Natalya Qonçarova

Natalya Qonçarova (27 avqust (8 sentyabr) 1812, Kariyan[d], Tambov quberniyası26 noyabr (8 dekabr) 1863, Sankt-Peterburq) — Aleksandr Puşkinin həyat yoldaşı.

Natalya Qonçarova
Doğum tarixi 27 avqust (8 sentyabr) 1812
Doğum yeri
Vəfat tarixi 26 noyabr (8 dekabr) 1863 (51 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Lazarev qəbiristanlığı[d]
Həyat yoldaşları
Uşaqları
  • Mariya Puşkina[d],
  • Natalya Aleksandrovna Puşkina[d][1],
  • Aleksander Aleksandroviç Puşkin[d],
  • Qriqori Aleksandroviç Puşkin[d]
Fəaliyyəti sosial fiqur[d], məşhur şəxs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şair onu görəndə qızın vur-tut 16 yaşı vardı. Bal rəqslərinin ilahəsi, Moskvanın zadəgan məclislərinin əvəzolunmaz iştirakçısıydı. 1828-ci ilin qışında məşhur rəqs ustası İoqelin Tver bulvarındakı evində Rusiyanın birinci şairi Rusiyanın birinci gözəlini ilk dəfə görür. 19-cu əsr uzun və soyuq maneken qadınların əsri deyildi. O dövrün standartlarına görə, bu gözəl özünün 1 metr 77 santimetr boyu ilə xeyli hündür sayılırdı, incə belliydi, adamın ağlını başından çıxaran sinəsi, mərmər kimi dərisi, ipək saçları vardı. Hələ siması… Bizimkilər demişkən, Tanrının xoş çağda yaratdığı bu qızın sifət cizgiləri məsumluq mücəssəməsiydi. Şair ona necə məftun olursa, qorxusundan dil açıb söz deyə bilmir, əlacı baş götürüb Moskvadan genəməkdə görür. Ancaq artıq dastan yazılmağa başlamışdı. Sonu faciəylə bitəcək bir dastan… Puşkin-Qonçarova dastanı…

Şərlənən baldız, yaxud yelbeyin arvad

[redaktə | mənbəni redaktə et]

Ya "milli mentalitet"ə görə, ya da bilməzikdən bizim orta məktəb dərsliklərində təxminən belə yazılır ki, lənətə gəlmiş Dantes Puşkinin baldızıyla maraqlanırdı, ona görə də şair onu duelə çağırır, məlum hadisə baş verir. Elə bil, məsələnin baldızdan yox, birbaşa Aleksandr Sergeyeviçin arvadından qaynaqlandığını deməyə bir az utanıblar. Bəli, hər şey Natalya Qonçarovadan – o qənirsiz gözəldən başlamışdı…

…Natalya rus ədəbiyyatı və tarixşünaslığı üçün ən maraqlı, həm də barəsində alfadan omeqaya qədər təriflər və ittihamlar söylənən ən bədbəxt simalardan biridir. Onun barəsində yazanlar elə bil yazılı mənbələrin kasad olduğu Qıpçaq Çölunün hansısa qəhrəmanından yazırlar. Yox, Natalyanın 1812-ci ildə doğulduğu, anasının, atasının, babasının kim olduğu, uşaqlığının harada və necə keçdiyi bilinir, həyatının müxtəlif dönəmlərində baş verən hadisələr bəlkə də gününə, saatına qədər məlumdur. Ancaq bu qadının Puşkinin ölümünə səbəb olan, gicbəsər hərəkətləriylə onu duelə aparıb çıxaran yelbeyin gözəlçə, yoxsa, namuslu, qeyrətli həyat yoldaşı və ana olduğu barədə konkret bir fikir yoxdur. Ayrı-ayrı müəlliflər, müasirləri Puşkin kimi dahinin arvadının dünyagörüşü, savadı, ümumən qabiliyyətləriylə bağlı da dürlü fikirlər yazırlar. Biriləri onu savadsız, yalnız bal rəqslərini bacaran gəlincik kimi soyuq gözəl, digərləri əksinə, ingilis, fransız dillərini bilən, tarixdən, poeziyadan baş çıxaran dünyagörüşlü qadın kimi dəyərləndirirlər. Bunlarla belə, bir şey dəqiqdir: Natalya Qonçarova tarixə məhz Puşkinin arvadı olduğu üçün düşüb. Ancaq Mehdi Bəyazid demişkən, "Arvad var kişini öküz leşi, arvad var kişini səltənət eylər!" Fransızlar bu fikrin qayəsini genişləndirərək, ona yeni çalarlar verərkən hər bir dahinin kölgəsində bir qadın məhv olduğunu, hər bir parlaq şəxsiyyətin pərvəriş tapmasında qadınlıq cövhərinin mövcudluğunu qeyd etməklə bərabər, hər hansı pərdəarxası oyunun, məkrin dalında da zərif xilqətin nəbzinin döyündüyünü xüsusilə vurğulayırlar: "Burada gözəgörünməz qadın barmağı var – ilk növbədə o qadını axtarın!" O qadını, Natalya Qonçarovanıı "axtaraq"!

