Nafiə Abid

Nafiə Abid (1903, Yanina) — milliyyətcə alban olan Azərbaycan şairiyazıçısı. Yazdığı hekayə və şeirlər Azərbaycan türkcəsində olub, əsərlərində Azərbaycanın azadlıq mübarizəsini tərənnüm edib. Bir çox şeirləri Nafiə Şükrü imzasıyla çap olunmuşdur. Əmin Abid Gültəkinin həyat yoldaşıdır.[1]

Nafiə Abid
Doğum adı Nafiə Tevfik Tanur qızı
Təxəllüsü Nafiə Şükrü
Doğum tarixi 1903
Doğum yeri
Milliyyəti alban
Həyat yoldaşı Əmin Abid Gültəkin
Atası Əhməd Şükrü
Anası Zəhra
Təhsili
Fəaliyyəti şair
Əsərlərinin dili Azərbaycan dili

Uşaqlıq və yeniyetməlik dövrü

[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Yanya (indi Yunanıstanın tərkibindədir) şəhərində bir alban ailəsində doğulan Nafiənin ailəsi yunanların Osmanlı dövlətinə qarşı üsyanından sonra İstanbula köçür. Kiçik yaşlarında atası Əhməd Şükrünü itirir. Bundan sonra Nafiənin anası Zəhra Tevfik Tanurə ərə gedir. Beləliklə Nafiənin qızlıq sənədlərində Nafiə Tevfik Tanur qızı yazılır.[1]

7 yaşında ikən İstanbuldakı Camlıq liseyinə daxil olan Nafiə 11 il orada təhsil alıraq, 18 yaşında oranı bitirir. Daha sonra birillik pedaqoji kursu bitirərək 1922-ci ildə İstanbul Universitetinin Tarix-ədəbiyyat fakültəsinə daxil olur.

Əmin Abidlə tanışlıq

[redaktə | mənbəni redaktə et]
Əmin Abid və xanımı Nafiə Abid

Nafiə İstanbul Universitetində oxuduğu illərdə Əmin Abidlə tanış olur. Əmin Abidlə Nafiə eyni fakültədə – Tarix-ədəbiyyat fakültəsində təhsil alırdılar. Universitetə qəbul olunduqdan bir il sonra onların evləndikləri ehtimal olunur.[1]

1926-cı ildə Universiteti bitirən Əmin Abid xanımı Nafiə ilə birlikdə Bakıya dönür. Əmin Abid bir müddət texnikum və ali məktəblərdə işlədikdən sonra onu mərkəzdən uzaqlaşdırıb Ağdaşa müəllim işləməyə göndərirlər. Bununla yanaşı dövrü mətbuatda onun əleyhinə böhtan və təhqir dolu məqalələr çap olunur. 1930-cu illərdən başlayaraq onun elmi məqalələrinin çapı əngəllənir. İxtisasına uyğun işlə təmin olunmayan Nafiə xanım isə evdə dərzilik etməklə ailənin maddi durumunu yaxşılaşdırmağa çalışır.[1]

Ailəsinin təqibindən narahat olan Nafiə xanım Türkiyəyə qayıtmalı olur. Ə. Abid Ağdaş, Quba və Ağdamda müəllim işlədikdən sonra 1934-cü ildə Əli Nazimin təşəbbüsü ilə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsində işə götürülür. Aranın sakitləşdiyini güman edən Nafiə xanım 1935-ci il fevralın 20-də pasport, iyulun 23-də Azərbaycana gəlmək üçün viza alır, avqustun 2-də İstanbuldan yola düşərək, həmin ayın 14-də Bakıya çatır.[2] Nafiə ikinci dəfə Bakıya gəldikdən sonra burada 2 il yaşayır. Həmin vaxt Əmin Abid Ağdamdan Bakıya gəlir və fəaliyyətini burada davam etdirir. Lakin Əmin Abid 1937-ci ilin may ayında SSRİ EA Azərbaycan filialından işdən çıxarılır. O, Kürdəmir rayonunun Qaraqoyunlu kəndində müəllim işləməyə başlayır.[1]

Repressiya dövrü

[redaktə | mənbəni redaktə et]

SSRİ-dəki repressiya dövründə bu ailə də repressiyaya məruz qalır. 1938-ci il iyulun 14-də Ə. Abid İsmayıllı rayonunda həbs edilir. Evləri müsadirə olunur. Qəriblikdə çətin durumda qalan Nafiə vətənə dönməyə çalışır. Bakıdan uzaqlaşaraq, Batuma gedir. Batumda viza almaq ümidiylə Türkiyə konsulluğuna yollanır. Lakin konsulluqdan çıxarkən onu da həbs edirlər.[1]

