Mötəzilik (ərəb. المعتزلة) – dini məsələlərə yanaşmada əqli dəlillərə, zəkanın roluna xüsusi əhəmiyyət verən Kəlam məktəbinin mənsubları olmuşdurlar. Bu məktəb Əməvilər hakimiyyəti dövrünün sonunda yaranmış, Abbasilər dövründə isə inkişaf etmişdir. İslam tarixçilərinə görə mütəzililiyin yaradıcısı Vasil ibn Əta olmuşdur. O, Həsən əl-Bəsrinin tələbəsi olmuş, onun yığıncaqlarında fəal iştirak edib ən mübahisəli məsələlərə toxunmuşdur. Bir dəfə böyük günahlar törətmiş müsəlmanın durumu haqqında mübahisə düşmüşdür. Bu məsələdə Vasil ibn Əta Həsən Bəsriyə qarşı çıxış edib böyük günahlar etmiş müsəlmanları mömin saymamış, onların inancla inancsızlığın arasında olmasını iddia etmişdir. Bundan sonra o, Həsən Bəsridən ayrılmış, öz məktəbini yaratmışdır. Buna görə də, onun məktəbi "mütəzili" (ayrılmışlar) adlandırılmışdır.
İslamın dünya dininə çevrilməsi ilə bağlı olmuşdur. Müsəlmanlar dünyaya açıldıqda başqa mədəniyyətlər, dinlər və fəlsəfi düşüncələrlə qarşılaşmışdılar. Buna görə də öz dini baxışlarını sistemləşdirmək, onları məntiq və ağılın dəlilləri ilə izah etmək məcburiyyətində qalmışdılar. Bu istiqamətdə məhz mütəzililər böyük işlər görmüşdürlər. Onlar özəl bir təlim yaratmış və İslamın müddəalarını müdafiə etmək üçün filosoflar, xristianlar, yəhudilər, zərdüştilər və bəzi İslam məzhəblərinin nümayəndələri ilə mübahisələr apara bilmişdirlər. Əməvi xilafətinin ilk onilliklərində mütəzililər siyasi aktivlik göstərməmiş, yalnız fəlsəfi və ilahiyyat problemləri ilə məşğul olmuşdurlar. 121/739-cu ildə mütəzililər siyasətə qarışaraq Zeyd ibn Əlinin Əməvilərə qarşı üsyanını dəstəkləmiş və buna görə də, Xəlifə Hişam tərəfindən təqib olunmuşdurlar. Ancaq bu təqiblər mütəzililərin siyasi nüfuzunu daha da artırmışdır. Onlar 126/744-cü ildə saray çevrilişi edib, xəlifə Yəzid ibn Validi hakimiyyətə gətirə bilmişdirlər. Ancaq o, tezliklə taxtdan düşürülmüşdür.
Abbasilər dövründə isə mütəzililərin nüfuzu daha da artmışdır. Abbasilər ilk zamanlar onları dəstəkləmişdirlər. Xəlifə Məmunun dövründə isə mütəzililik Xilafətin rəsmi təliminə çevrilmişdir. Ancaq, mütəzililərin güclənməsi ənənə tərəfdarlarının etirazlarına gətirib çıxartmışdır. Ağıla çox önəm verən mütəzili təlimi çox vaxt ənənəvi İslam tərəfdarlarının dini təsəvvürlərinə uyğun gəlmirdi. Buna görə də, onların arasında ixtilaf qızışmış və getdikcə dərinləşmişdir. Ənənəçilər və mütəzililər mübahisələr aparmış, bir-birlərini təkzib və tənqid etmişdirlər. Mütəzililik Xilafətin rəsmi təliminə çevrildikdən sonra ənənəvi İslam tərəfdarlarına qarşı "mihnət" adlandırılan təqiblər başlamışdır. Ancaq o təqiblər genişmiqyaslı olmamışdır. Ənənə tərəfdarları olan ilahiyyatçılardan yalnız bir neçəsi tutulmuş, onlardan mütəzili təlimini qəbul etmək tələb edilmişdir. Onlardan biri Əhməd ibn Hənbəl idi.