Gedib Afrikadakı buşmenlərə baxmaqdansa…

[redaktə | mənbəni redaktə et]

Mən adı tarixə nə o yanlıq nə bu yanlıq düşən bir qadının bioqrafı olmaq fikrində deyiləm. Hələ onu da nəzərə alsaq ki, bizə qədərki dünya ədəbiyyatında ən çox sevdiyim iki şairə – Marina SvetayevaAnna Axmatova Natalyanı düz-əməlli yuvanın "quşu" hesab eləməyiblər, bu fikrimdə bir az da tərsliyə düşə bilərəm. Ancaq Puşkin-Qonçarova dastanının bir əsas və ana sualı var ki, Çar da daxil bütün Peterburqu gözəlliyinin əsirinə çevirən Natalya Nikolayevna Puşkinə ərə getməyə niyə razı olub? Bu məsələdə Üzeyirbəyin Həsən bəyindən gözəl heç kim məntiq qura bilməz. Axı, madmuazel Qonçarovanı nə vadar elədi ki, Puşkinə ərə getsin? Bəlkə gözəlliyi? Xeyr, ruhu bizi bağışlasın, ancaq gedib Afrikadakı buşmenlərə və qottentotlara baxmaqla Puşkinə baxmaq arasında elə də ciddi bir fərq yox idi. Bəlkə cavanlığı? Xeyr, Puşkin qızdan düz 13 yaş böyük idi. Bəlkə, malı, pulu, dövləti? Xeyr, xeyr, Qonçarova pulgir adam olsa da, bunların heç biri şairdə yoxuydu, lütün biriydi. Bəlkə, qadın şöhrətin əsirinə çevrilib? Qətiyyən! Qonçarova gözəlliyi ilə onsuz da məşhur idi və gözünü hansı şöhrətliyə süzdürsəydi, ona da ərə gedərdi. Bəs nəyi, hə? Bəlkə, Puşkinin şairliyi, dahiliyi?… "Mən hərdən yuxumda o qədər gözəl şeirlər görürəm ki… Ancaq onları yuxuda necə yazasan? Bir dəfə zavallı Nataşanı yuxudan oyatdım və yuxuda gördüyüm şeiri deməyə başladım. Ancaq sonra vicdan əzabı keçirdim: o yatmaq istəyirdi. "Bəs Siz nəyə görə bu şeirləri yazmadınız?" deyə soruşdum. O, qəmli-qəmli cavab verdi: "Arvadım dedi ki, gecə insanların yatması üçün yaradılıb. Mən də özümü bu eqoizmə görə qınadım. Şeirlər isə artıq yaddan çıxmışdı…" Smirnovun Puşkinlə bağlı qeydlərindən bu hissə yəqin ki, Qonçarovanın necə şeir və poeziya "həvəskarı" olduğuna bariz sübutdur. Bəs Qonçarova Puşkinə niyə ərə getdi? Yaxşısı budu, cavaba pillə-pillə yaxınlaşaq…

Bəd gələn nikahdan başlayan faciə

[redaktə | mənbəni redaktə et]

1830-cu ildə Aleksandr Puşkin Natalyaya olan sevgisi haqqında heç nəyi gizlətmədən gələcək qayınanasına yazırdı: "Mən onu görən kimi aşiq oldum və bu hissdən başım gicəlləndi. Mənim təklifimə verdiyiniz qeyri-müəyyən cavab ağlımı başımdan çıxardı. Elə həmin gecə orduya getdim. Səbəbi isə o idi ki, Moskvadan uzaqlaşmaq istəyirdim. Nə Sizin, nə onun yanında özümü idarə eləyə bilməzdim".

Qızın anası bir müddət cavab verməyə tələsmir və bu vaxt ərzində şairimiz əzablı məhəbbətdən nəyi var çəksə də, ədəbiyyat da nəyi var qazanır. "Gözəlim, mənim yanımda oxuma", "Gürcüstan yüksəklikləri" bu çağların məhsuludur. Bir də təbii ki, unudulmaz "Mən sizi sevirdim"…

Mən sizi sevirdim, sevgim bəlkə də, Ölməyib, qəlbimdə yaşayır hələ.

