Nadir şah Əfşarın Xorasan səfəri — Nadir şahın II Təhmasib tabeliyində apardığı ilk böyük hərbi kampaniya
Nadir şah Əfşarın Xorasan səfəri | ||||
---|---|---|---|---|
Nadirin yürüşləri | ||||
Tarix | 1726–1727 | |||
Yeri | Xorasan | |||
Nəticəsi | Səfəvilərin qalibiyyəti | |||
Münaqişə tərəfləri | ||||
|
||||
Komandan(lar) | ||||
|
||||
Tərəflərin qüvvəsi | ||||
|
||||
|
1726-cı il sentyabr ayında Təhmasibə bağlı qüvvələri də öz ətrafında birləşdirən Nadir ilk növbədə ölkənin şərq sərhədlərini bərpa etmək üçün səfərbərliyə başladı. Bu siyasət eyni zamanda həm Məlik Mahmudu və Əbdadiləri həm də Gilzayları hədəf almışdı. Lakin ilk hücum hədəfi olaraq Məlik Mahmud seçildi. Bunun əsas səbəbi Məşhəd kimi şiiələr üçün müqəddəs sayılan bir mərkəzin bu güruhun əlinə keçməsi eləcə də Məlik Mahmudun ən zəif düşmənlərdən biri olması idi. Məlik Mahmud da Xorasanda ikitərəfli təzyiqin gücləndiyini hiss edirdi. Şərq tərəfdə Nadir günü-gündən güclənir, bölgədəki tayfa və oymaqları öz nəzarəti altına alır və Məşhəd üzərinə hücuma hazırlaşırdı.[1] O biri istiqamətdən isə Səfəvi xanədanının varisi olan Təhmasib Məşhədin qərbində, Mazandaran və Astrabad ətrafında qüvvə toplamaqda idi. Təhmasibin gücləndikdən sonra Məşhəd üzərinə hücum təşkil edəcəyi də gizli deyildi. Mirzə Mehdi xan Astrabadiyə görə, Məlik Mahmud onun ətrafında mürəkkəbləşən vəziyyəti öz xeyrinə dəyişmək üçün Təhmasibin üzərinə qoşun çəkməyi qərarlaşdırdı. Bu məqsədlə qoşunu ilə Cəvin və Esfəreyn istiqamətində hərəkətə başladı ki, orada Təhmasibin qoşununa zərbə vurub onun tərəfindən ehtimal edilən təhlükəni aradan qaldırsın. Amma bu hücum baş tutmadı və Məlik Mahmud tezliklə geri döndü. [2]
"Aləm Ara-ye Naderi" əsərində Nadirlə Məlik Mahmud arasında baş vermiş döyüşlər haqqında da məlumatlar vardır. Mənbəyə görə bu döyüşlərdən biri Məlik Mahmudun özünü hakim elan etməsi ərəfəsində baş vermişdi. [3]
"Məlik Mahmudun özünü qədim padşahlar nəslindən elan etməsi, öz adına sikkə vurması və xütbə oxutdurmağa hazırlaşması və bundan sonra Əbivərd və Dərgəzə gedərək ona tabe olmaq istəməyənlərə dərs verməyə hazırlaşması barədə xəbərlər Nadiri qabaqlayıcı addımlar atmağa sövq etdi. Onun göstərişinə əsasən 1200 nəfərlik bir dəstə təşkil edildi və bu dəstə Nadirin rəhbərliyi altında Məşhədə doğru üz tutdu. Siyahab çayı hövzəsinə çatanda Nadir dəstəni iki yerə böldü. 400 nəfərlik birinci dəstəni Nadir şəhərə istiqamətləndirdi. 800 nəfərlik ikinci dəstə isə Məşhədin yarım fərsəngliyində mövqe tutdu. Məlik Mahmud, Nadirin qoşun çəkməsi xəbərini eşidəndə beş min nəfərlik dəstənin döyüş mövqeyinə çıxarılmasına əmr verdi. Nadirin döyüş məharəti haqqında çox eşidən Məlik Mahmud mütləq say üstünlüyünü yaratmaqla ona öldürücü zərbə vurmaq niyyətində idi. Amma onun say üstünlüyünə malik olması Nadiri heç də qorxutmadı və çox böyük sürətlə Məlik Mahmudun qoşununun cinahlarından birinə zərbə vurub öz mövqeyinə çəkildi. Məlik Mahmud daha çevik hərəkət üçün 1200 nəfərlik bir dəstə yaratdı və onu Nadirlə döyüşə atdı. Bu zərbə qüvvəsinin qarşısını almaq üçün Nadir də dəstəsini iki yerə böldü. Hər iki qrup hücuma keçib Məlik Mahmud qüvvələrinin cinahlarını tutdu. Az qala mühasirə vəziyyətinə düşən Məlik Mahmudun qüvvəsinə güclü zərbə vuruldu və döyüş təşəbbüsü Nadirin əlinə keçdi. Belə olanda Məlik Mahmudun qüvvələri qaçmaqla canlarını qurtarmağa çalışdılar. Məhəmməd Kazım Mərvi xəbər verir ki, Nadirə dərs vermək istəyən Məlik Mahmudun dəstəsi elə bir vəziyyətə düşdü ki, döyüş meydanı bu dəstənin üzvlərinin meyitləri, onların kəsilib yerə düşmüş qolları və başları ilə örtülmüşdü. Sağ qalanlar isə tülkü sürüsü kimi qaçıb dağılışdılar. Məlik Mahmud da canını qaçmaqla qurtara bildi. Qalib gələn Nadir dəstəsi isə Xacə Rəbi yaxınlığında gecələyib səhər Əbivərdə qayıtdı. |