Mütəzililik xəlifə Mütəsimin (218/833 – 227/842) və Vasiqin (227/842 – 232/847) hakimiyyətləri dövründə də Xilafətin rəsmi təlimi olmuşdur. Ancaq ənənə tərəfdarlarının etirazları daha da genişlənirdi. Buna görə də, Xilafətdə siyasi sabitliyin pozula biləcəyindən ehtiyat edən xəlifə Mütəvəkkil (232/847 – 247/861) mütəzili təlimindən imtina etmiş, ənənəçilərin mövqeyini dəstəkləmişdir. Bundan sonra mütəzililər zəifləmiş, tədricən öz siyasi və ictimai nüfuzlarını itirərək ortadan çıxmışdırlar. Yalnız müasir dövrümüzdə mütəzililiyi dirçəltməyə cəhd edən qruplar yaranmışdır.
Mütəzililiyin məğlub olmasının səbəbi onun elitar təlim olduğunda idi. Sadə xalq kütlələri üçün ənənəvi İslam daha da anlaşıqlı olmuşdur. Ona görə də, xalq kütlələri ənənəçiləri dəstəkləmişdir. Xəlifələr də siyasi sabitliyi qorumaq üçün mütəzililikdən imtina etmişdirlər. Mütəzililərin arasında birlik olmamış, onlar bir çox qruplara və təriqətlərə parçalanmışdırlar.
Mütəzililərə görə İslam inancının beş təməli vardır və bunlar dinin əsasıdır:
Mütəzililərin ilahiyyatda özlərinə məxsus metodu olmuşdur. Onlar ilk olaraq Quranın açıq-aydın ayələri ilə (nasslarla) hökm verirdilər. Ancaq ayələri ağılın dəlilləri və məntiqlə uyğunlaşdırırdılar[1] (23, 12). Onlar sağlam düşüncəyə uyğun olmayan hər şeyi inkar edirdilər. Ağıla uyuşmayan vəhyi isə onlar alleqorik məna da izah edirdilər. Onlara görə nəyinsə pis və ya yaxşı olmasını təkcə vəhylə deyil, sağlam düşüncə ilə də ayırd etmək mümkündür. Onlardan sonra onlara qarşı çıxış edən sünni ənənəçiləri də inanclarını ağıl baxımdan doğrulamaq üçün öz kəlamlarını yaratmışdırlar. Şiələrin də öz kəlamları mövcuddur.
Mö`təzili alimlər bildirirdilər ki, mənası zənn ifadə edən dini mətnləri etiqad məsələlərində dəlil kimi qəbul etmək doğru deyildir. Deməli, dəlil olaraq hökmü qəti, məzmunu konkret dini mətnlər seçilməlidir. İbrahim ibn Səyyar Nəzzam (775–845) istisna olmaqla bütün mö`təzili alimləri zənn ifadə edən dini mətnlərin etiqad məsələlərində dəlil göstərilməsinin qeyri-mümkün olduğunu bildirmişlər"[2]. Məsələn, müsəlman hüquqşünası Əbülməali əl-Cüveyni (1028–1085) deyirdi: "Nəqli (vəhyə əsaslanan) dəlil tə`vil olunduğu üçün qətilik və konkretlik ifadə etmir"[3]. Bəzi mö`təzililər ağlı hər şeyin dərkində "zəruri cövhər" adlandırırdılar. Bağdad mö`təzililik məktəbinin nümayəndəsi Sümamə ibn Əşrəsə (vəfatı – 828) görə, biliyi ərsəyə gətirmədə birincilik vəhyə deyil, ağla aiddir[4]. Bəs- 54 rə mö`təzililik məktəbinin nümayəndəsi Əbülhüzeyl əl-Əllaf (752–849) bildirirdi ki, ağıl insana şeyləri fərqləndirmək imkanı verən zəruri bilik vasitəsidir[5]. Məşhur mö`təzili alimlərindən Cahiz ağıla böyük əhəmiyyət verərək demişdi: "Qəti hökmü yalnız ağıl çıxara bilər, aydın və izahedici bilik ancaq ağla xasdır"[6]. Digər mö`təzili nümayəndəsi İbn Nəzzama görə, ağıllı insan dini biliklər olmasa da, düşünmə yolu ilə Allahı dərk edə bilər[7].
Bütün bu deyilənlər ilahi biliyin – vəhyin mö`təzililik tərəfi ndən rədd edilməsi mənasına gəlmir. Mö`təzililər həqiqəti dərkdə vəhy və ağlı bilik mənbələri olaraq qəbul etmişdilər. Amma mö`təzili nöqteyi-nəzər əksər hallarda ağılın məqamını vəhyinkindən üstün qəbul edirdi[8].