Fəqət qorxutmasın o daha sizi, Dəymək istəmirəm mən xətrinizə…

1830-cu il mayın 6-da Puşkin Natalya Qonçarovanın nişanlısı elan olunur. Qalır bircə rəsmi nikah mərasimi. Ancaq bu məsələdə tale elə bil qarşıda onu nə gözlədiyini bilirdi. Şair yazırdı ki, "toy məndən vəbalı adam kimi qaçır". Həqiqətən, mərasim vəbayla bağlı karantin elan olunduğu üçün bir dəfə təxirə salınmışdı. Puşkinin isə Natalyasına sevgi dolu məktublarının ardı-arası kəsilmirdi: "Mənim mələyim, Sizin məhəbbətiniz məni qəsrimin qapısı ağzında özümü asmağıma mane olan yeganə qüvvədir. Məni bu məhəbbətdən məhrum eləməyin və inanın ki, bütün xoşbəxtliyim ondadır".

Nəhayət, 1831-ci il fevral ayının 18-də Moskvadakı Voznoseniye Kilsəsində nikah mərasimi düzənlənir. Bu vüsal anını səbirsizliklə gözləyən Puşkin ömrünün sonunda 18 fevralı həyatının ən bədbəxt günü hesab eləyəcək. Ancaq elə həmin gün də bədlikdən xəbər verən kifayət qədər olaylar baş verir: qarşılıqlı alış-veriş vaxtı üzük döşəməyə yuvarlanır, masanın üstündəki İncil və xaç yerə düşür, şam sönür… Belə şeylərə inanan Puşkin üçün bunlar sözsüz ki, çox pis əlamətləriydi. Ancaq Puşkini ölümə sürükləyən belə qeri-müəyyən əlamətlər deyildi. Qısqanclıq onu içdən yeməyə başlamışdı…

Dantes-Qonçarova-Puşkin üçbucağı

[redaktə | mənbəni redaktə et]

Gənc ər-arvadın – Rusiyanın birinci şairi və birinci gözəlinin Peterburqda peyda olmasıyla bağlı xatirələrini yazan qraf Vladimir Solloqubdan oxuyuruq: "O vaxtlar paytaxtda elə bir gənc yoxuydu ki, Natalya barəsində düşünməsin, onu arzulamasın, dəlicəsinə ona aşiq olmasın". Yeri gəlmişkən, çarın Puşkinə məmur vəzifəsini məhz Natalya Qonçarovanın sarayda tez-tez görünə bilməsi üçün peşkəş eləməsini də ilk dəfə bu qraf yazıb. Çılpaq çiyinlər, al-əlvan çilçıraqlar, varlı-hallı zadəganlar, ehtiraslı və işvəli paytaxt həyatı öz işini görür. Gözəl Natalyanın zərif cisminə və işvəkar ruhuna belə şeylər çoxdan tanışdı. O, Puşkinə 6 il ərzində 4 uşaq doğduğundan evlilik həyatının təxminən 4 ilini qarnı burnunda keçirsə də, rəqsli gecələrdən, kübarların bal məclisindən qalmırdı. Şairin gözəl və istəkli arvadının həyat tərzindən tam razı qaldığını demək olmaz. Aleksandr Sergeyeviç özünün "Çəpgöz Madonna"sını (anadangəlmə gözündə azacıq çəpliyi olan Natalyanı Puşkin hərdən belə adlandırırdı – İ.Tumas) bəzən lap yüngülcə, eyhamla qınayırdı da. Ancaq görünür, Puşkinin ona olan məhəbbəti arvadının şıltaqlıqlarından daha güclü olub. Qəlbini qaraldan bütün qısqanclıqlara baxmayaraq, Puşkin Natalyanın istəyinə əməl eləyərək, kəndə köçməyi ləngidə-ləngidə gedirdi. Nəhayət, bütün Peterburq cəmiyyəti Puşkinin eşidə biləcəyi tərzdə Çariçaya uzaq qohumluğu çatan fransız zabit Danteslə Natalyanın sevgi macəralarından danışmağa başlayır. Puşkin əvvəlcə bunları dedi-qodu hesab eləyərək fikir vermir. Çünki hamı kimi o da bilirdi ki, Natalyanın bacısı Yekaterina Dantesə vurğundur və yaxınlarda onların nişanlanması gözlənilir. Həqiqətən belə də olur. Yekaterina Nikolayevna Danteslə evlənir və bu nikah Puşkinin qəzəbini xeyli azaldır. Ancaq bu fransız köpəyoğlu axmaq-axmaq işlərindən qalmır ki, qalmır. Elə Natalya da az aşın duzu deyilmiş. Bəli, əgər hətta Qonçarovanın Dantesə aşiq olduğu barədə müasirlərinin qalaq-qalaq yazdıqlarını, söz-söhbətləri, qadının özünün rəfiqələri yanında etiraflarını nəzərə almasaq belə, Natalya az aşın duzu deyildi. Məsələn, bacısı Yekaterinanın özünün belə ərini Natalyaya qısqandığı barədə xeyli faktlar var. Ümumiyyətlə, müasirləri Dantes-Qonçarova-Pişkin münasibətlərində "məhəbbət üçbucağı" kəlməsini çox həvəslə işlədirlər və xeyli də geniş mövzudur. Biz fikrimizi çox yayındırmayıb, şairi duelə aparan iki məqamın üstündə xüsusi dayanaq.

