Naxçıvan Əlyazma Sənədləri — Kəngərli sülaləsinə məxsus sənədlər (17 – 19 əsrlər).[1]
Sülalənin ayrı-ayrı üzvləri tərəfindən yazılan və onlara ünvanlanan məktub, reskript, fərman, qəbalə və s.-dən ibarətdir. Sənədlərin mövcudluğu məlum olan kimi (1935) Gürcüstandan Naxçıvana dərhal elmi heyət göndərilmiş, onlar başqa sənədlərlə birlikdə Tiflisə aparılmış, qısa müddətdə araşdırılmış və 1936-cı ildə kitab haılnda çap olunmuşdur. Kitabın redaktoru məşhur şərqşünas, akademik N. Y. Marrın oğlu Y. N. Marrdır. Burada təkcə Azərbaycanın deyil, İran, Türkiyə və Rusiyanın da ictimai-iqtisadi və siyasi tarixinə dair materiallar vardır. Təəssf ki, gətirilmiş 300-dən çox sənədin yalnız 25-i şərqşünas K. N. Smirnovun tərcüməsi və şərhləri ilə üzə çıxarılmış, qalanlarının taleyi isə hələlik naməlumdur. Kitab 2 hissədən ibarətdir. Birinci hissəyə 3 fəsil – Kəngərli tayfası (1 – 7 saylı sənədlər); naxçıvanlıların İran şahı Kərim xan Zəndə iki ərizəsi (8 – 9 saylı sənədlər); Naxçıvanda tərəflər arasında bağlanmış iki qəbalə (10 – 11 saylı sənədlər), ikinci hissəyə isə 2 fəsil – feodal münasibətləri, torpaq mülkiyyəti və maliyyə məsələləri (12 – 21 saylı sənədlər); Səfəvi dövrü sənədləri (22 – 25 saylı sənədlər) daxildir.[1]