Təhmasib həmin vaxtlar Şahrud və Bostam ətrafında idi. Məlik Mahmudun hərəkətə başlaması xəbəri alınanda onun da Fətəli xanın rəhbərliyi altında olan qoşunu Esfəreynə doğru yürüşə başladı. Bu yürüş ərəfəsində Təhmasib, Həsənəli bəyi yenidən Nadirin yanına göndərdi və qoşunu ilə ona birləşməsini təklif etdi . Nadir həmin vaxt Mərv qızılbaşlarına qarşı talançı yürüşlər həyata keçirən tatarların çıxışlarını yatırdıqdan sonra yenicə Əbivərdə qayıtmışdı. Bir neçə gündən sonra o, Şah Təhmasibin qoşunlarının kürdlər məskunlaşan ərazilərə yetişdiyini eşitdi. "Aləm Ara-ye Naderi"də Həsənəli bəyin yenidən Nadirin yanına gəlməsi və ona Təhmasibin qoşunlarına qoşulmasını təklif etməsi haqqında məlumat yoxdur. Həmin mənbəyə görə, Nadir əvvəldən də Şah Təhmasiblə birləşmək niyyətində idi və onun Xəbuşan yaxınlığında olmasını eşidəndə dəstəsi ilə onun düşərgəsinə yollandı . Mirzə Mehdi xanın məlumatına görə, Nadir, Şah Təhmasibə qoşulanda onun düşərgəsində baş vermiş bir ixtilafı aradan qaldırmağa nail oldu. Bu da Fətəli xan Qacarla kürd tayfaları arasında baş verən ixtilaf idi. Fətəli xan kürd tayfalarını itaətsizlikdə günahlandırıb onlara qarşı inamsızlıq yaradırdı. Nadir isə kürdlərin Təhmasibə sadiq olacağını əmin etmək üçün Məhəmməd Hüseyn bəyi şahın yanına vasitəçi göndərdi. Şah Təhmasib kürdlərə qarşı inamsızlığına son qoyduğunu bildirdikdən sonra, Nadir ona qoşulan kürdlərlə birlikdə şah düşərgəsinə gəldi və ona itaət etdiyini bildirdi .[4] Mövcud olan məlumatlara görə, Nadir öz dəstəsi ilə 1726-cı il sentyabrın 2-də Şah Təhmasibə qoşuldu. Həmin ayın 29-da isə onların birləşmiş dəstəsi Xəbuşandan Məşhədə doğru hərəkətə başladı. Nadirin dəstəsi ilə birləşməsi Təhmasibin həm gücünü, həm də qələbəyə ümidini xeyli artırdı. Məşhədə doğru hərəkətə başlayanda Şah Təhmasib Məlik Mahmuda təslim olmaq təklifi göndərdi. Məlik Mahmud bu təklifi qəbul etmədi və qala daxilində müdafiə işlərini gücləndirdi. Öhdəsində olan toplardan geniş istifadə etməyə çalışması Şah Təhmasibin qoşunlarının qalaya yaxınlaşmasını xeyli yubandırdı. Məşhəd qalasının mühasirəsi iki ay çəkdi. Nadirin qala döyüşlərində artıq müəyyən təcrübəsi var idi. Ona görə də o, hər gün qala divarlarını öyrənir, düşmənin qüvvələrinin yerləşməsini və imkanlarını nəzərdən keçirir, qala müdafiəçilərinin müqavimətinin sındırılması yollarını arayırdı. Toplara malik olmaması qalanın ələ keçirilməsini çətinləşdirsə də Nadir öz inadından geri dönmək fikrində deyildi. Xüsusilə, Fətəli xan Qacarın qətlindən sonra Nadir bütün bacarığını ətrafındakılara nümayiş etdirmək istəyirdi. Məlik Mahmud da qala daxilinə çəkilib passiv müdafiədə dayanmamışdı. Qalanı mühasirəyə almış şah qoşunlarına ciddi zərbə vurmaq üçün Məlik Mahmud münasib məqam arayırdı. Fətəli xan Qacarın öldürülməsi xəbərini eşidəndə Məlik Mahmud nəhayət belə bir məqamın yetişdiyini güman etdi. O, qaladan kənarda şah qoşunları üzərinə hücum etməyi qərara aldı. Bu xəbərə Nadir çox şad oldu və ixtiyarında olan qoşunları qruplaşdırıb Məlik Mahmudla döyüşə hazırlıq tədbirləri həyata keçirdi. Məşhədin yarım fərsəngliyində baş verən döyüşdə Məlik Mahmud ciddi zərbə aldı və bir sıra təcrübəli qoşun başçılarını əldən verdi. Sonra da geri çəkilməyə məcbur olub yenidən qalaya sığındı.[5]
