Nadir Dövlət (türk. Nadir Devlet, tatarca: Надир Дәүләт) — tatar əsilli Türkiyə alimi, tarixçi, jurnalist, tarix elmləri doktoru, professor, Tatarıstan Elmlər Akademiyasının yabançı üzvü
Nadir İbrahim oğlu Dövlətkildə | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Mukden, Mancuriya, Çin |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vətəndaşlığı | Çin,SSRİ,Türkiyə |
Milliyyəti | tatar türkü |
Təhsili | İstanbul Universiteti, Münxen Lüdviq Makcimillian Universiteti |
İxtisası | tarixçi, jurnalist |
Fəaliyyəti | türkoloq, tarixçi |
Əsərlərinin dili | türkcə,tatarca |
İstiqamət | türk tarixi, beynəlxalq münasibətlər, strateji araşdırmalar |
Janrlar | monoqrafiya, elmi məqalə |
Mükafatları | |
devletkildi.net |
Nadir İbrahim oğlu Dövlət Kildi 15 iyul 1944-cü ildə bolşevik diktaturasından Mançuriyaya qaçan tatar kökənli İbrahim və Ruqiyyə Dövlət-Kildi ailəsində anadan olmuşdur.[1] Valideynləri Ayaz İshaki tərəfindən yayınlanan tatarca "Milli Bayrak" qəzetinin yaradılmasında iştirak etmişlər. Sovet qoşunları 1945-ci ildə Mançuriyaya girdikdən sonra Çinə sığınan bir çox tatar ailəsi həbs olunmuşdur. İbrahim və Ruqiyyə Dövlət-Kildiyevlər casusluqda günahlandırılmış və hər ikisi on il müddətinə həbs cəzasına məhkum edilmiş, müxtəlif QULAQ düşərgələrinə göndərilmişdir. QULAQ-a gedən yolda Nadir Dövlətin bacısı Fəridə dünyaya gəlmişdir.
Bir yaş yarımlıq Nadir babasının himayəsində qalmış, lakin bir neçə ay sonra babası ölmüşdür. Nadir Mançuriyada qalmağı bacaran tatar ailəsi Axtyam və Gainijamal İlyasov tərəfindən himayəyə götürülmüşdür. Çində kommunist rejim qurulduqdan sonra bu ölkəyə sığınan minlərlə tatar yeni bir yaşayış yeri axtarmağa məcbur olmuş, kimi Yaponiyaya, kimi Avstraliyaya və ABŞ-a köçmüşdür. İlyasovlar ailəsi isə Türkiyəyə mühacirət etmişdir.
Nadir Dövlət sonralar bununla bağlı xatirələrini bölüşmüşdür: "Türkiyədə böyüdüm, burada təhsil aldım. 14–15 yaşımda əsl valideynlərimin olmadığını öyrəndim. Məni himayəyə götürən valideynlərim özləri bunu söylədi. Bu, mənim üçün böyük bir şok oldu. Kim olduğumu, niyə anam və atam yoxluğunu düşündüm. Bu, məktəbdəki dərslərimə ziyan vurdu. Bir il heç nə eləyə bilmədim. Yalnız bir il sonra özümü birtəhər toparlayaraq normal şəkildə oxumağa davam edə bildim. Eşitdiklərim məni ruhən sarsıtmış oldu . Valideynlərimi niyə əlimdən aldıqlarını, niyə həbsxanada saxladıqlarını, günahlarının nə olduğunu öyrənmək istədim. Oğrudurlarmı, cinayətkardırlarmı? İnsanların qəzetdəki məqalələrə görə niyə belə cəzalandırıla bildiklərini başa düşə bilmədim".
Bu hadisədən sonra Nadir Dövlət tatarların tarixi ilə maraqlanmış, ana dili olan tararcada bilik səviyyəsini yüksəltməyə qərar vermişdir. O, tatarlar haqqında oxumağa və sonra isə yazmağa başlamışdır.
1963-cü ildə İstanbulda "Tukay klubu" gənclər təşkilatının yaradılmasında fəal iştirak etmişdir. 1967–1971-ci illərdə İstanbul Universitetində təhsil almışdır.
1972–1974-cü illərdə təhsilini Almaniyada, Münihdəki Ludwig Maximilian Universitetində davam etdirmişdir.
1972–1984-cü illərdə jurnalist kimi Amerikanın Azadlıq və Azad Avropa Radiosunun Tatar-Başqırd xidməti üçün verilişlər hazırlamışdır.
Türkiyəyə qayıtdıqdan sonra elmi fəaliyyətini davam etdirmiş, XX əsrin əvvəllərində tatarların milli müstəqillik uğrunda apardığı mübarizəni və bolşeviklərin fəaliyyətlərini və cinayətlərini araşdırmışdır.
Nadir Dövlət öz bacısı Fəridə ilə yalnız 1990-cı ildə Kazanda görüşə bilmişdir. Bu zaman o, 46 yaşında, bacısı isə 45 yaşında idi.
Nadir Dövlət uzun illər Türkiyənin Marmara Universitetində dərs vermiş, elmi yaradıcılıqla məşğul olmuş, çoxsaylı əsərləri yayınlanmışdır. Onun "1917-ci il Oktyabr inqilabı: Rusiya türklərinin həyat uğrunda mücadiləsi" adlı araşdırması Amerikanın Azadlıq Radiosunun veb saytında yayımlanmışdır.
Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Nadir Dövlət 15 aprel 2021-ci ildə nəfəs darlığı səbəbi ilə xəstəxanaya yerləşdirilərkən onda koronavirus aşkar edilmişdir. Bir müddət evdə müalicə olunmuş, 21 aprel 2021-ci ildə Ataşəhrdə özəl bir bir xəstəxanaya yerləşdirilmişdir. Xanımı Beril Dövlətin verdiyi məlumata görə, Ndir Dövlət 30 aprel 2021-ci ildə səhər saatlarında dünyasını dəyişmişdir.[2]
Nadir Dövlətin araşdırmalarında Rusiya əsarətində yaşayan türklərin tarixi xüsusi yer tutur. O, xüsusilə tatar türklərinin tarixi, mədəniyyəti ilə bağlı ciddi araşdırmalar aparmışdır. Nadir Dövlətin tatar türkləri ilə bağlı çoxsaylı araşdırmalarında bu xalqın mühacirət həyatı ilə bağlı məqamlara da diqqət yetirilmişdir. Onun müxtəlif dövrlərdə nəşr etdirdiyi "Tatar türklərinin milli mücadilə tarixi" (1985), "İsmayıl bəy Qaspiralı" (1988), "1917-ci il Oktyabr inqilabı və türk-tatar Millət Məclisi" (1998), "İpək yolu" (1999), "Rusiya mühacirləri" (2017), "İpək yolundakı türklər" (2020) və başqa kitabları ciddi elmi axtarışların bəhrəsidir.