Mütəzili təliminin ənənəvi məktəblərdən bir çox fərqləri olmuşdur. Onlar Allahın çoxlu sifətlərə (atributlara) malik olmasını inkar etmiş, bunu tövhidin pozulması kimi qiymətləndirmişdirlər. Onlar sifətlərin Allahın zatından fərqli olmadığını iddia edirdilər.
Mö`təzililik Allahın atributları məsələsində ağılın şərh gücünü vəhyin təqdim etdiyi bilikdən üstün hesab edirdi. Belə ki Quranda Allahın fərqli atributları öz əksini tapdığından müqəddəs kitab mütləq bilik mənbəyi hesab edilə bilməzdi. Odur ki ağıl insana yol göstərən yeganə vasitə kimi çıxış edir. Mö`təzililər ağıla üstünlük verdiklərini onunla əsaslandırırdılar ki, ağılın təsdiqlədiyi bir ideya sonradan onun özü tərəfi ndən təkzib edilmir. Amma vəhy yolu ilə bildirilmiş bəzi şeylər sonradan dəyişdirilmişdir. Onlar bununla bəzi Quran ayələrinin hüquqi-dini qüvvəsinin (hökmünün) ləğv edilməsini – "nəsx"i nəzərdə tuturdular.
Daha bir fərq Qurana münasibətdə özünü göstərirdi. Ənənəçilər iddia edirdilər ki, Quran Allahın əbədi və əzəli sözüdür, ondan ayrılmazdır. Mütəzililər bu iddianı rədd etmiş, bunu da tövhidin pozulması, Quranın tanrılaşdırılması kimi dəyərləndirmişlər. Mütəzililərə görə Quran zaman və məkanda daxilində Allah tərəfindən yaradılmışdır.
Mö`təzili alimlər xeyir və şər məsələsində ağlın vəhydən asılı olmadığını iddia edirdilər. Onlar göstərirdilər ki, Quranda xeyrin təriflənib şərin pislənməsi Allahın bunu istədiyinə görə deyildir; əksinə, bu, şeylərin təbiətində həmin keyfi yyətlərin mövcudluğundan irəli gəlir. Yəni, xeyir və şər Allahın istəyinin səmərəsi olmayıb bütövlükdə ağılla müəyyənləşən rasional kateqoriyalardır: "…Bir şeydə xeyir və şərin mövcudluğu Allahın o şeydə xeyir və şərin olmasını istəməsindən irəli gəlmir. "…Xeyir və şər şeylərin özündə mövcuddur. Ağıl isə bəzi şeylərin xeyir və ya şər olduğunu müstəqil şəkildə dərk edə bilir. Bir şeyin şər və ya xeyir olduğunu müəyyənləşdirmək üçün əlavə qanuna ehtiyac yoxdur"[9].
Ağılın dəlillərinə üstünlük verdikləri üçün mütəzililər ənənəçilərin bir çox inancını inkar edirdilər. Ənənəçilərdən fərqli olaraq mütəzililər qəbir əzabına, möminlərin cənnətdə Allahı görəcəklərinə, Musa peyğəmbərin birbaşa Allahla danışmasına inanmamışdırlar. Axirət inancına münasibətlərində də mütəzililərin ənənəçilərdən fərqləri var idi. Belə ki, onlar günahkar müsəlmanların cəhənnəmdə xüsusi yerdə olacağına və nisbətən az əzablar görəcəyinə inanırdılar
Mötəzili kəlamının ən böyük xidmətlərindən biri müsəlman apologetikasının (dinin məntiqi dəlillərlə müdafiə edilməsi) yaradılmasıdır. Onlar xristian, yəhudi, Zərdüşt və başqa dinlərin nümayəndələri ilə polemikalar aparmış, İslamın əsas müddəalarını düçüncə dəlilləri ilə müdafiə etmişdilər. Bununla yanaşı məntiqi düşüncəyə malik, yüksək təhsilli mötəzilər müsəlman cəmiyyətinin içində yayılmış bəzi mistik və xurafatçı təriqətlərə qarşı da mübarizə aparmışlar.
Mötəzilikdə mənfi məqamlar olsa da, bu təlim İslam tarixində layiqli yer tutaraq onu zənginləşdirmişdir. Onun sxolastik metodları isə dünya düşüncə tarixində öz izini qoymuşdur.[10]