Naxçıvan fiziki-coğrafi rayonu

Naxçıvan fiziki- coğrafi rayonu - Naxçıvan Muxtar Respublikası ərazisinin alçaq (1200-1500 m), orta (1500-2400 m) və yüksək dağlıq sahələrini əhətə edir, relyefin mütləq yüksəkliyi 1200 m-lə 3900 m arasında dəyişir.

Bütövlükdə Naxçıvan Muxtar Respublikası ərazinin oroqrafik qapalılığı və yüksək aridliyə malik olan İran yaylasının təsirinə məruz qalması sayəsində burada fiziki - coğrafi şərait yüksək aridliklə xarakterizə olunur. Rayonun daha böyük sahə tutan alçaq və ortadağlıq hissəsində arid - denudasiyaeroziya - denudasiya prosesləri relyefin inkişafinda və  formalaşmasında mühüm rol oynayır. Yüksəkdağlıq (2400-3900 m) qurşaq daha az sahə tutur, ensiz zolaq şəklində rayon ərazisinin şimal, şimal – şərq hissəsində Zəngəzur silsiləsinin suayrıcı zonasına uyğun gəlir. Orta və yüksəkdağlığın keçid zonalarında səthi su - buzlaq çöküntüləri ilə ötrülmüş bir sıra yüksək dağüstü düzənliklər ( Keçili, Çənənəm, Qışlaq və s.) formalaşmışdır. ( Babayev,1968, Budaqov, 1988a). Fiziki - coğrafi rayonun landşaftı yüksək aridliyə malik kontinental iqlim şəraitində formalaşdığından onun aridliyi 2900-3000 m mütləq yüksəkliyə kimi əks olunur. Alçaqdağlıqda mənşə etibarilə İran bitki formasiyasına aid olan çoxillik dağ kserofit (friqanoid) kollu, yovşanlı quru - çöl və yarımsəhra kompleksi, ortadağlıqda seyrək meşə talaları (1700-1800 m) və quru çöllər (1500-2500 m) inkişaf etmişdir. Mütləq yüksəkliyi 2500 m-lə 3900 m arasında dəyişən sahələrdə qayalıqlar və çölləşməyə məruz qalan subalp, alp çəmənlikləri yayılmışdır.

Fiziki - coğrafi rayonun ərazisində filiz (molibden, sink, mis və s.) və qeyri- filiz (daş duz, kükürd) faydalı qazıntı yataqları və mineral sular geniş yayılmışdır.

Rayonun ərazisində kənd təsərrüfatı bitkilərinin becərilməsində suvarmaya böyük ehtiyac var. Onun alçaq və orta dağlıq hissəsində üzümçülük, tütünçülük, meyvəçilik və heyvandarlıq inkişaf etmişdir.

Yüksək dağ çəmənliklərindən yay otlaqları kimi geniş istifadə edilir. Lakin ərazidə əkinçiliyəheyvandarlıq üçün yaramayan qayalı və bedlendli yamaclar geniş sahə (404500ha) tutur.[1]

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasi Konstruktiv Coğrafiyası. Bakı - Elm—1996, I cild