1938-ci il avqustun 11-də SSRİ Cinayət məcəlləsinim 58/6 maddəsi ilə əksinqilabi iş aparmaqda, casusluqda ittiham olunan Nafiə xanımın həbs edilməsi haqda 6298 nömrəli order çoxdan yazılıbmış. DTK serjantı Avakova da Nafiə xanımı axtarıb tapmaq və həbs etmək haqda əmr verilibmiş. Həbs edilərkən 165920 nömrəli qızıl qol saatını, brilyant sırğalarını, iki ədəd qızıl üzüyünü və b. bəzək əşyalarını da əlindən alırlar.[1] Ağır keçən istintaq prosesinin yekununda protokoldan çıxarda belə yazılır:

"Əhmədova Nafiə Şükrü qızı çox təhlükəli ünsür kimi islah-əmək düşərgəsində saxlansın. Cəza müddəti 1938-ci il avqustun 11-dən hesablansın".[2]

Əmin Abid 1938-ci il oktyabrın 21-də saat 21:30-da güllələnir. Bundan nə qohumlarının, nə də onu tanıyanların xəbəri olmur. Nafiə xanımın isə həbsdən döndükdən sonra Türkiyəyə qayıtdığı ehtimal olunur.[1] Başqa bir mənbəyə görə isə bir müddət həbsdə saxladıqdan sonra Türkiyə səfirliyinin köməkliyi ilə 1939-cu ildə azadlığa buraxıldığı qeyd olunur.[3] Sonrakı taleyi ilə bağlı məlumat yoxdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yaşamış azsaylı albanlardan biri olan Nafiə xanımın XX əsrin 20-ci illərində Azərbaycan mətbuatında hekayəşeirləri çap olunmuşdur[1].

"Azərbaycanın millətpərvər şairi Gültəkin bəgə" ithafı ilə başlayan "Qardaş sevgisi" adlı şeiri 15 noyabr 1925-ci ildə Türkiyədəki Azərbaycan mühacir mətbuatında çap olunmuşdur. Həmin şeiri Məhəmməd Əmin Rəsulzadə 1928-ci ildə İstanbuldakı "Orxaniyyə" mətbəəsində ərəb əlifbası ilə nəşr etdirdiyi "Milli Azərbaycan nəşriyyatı" seriyasından buraxılmış 8-ci kitaba — "İstiqlal uğrunda" kitabına daxil etmişdir[1].

Azərbaycanda yaşayarkən hekayə və şeirlərini Nafiə Abid imzasıyla çap etdirən alban qızının Tiflisdəki "Dan yıldızı" jurnalında "Arabaçı Vladimir" hekayə (1927-ci il, sayı 10, səh. 18–19), "Uzun gecənin sonu" şeiri (1927-ci il, sayı 10, səh. 24), Bakıdakı "Maarif və mədəniyyət" jurnalında "Yeni dünya" şeir (1927-ci il, sayı 3, səh. 21), "Maarif işçisi" jurnalında "Bombalar kölgəsində" şeir (1927-ci il, sayı 6–7, s. 63) və b. yazıları çap olunmuşdur[1].

Nafiə xanım haqqında çox az tədqiqatlar aparılmışdır. Onun həyat və fəaliyyətini araşdıran əsas şəxs Azərbaycan alimi Əli Şamil olmuşdur. O, araşdırmalarının nəticəsi olaraq, "Nafiə xanımın acı taleyi"[4][5] adlı elmi əsər hazırlamış, dəfələrlə mətbuatda bu barədə yazılar dərc etdirmişdir.

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 Əli Şamil. Milliyyətcə alban olan Azərbaycan ədibi Nafiə Xanım Arxivləşdirilib 2018-10-12 at the Wayback Machine. avanqard.net, 10.10.2018 (az.)
  2. 1 2 AMTNA. Nafiə Tevfik Tanur (həm də Şükrü Əhməd) Əhmədovanın istintaq işi, sayı 269342.
  3. Bolşevizm onun şeirlərinin ittiham obyekti idi [ölü keçid]. kaspi.az, 19.03.2018 (az.)
  4. Əli Şamil. "Nafiə xanımın acı taleyi". "Qədimliyimiz-diriliyimizdir". (tədqiqatlar elmi toplusu), "Günəş" nəşriyyatı, Bakı. 1998, səh. 68–73 (az.)
  5. Əli Şamil. "Nafiə xanımın acı taleyi". "Çıraq" jurnalı, 2000, sayı 2, səh. 39–42 (az.)