə qeyri-ərəblərin evlənməsinin haram olduğunu, 200 dirhəmə qədər oğurluğun günah sayılmadığını, qəsdən tərk edilən namazın qəzasının olmadığını bildirən fiqhi düşüncələri də mövcuddur.
Nəzzamın qırxadək əsəri olduğu qeyd edilmişdir. Lakin bunların heç biri dövrümüzədək gəlib çatmamışdır. Yalnız tələbəsi Cahiz öz kitablarında onlardan sitatlar gətirmişdir. Nəzzam İslam fəlsəfəsi və kəlam sahəsinə bir sıra yeniliklər gətirmiş, bu elmlərin inkişafında özünəməxsus rol oynamaqla yanaşı, ziddiyyətli şəxsiyyəti və düşüncə tərzinin təkrarolunmazlığı ilə İslam tarixində iz qoyan şəxsiyyətlərdən olmuşdur.