Dueldən bir neçə gün əvvəl Qonçarovanın Danteslə görüşdüyü dəqiqdir. Puşkinin uşaqlarının mürəbiyyəsi Konstansiya xatirələrində yazır: "Natalya Nikolayevna dəhşətə gəlmişdi ki, Dantes evlənəndən sonra da hər şeyə son qoymayıb. Ona görə də, baron Dantesin qulluq elədiyi alayın komandirinin evində onunla görüşdü. Bu görüşdə komandirin arvadı İdaliya də iştirak edirdi". Yazılanlara inansaq, Natalya Qonçarova Dantesi inandırmaq istəyirmiş ki, bu sevdadan əl çəksin. Ancaq istəyi baş tutmur və acıq eləyib evdən çıxır.

Üstündən bir gün keçməmiş bu görüş barədə danışmağa başlayırlar. Görünür, məsələnin üstü ya Dantes tərəfindən, ya da İdaliya tərəfindən açılıb. Şair hər şeydən xəbərdar olur və 1837-ci il yanvar ayının 26-da bacanağının atası baron Qekkernə məktub yazır: "Mənim arvadım bu qorxaqlıq və rəzillikdən heyrətə gəlib. Mən imkan verə bilmərəm ki, Sizin oğlunuz bu alçaq davranışından sonra arvadımla danışmağa cəsarət etsin, hətta onun barəsində olmazın dedi-qodular uydursun, özünü məhəbbətinə sadiq insan kimi göstərsin. Çünki o, sadəcə, pozğun və əclafdır…" Artıq əlcək atılmışdı, bu məktubdan iki gün sonra duel olacaqdı…

Şairin ölümü

[redaktə | mənbəni redaktə et]

Puşkinin Danteslə dueli haqqında çox yazılıb. Tədqiqatçılar həmin gün neçə dərəcə şaxta olduğunu, küləyin sürətini də bilirlər. Ona görə də, orijinal görünməyə cəhd eləmədən bildirək ki, müasirləri Puşkinin çox sərrast atıcı olduğunu deyirlər. Hətta bəzilərinin yazdığına görə, onun atdığı güllə düz Dantesin ürəyini tutub. Ancaq babalı deyənlərin boynuna, guya güllə baronun cibindəki qızıl cib mücrüsünə dəyib, yerə düşüb. Bu mücrünü də ona kim hədiyyə eləsə yaxşıdı? Puşkinin "Çəpgöz Madanna"sı!…

Şairi evə gətirirlər, Natalya "üzünü cırmağa" hazırlaşanda yaralı ona deyir: "Özünü qınama, sən günahkar deyilsən". Güllə qurşağından dəyib qarnından çıxıbmış. O dövrdə bu, çox ağır yara sayılırdı. İki gün əzabdan sonra Rusiyanın birinci şairi ölür. O, İmperator I Nikolaya qanunsuz duelə çıxdığı üçün əfv məktubu yazır, arvadına da vəsiyyət eləyir ki, ona iki il yas tutsun, sonra mərifətli bir adama ərə getsin. Natalya belə də eləyir…

Dul və Natalya

[redaktə | mənbəni redaktə et]