Məlik Mahmudun ətrafındakıları Nadirin şücaətini görəndən sonra onun qarşısında müqavimət göstərməyin heç də asan olmadığını anladılar. Ona görə də bir sıra əyanlar Məlik Mahmuda etimadsızlıq göstərib Nadirlə əlaqələr yaradılmasına çalışdılar. Belələrindən biri də Məlik Mahmudun sərkərdələrindən olan Pir Məhəmməd adlı birisi idi. Pir Məhəmməd öz adamları vasitəsilə Nadirə xəbər göndərdi ki, əgər ona toxunmazsa Mirəli darvazasının mühafizəçilərini gecə ikən zərərsizləşdirər və qapını Nadirin üzünə aça bilər. Nadir bu fürsətdən yararlanmağı qərara aldı. Razılaşdırılmış gündə Nadir 12 minlik qoşun dəstəsini adı çəkilən darvazanın ətrafında yerləşdirdi. Pir Məhəmməd doğrudan da mühafizəçiləri zərərsizləşdirərək darvazanı Nadirin üzünə açdı və qısa zaman ərzində Məşhəd bütünlüklə ələ keçirildi. Mənbələrdə ola məlumatlara əsasən, Nadir də döyüşçüləri ilə birlikdə əlində qılınc özünü düşmən üzərinə atdı və düşmən silahlılarına göz açmağa imkan vermədi. 1726-cı il noyabr ayının 11-də Məşhəddə Məlik Mahmudun hakimiyyətinə son qoyuldu. Məşhəd ələ keçiriləndən sonra Şah Təhmasib də bura gəldi və İmam Rzanın qəbrini ziyarət etdi. Məlik Mahmudun hakimiyyəti altında qalmaq istəməyən yerli əhali onu sevinclə qarşıladı. Nadir kimi Şah Təhmasib də Məşhədin azad edilməsindən çox sevindi. Bu sevinci ona bəxş edən Nadirin xidmətlərinin layiqincə qiymətləndirilməsi üçün Şah Təhmasibin əlində böyük imkanlar yox idi. Ona görə də o, Nadiri özünəməxsus şəkildə mükafatlandırdı və ona öz adını verdi. Nadir şahlıq taxt-tacına sahib olana qədər onu "Təhmasibqulu" adlandırdılar. Ona görə bir sıra mənbə və tarixi ədəbiyyatda Nadirin "Təhmasibqulu" kimi təqdim olunmasına da rast gəlmək mümkündür. Təhmasibqulu — Təhmasibin qulu mənasını verir. C. Hanvey bu adın Nadirə verilməsini Məşhədin azad edilməsində onun göstərdiyi xidmətlərlə əlaqələndirir. Bəzi tarixçilərə görə isə ilk görüşlərindən sonra Şah Təhmasib onu qorçubaşı vəzifəsinə təyin etdi və ona Təhmasibqulu xan adı verdi. Hər halda C. Hanveyin irəli sürdüyü fikir həqiqətə daha yaxın səslənir. Məlik Mahmud məğlub olduqdan sonra xahiş etdi ki, ona toxunmasınlar və İmam Rza ziyarətgahının hücrələrindən birində ibadətlə məşğul olmağa imkan versinlər. Nadir onun xahişi ilə razılaşdı. Amma sonradan məlum oldu ki, Məlik Mahmud Nadirə qarşı müəyyən təbliğat işlərinin aparılması ilə məşğul olur. Onda Nadirin əmri ilə Məlik Mahmud qətlə yetirildi. Məşhədin alınmasına qədər Nadir daha çox məhəlli döyüşlərlə, yaşadığı bölgənin məntəqələrinin və qalalarının ələ keçirilməsi ilə məşğul idi. Məşhədin ələ keçirilməsi əslində, bütün Xorasan vilayətinin nəzarət altına alınması demək idi. Müəyyən mənada Məşhədin alınmasının strateji dəyəri də var idi. Çünki buradan başlanan uğurlu hərbi fəaliyyət Səfəvilər dövlətinin ərazi bütövlüyünün təmin edilməsinə istiqamətlənən ilk addımlardan biri idi. Məşhəd ətrafındakı döyüşlə Nadir öz bacarığını və iddialarını bir daha ortaya qoydu.[6]
Tahirzadə, Ədalət. Nadir şah Əfşar. "Çıraq" nəşriyyatı. 2005.