Əli Şamil (Əli Hüseyn oğlu Şamilov; 5 iyun 1948, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan alimi, folklorşünası, publisisti. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri.
Əli Şamil | |
---|---|
Əli Hüseyn oğlu Şamilov | |
| |
Doğum tarixi | 5 iyun 1948 (76 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Əzizə Ağaəli qızı Şamilova |
Elm sahələri | folklor, ədəbiyyat, aşıq yaradıcılığı |
İş yeri |
|
Təhsili |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub[1]. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub.
1965–1973-cü illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov. İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir.
1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub.
Tələbəlik illərində gizli dərnəklərin üzvü olmuşdur. Vərəqələr, şəkillər payladığıma görə Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşları tərəfindən sorğu-suala tutulmuşdur. Xalq hərəkatının fəallarından olmuşdur. 1988-ci ildə Naxçıvandakı gizli təşkilatların birləşdirilməsi və marağa görə klubların yaradılmasında fəal iştirak etmiş, AXC Naxçıvan Vilayət Təşkilatı məclisinin və idarə heyətinin üzvü seçilmişdir.
1992-ci ildə yerli hakimiyyətə müxalif mövqe tutduğu üçün "vəzifəsi ixtisara düşdüyünə görə" saxta bir əmrlə işdən azad edilib.
1993-cü ildə Bakıya köçmək zorunda qalıb. Bakıda təhsil alan Kırım tatarlarına, Axıska türklərinə, Qaqauzlara, Uyğurlara maddi və mənəvi dayaq göstərib.
2004-cü ildə Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinin direktoru pofessor İsmayıl Vəliyev işdən azad olunanda onu da ensiklopediyadan uzaqlaşdırıblar.
Məqalələri Basarkeçər rayonundakı "Bolluq uğrunda" qəzetində, sonra "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Sovet kəndi", "İnşaatçı", "Jurnalist", eləcə də Zaqatala, Astara, Qusar rayonlarının qəzetlərində çap olunub.
"Şərq qapısı" (Sovet Naxçıvanı) qəzetində redaksiyanın tapşırığı ilə məqalələr yazmaqla yanaşı, işlədiyi qəzet üçün hərbi vətənpərvərlik mövzusunda, tarixi mövzularda, SSRİ-nin müttəfiq və muxtar respublikaları haqqında və başqa mövzularda səhifələr hazırlamaqla yanaşı, SSRİ-dəki Muxtar Respublika və Muxtar Vilayətlərlə birbaşa əlaqə yaratmaq və Naxçıvanı tanıtmaq və təbliğ etmək məqsədilə orada nəşr edilən qəzetlərlə səhifə mübadiləsi təşkil etmişdir. "Sovet Naxçıvanı" qəzetində hazırladığı "Elimizin söz boxçası" səhifəsi böyük oxucu marağı qazanmaqla yanaşı, muxtar respublikada folklor nümunələrinin toplanmasına diqqəti artırıb və rayon qəzetləri də xalqdan toplanmış folklor nümunələri nəşr etməyə başlayıb.
Naxçıvan Vilayət Həmkarlar İttifaqları Şurasının orqanı "Ağrıdağ" qəzetinin, AXC Naxçıvan Vilayət Təşkilatının orqanı "Varlıq" və "Günay" qəzetlərinin təşkilatçılarından olmuş, 1990–1993-cü illərdə "Azadlıq" qəzetinin Naxçıvan bölgə müxbiri işləmişdir.
1995–2007-ci illərdə Azərbaycan radiosunda "Qonaq eldən gələr", 2010–2013-cü illərdə TRT-nin Türkiyənin səsində "Türk dünyasının məşhurları" verlişini hazırlamışdır.
1993-cü ildə Bakıya köçərək Azərbaycan Ensiklopediyasında "Uşaq ensiklopediyası" qrupuna ("Uşaq ensiklopediyası"nın üçüncü cildi 1999-cu ildə nəşr olunub) və "Türk dünyasının məşhurları" qrupuna rəhbərlik etmişdir. "Türk dünyasının məşhurları" sözlüyünü (Ədalət Tahirzadə ilə birlikdə) çap etdirmişdir.
1998-ci ildən Azərbaycan Milli Elmər Akademiyasının Folklor İnstitutunda ilmi işçi, 2007-ci ildən xarici ölkələrlə əlaqələr qrupunun rəhbəri işləmişdir. Təşəbbüsü ilə Folklor İnstitutunda "Ortaq türk keçmişindən ortaq türk gələcəyinə" Beynəlxalq Folklor Konfransının, eləcə də 17–18 oktyabr 2009-cu ildə Türkiyənin Bolu şəhərində Abant İzzet Baysal Üniversitesi Bolu Halk Kültürünü Araştırma ve Uygulama Merkezi (BAMER), Azərbaycan Respublikası Milli Elimlər Akademiyası Folklor İnstitutu, Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun birgə keçirdiyi I. Uluslararası Köroğlu, Bolu Tarih və Kültürü simpoziumunun, 1–3 Aralık 2011-ci ildə Quzey Kıbrıs Türk Cümhuriyyətinin Qazimağosa şəhərində AMEA Folklor İnstitutu ilə Doğu Akteniz Universitetinin təşkil etdiyi beynəlxalq sempozyumun, 18–21 aprel 2012-ci ildə AMEA Folklor İnstitutu, İ. Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası" adlı Beynəlxalq Elmi simpoziumu keçirilmişdir.
2007-ci ildən AMEA Folklor İstitutunda xarici ölkələrlə əlaqələr bölməsinə rəhbərlik edir.
20 ölkədə 100 yaxın məruzə etmiş və 200-də çox məqaləsi çap olunmuşdur. Məqalələrində Əli Şamilov, Ş. Əli, Ə. Hüseyinoğlu, Əli Hüseyinoğlu, Əli Şamiloğlu, Ə. Göyçəli, Ə. Qarapapaq, Əli Şamil, Əli Şamil Hüseyinoğlu və b. imzalardan istifadə etmişdir.
İndiyədək 24 müəllif kitabı, 15 tərtib kitabın müəllifidir. 35 redaktə etdiyi kitab nəşr edilib. Azərbaycanda və dünyanın 17 ölkəsində çap olunan elmi məqalələrinin sayı sayı 522, Azərbaycanda və respublikamızdan kənarda çap olunan məqalələrinin sayı 800 yüzdən çoxdur. Haqqında iki kitab ("Türk dünyasının Əli Şamil xocası" (2023) və "Turan sevdalısı" (2023) onlarla məqalə nəşr edilmişdir. Naxçıvan və Azərbaycan televizyasında və radiosunda 483 verlişi efirə getmişdir ki, bunun da 208-i TRT Azərbaycan İçtimai Radiosunun birgə hazırladığı "Qorquda Ata" proqramındak "Türk Dünyasının məşhurları" rubrikası ilə efirdə səsləndiriləndir.