Bəli, Natalya nəinki şair dediyi kimi, hətta ondan 2 dəfədən də çox eləyir. Ancaq bu zalım qızının dul həyatı barədə də eynən evlilikdə olduğu kimi bir-birinə zidd fikirlər söylənib və yazılıb. Biriləri yazır ki, Natalya əri ölən kimi onun Peterburqdan köçüb getmək vəsiyyətinə əməl eləmək fikrində deyilmiş və həqiqət odur ki, Natalya düz iki ildən sonra ərinin adına aldığı kənddən Peterburqa qayıdır. O biri iddia edir ki, Qonçarova nəinki iki il, heç bir həftə də gözləmədən yenə əvvəlki axmaq əməllərini davam etdirib, məşuqlarıyla macəralar, dastanlar yaşayıb. Tarixə və rəsmi bioqrafiyasına inansaq, Natalya iki il yox, yeddi il dul həyatı sürür. Bu illər ərzində ona xeyli elçilər düşür, ancaq bəzilərini o qəbul eləmir, bəziləri də Puşkinin belindən gələn 4 uşağı özünə övladlığa götürməyə razılaşmır. Ancaq gözəl uşaqları gözəl analara görə sevərlər. Özü də etiraf edərmiş ki, "hamıya onun uşaqları yox, özü lazımdır". Zarafat deyildi, uşaqlara hamı Puşkinin kölgəsi kimi baxırdı…

Nəhayət, 1843-c ildə Natalya qardaşının alayında xidmət eləyən 45 yaşlı Pyotr Petroviç Lanski ilə evlənir. Deyirlər, Qonçarova ilə evlənən kimi Çar onu general eləyir, vəzifəsini yüksəldir. Natalya ikinci ərindən də xeyli uşaq doğur və 1863-cü ilə kimi yaşayır, 51 yaşında vəfat edir. Deyirlər, Qonçarova öləndə ağarmış dodaqlarıyla pıçıldayırmış: "Puşkin, sən yaşayacaqsan!" Maraqlıdır ki, Natalya Qonçarova-Puşkina-Lanskayanın başdaşında onun şairdə ərdə olduğu heç nə yazılmayıb. Sadəcə, "Natalya Nikolayevna Lanskaya"…

"Günahsız" Natalya

[redaktə | mənbəni redaktə et]

Yazımızın əsas sualına gəlib yetişdik: Qonçarova Puşkinə niyə ərə getdi? Məncə burada məntiq, tarix, hətta əlahəzrət faktlar belə qüvvəsizdir. Məsələn, mən illərlə belə hesab eləyirdim ki, Natalya Qonçarova Çarın məşuqəsi olub və məhz I Nikolayın məsləhəti ilə şairə ərə gedib. Çünki Natalyanın adının Danteslə bərabər Çarla da hallanmasını unutmaq olmaz. Hətta deyirlər, I Nikolay öləndə adyutantı onun cibindəki saatın alt qapağında Rusiya gözəlinin şəklini görübmüş. Deməli, Puşkin kimi təhlükəli düşüncə sahibini ələ almaq və nəzarətə götürmək üçün onu bir gözəllə evləndirirlər, ələ alırlar. Şairin evlənəndən sonra vəzifəsinin artmasını, I Pyotr və Puqaçev haqqında romanlar sifariş aldığını da yada salsaq, bu fikrə inam bir az da artar. Bəli, mən bu fikirdəydim. Düz Marina Svetayevanın "İki Qonçrova" haqqında əsərini oxuyana kimi. Mən bu əsərə görə Marinanı bir daha sevdim, bir daha alqışladım. Svetayeva uzaq 1929-cu ildə bu sualı özünə verir. Onun cavabını oxuyunca, nəinki Qonçarovanın Puşkinə niyə ərə getdiyini, həm də ona niyə xəyanət elədyini anladım. Marina yazır: "Qonçarova Puşkinə qorxudan ərə getdi. Necə ki, I Nikolay qorxudan şairi senzura nəzarətinə vermişdi. Əgər Nikolay bir çar və ağıllı kişi kimi şairin ağlından və gücündən çəkinirdisə, Natalya da bir gözəl və qadın kimi instiktiv olaraq Puşkindən qorxurdu. Qonçarovanın Puşkinə ərə getməyə razı olması haqda fikirləri belə sıralanır: "Gedim, getməyim… Getmək lazım gələcək. Yaxşısı budur, gedim. Sadəcə, gedim. Cəhənnəm olsun, fərqi yoxdur!" Bəli, Natalyanın Puşkinə ərə getməsi bir gəlinciyin addımına bənzəyir".

Natalyanın onu sevmədiyini isə şair də bilir və bundan əzab çəkirdi. Onun qayınanasına məktublarından birindən oxuyuruq: "Əgər o mənə ərə getməyə razı olsa, bunu yalnız onun laqeydliyi ilə izah eləyə bilərəm". Marina daha sonra yazır: "Bir də Qonçarova Puşkinə xəyanət eləyib, yoxsa, yox, Danteslə öpüşüb, ya öpüşməyib, bütün hallarda günahsızdır. Günahsızdır, çünki oyuncaq idi, günahsızdır, çünki taleyi belə gətirmişdi, günahsızdır… çünki Puşkini sevmirdi!"…

  1. 1 2 3 Kindred Britain.