Ney — ağacdan, qamışdan ya da bürüncdən qayırılan üfləmə musiqi aləti.
Ney | |
---|---|
Hornbostel–Zaks təsnifatı | 421.111.1 |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim çalğı alətlərindən hesab olunur. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. Müxtəlif növləri Yaxın və Uzaq Şərq xalqları arasında, eləcə də dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Azərbaycanda neyin bir neçə növü mövcud olmuşdur.
Neyin naləsini Füzuli belə təsvir edir:
Nalədəndir ney kimi avazeyi eşqim bülənd Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndübənd. |
XIV-XV əsrlərdə yaşayıb-yaratmış görkəmli musiqişünas alim Əbdülqadir Marağai "Məqasid əl-əlhan" (Nəğmələrin məqsədi) əsərində həmin dövrlərdə neyin iki növünün: ağ və qara neyin mövcudluğu barədə məlumat verir. XX əsrin əvvəllərinə kimi musiqi dünyasını möcüzəli səsi ilə ilhama gətirən ney bir zamanlar tamamilə unudulsa da, son illərdə yenidən musiqi məclislərinin bəzəyinə çevrilmişdir.
Misirdə, İranda, Türkiyədə uzunluğuyla fərqlənən bir neçə cür ney var. Örnəyin, Türkiyədə çalınan muğamlardan asılı olaraq 12 cür neydən istifadə olunur: bolaheng nisfiye, bolaheng-süpürde mabeyni, süpürde, müstahsen, yıldız, kız, kız-mansur mabeyni, mansur, mansur-şah mabeyni, şah, davud, davud-bolaheng mabejni, bolaheng [3].
Ağ ney qarğıdan hazırlanır. Onun uzunluğu 550–600 mm, diametri 20 mm-dir. Ucunda heç bir müştük ya dilçək olmur. Üst hissəsində beş, alt hissəsində isə bir oyuq olur. Ağ neyi çalarkən ifaçı alətin baş hissəsinə keçirilmiş nazik mis borunu qabaq dişlərinin arasında yerləşdirərək ora hava üfləyir, dil və dodaqlar vasitəsilə səslərin alınmasına nail olur.
İfaçı oyuqları qismən və bütöv açıb-bağlamaqla xromatik səs sıralarını ala bilir. Müasir neylər baş hissədən, təxminən, 50 mm aşağıdakı oyuqdan dodaq vasitəsilə üflənərək ifa edilir. Bu növün ən müasiri fleyta adı ilə orkestrlərin tərkibində istifadə olunur.
Hazırda bir çox Şərq xalqları arasında fleytanı öz tarixi adı ilə adlandırırlar. Neydə muğam, mahnı və başqa musiqi nümunələrini səsləndirmək mümkündür.
Neyin diapazonu birinci oktavanın "do" səsindən ikinci oktavanın "sol " səsinə kimidir.[6]